525.Az

Gözəlliyin, mədəniyyətin, keçmişin ünvanı Xaçmaz... - Şahanə Müşfiq yazır


 

Gözəlliyin, mədəniyyətin, keçmişin ünvanı Xaçmaz... - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

Yay gəldimi, hər kəs bütün ilin yorğunluğunu, stressini üstündən atmaq və yeni mövsümə yeni enerjiylə başlamaq üçün istirahət planları qurur. Kimi bağ evinə, kimi ölkəmizin səfalı rayonlarına, kimi də xarici ölkələrə üz tutur.

Yayda ölkə daxilindəki istirahət zonalarında dincəlmək istəyənlərin ilk ağlına gələn yerlərdən biri, şübhəsiz, Nabran istirahət mərkəzidir. Kimi Xəzərin sahilində narın, qızılı dəniz qumunda özünü günə verməyə gedir, kimi meşəlikdə bol oksigen, təmiz hava qəbul etmək niyyətindədir, kimini də maraqlı və dinamik gecə həyatı cəlb edir. Əsas odur ki, Nabran hər cür niyyətdə və gözləntidə olan turistlərin komfortu üçün seçilmiş əla məkanlardan biri olaraq qalmaqdadır.

Lakin bu yazımda təkcə Nabrandan deyil, onun aid olduğu Xaçmaz rayonundan söz açacağam. Ölkəmizin bənzərsiz və safalı guşələrindən biri olan Xaçmaz özünün əsrarəngiz təbiəti, qədim tarixi, zəngin mədəniyyəti, zəhmətkeş və saf insanları ilə fərqlənir. Təsadüfi deyil ki, hər il buraya minlərlə turist axını olur ki, bu da Xaçmazı ölkəmizin vacib turizm mərkəzlərindən birinə çevirir. Abşerondan sonra böyüklüyünə və şəraitinə görə ikinci kurort zonası məhz Xaçmaz rayonu ərazisində yerləşir. Bu zona Xəzərin sahili boyu Muxtadır qəsəbəsindən Nabranadək uzanır.

"Xaçmaz" adının alındığı güman edilən Hun tayfaları birliyinə daxil olan xaçmataklar (xristianlığı qəbul etmiş maskutlar) qəbiləsindən, XII əsrdə Niyazabad adlandırılmasından, XV əsrə aid Şah Abbas məscidi və islam memarlığının digər abidələrindən, XVIII əsrin əvvəlində Quba xanlığının paytaxtı olan qədim şəhər-qala - Xudatdan, Rusiya imperiyasının ən uzun su kəməri olan məşhur Şollar su kəməri və onun mənbəyini aldığı Xudat yaxınlığındakı Şollar kəndindən, buradakı ölkənin bütün şimal regionunu enerji ilə təmin edən elektrostansiya və məşhur "Şahdağ" turizm mərkəzindən uzun-uzadı danışmadan, rayonun mərkəzində yerləşən və heç bir yerdə rast gəlmədiyim göz oxşayan parklardan, memarlıq nümunələrindən danışmaq istəyirəm.

Fikrimcə, Xaçmaz saydığım və saymadığım bu qədər özəlliklərə sahib olmasaydı da, təkcə parkları onu fərqli və özəl etməyə kifayət olardı. 

Nəhəng heykəltaraşlıq kompozisiyaları, cəlbedici fəvvarələri, ekzotik bitkiləri olan parklar prospektin ortasıyla şütüyən avtomobillərdən ətrafı seyr edən hər kəsin diqqətini cəlb edib, dərin maraq oyadır. Bu parkların yanından keçib, onlara biganə qalmaq, heykəltaraşlıq nümunələrini heyrətsiz izləmək mümkünsüzdür.

Uzunluğu 2 kilometr olan Heydər Əliyev seyrəngahı adamı təkcə ölçüsünə deyil, həm də bir prospektin hər iki tərəfində yerləşməsi ilə təəccübləndirir. Avtomobillərin həddən artıq intensiv hərəkəti nəzərə alınaraq, adamların sərbəst və təhlükəsiz hərəkətini təmin etmək üçün 24 metr uzunluğunda iki yerüstü piyada körpüsü tikilib. Parkın ən böyük özəlliyi odur ki, burada rekord sayda fəvvarə var. 5 hektarlıq ərazidə nə az, nə çox, düz 128 fəvvarə var ki, bunların da heç biri digərinə bənzəmir. Hərəsi ayrı rəngdə, ayrı ölçüdə, ayrı dizaynda...

Fəvvarələrdən biri hündürlüyü 12 metr olan nəhəng samovar şəklindədir, samovarın yanında içinə su axan fincan var. Digər fəvvarə havadan asılı qalmış çaydan formasındadır. Əlbəttə, bu da təsadüfi deyil. Çünki Xaçmaz camaatı iddia edir ki, samovar məhz bu rayonun ərazisində icad edilib. Tarixə nəzər salsaq, haqsız da deyillər. Belə ki, burada 1982-ci ildə Janaxır kəndindəki kurqanların birində e.ə. III-II əsrlərə aid Azərbaycan ərazisində ilk samovar aşkar edilib. Nə bilmək olar. Bəlkə elə elə həqiqətən də dadı damağımızdan getməyən, çayların şahı hesab olunan, xüsusi mərasimlə hazırlanan samovar çayını məhz xaçmazlılar kəşf ediblər?!

Həmçinin, sözügedən qazıntıda tapılan neft lampası da bu Seyrangahda abidə olaraq əbədiləşdirilib.

Əgər bu prospekti piyada gəzmək eşqinə düşsəniz, buradakı möhtəşəm Heydər Əliyev və İlham Əliyev bulaqlarını da görəcəksiniz.

Həmçinin, Babək, Koroğlu və Şah İsmayıl kimi tarixi qəhrəmanlarımızın əli qılınclı heykəlləri rayonun simvolikasına çevrilib. Çünki Xaçmaz ölkəmizin şimal sərhədindəki qalasıdır. Sanki bu tarixi qəhrəmanlarımız əllərində qılınc sərhədlərimizin keşiyini çəkirlər.

Eləcə də, park boyunca qarşınıza çıxacaq dəvə karvanlarının daşlaşmış görüntüləri, milli geyimlərdəki qadın, kişi heykəlləri sizi müasir zamanda keçmişə səyahətə aparacaq. Siz içində olduğunuz avtomobili, əlinizdə tutduğunuz və hər fürsətdə şəkillər çəkdiyiniz telefonu belə unudub, özünüzü orta əsrlərdə hiss edəcəksiniz.

Gözəl təbiətin seyrinə dalmaq, zamanda səyahətə çıxmaq, dənizin, qumun ləzzətini duymaq, ən əsası isə, şəhərin səs-küyündən, süniliyindən qurtulub, bir azca təmiz havayla nəfəs almaq istəyənlər mütləq yolunu Xaçmazdan salsınlar. Gözəlliklər görmək üçündür!

 





17.08.2022    çap et  çap et