525.Az

Azərbaycanın ilk hərbi naziri: Xosrov bəy Sultanov


 

Azərbaycanın ilk hərbi naziri: Xosrov bəy Sultanov<b style="color:red"></b>

Lətafət BEYBUTOVA Quba şəhər "Soyqırımı Memorial Kompleksi" Elmi araşdırmalar, ekspozisiya və fond şöbəsinin müdiri

 

(Əvvəli ötən sayımızda)

 

Xosrov bəy Sultanovun 1919-cu ilin fevralın 15, 16 və 17-də qəza rəisləri və ictimai xadimlərinin iştirakı ilə keçirdiyi ümumbölgə müşavirəsində məlum olurdu  ki, indiyədək Zəngəzurda 166 kənd dağıdılmış, onların əhalisinin 30 faizi məhv edilmişdi. Qarabağda və Zəngəzurda erməni-daşnak quldur qüvvələri əmin-amanlığın pozulması istiqamətində ciddi-cəhdlə öz fəaliyyətlərini davam  etdirməsinə baxmayaraq, Azərbaycan hökumətinin və Xosrov bəy Sultanovun rəhbərliyi ilə Qarabağ Qubernatorluğunun həyata keçirdiyi əks tədbirlər nəticəsində erməni-daşnak quldur qüvvələrinin  təcavüzkar fəaliyyətlərinin qarşısını almaq mümkün oldu. Lakin 1919-cu il martın 21-də quldur erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini ələ keçirə bildilər. Amma Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri  daşnak generalı Dronun quldur dəstələrini darmadağın edərək Xankəndi və Şuşanı geri aldı.

Xosrov bəy Sultanovun başçılığı ilə keçirilən digər əməliyyatda isə (1919-cu ilin iyununda) Şuşaya gizli yolla silah aparan  erməni milli şurasının üzvləri həbs edilərək  Qarabağ ərazisindən çıxarılmışdı. X.Sultanov Qarabağda daşnak Andronik başda olmaqla, erməni quldur dəstələrilə amansız mübarizəyə başladı, təhlükəli yerlərdə milli ordunun əsgərlərindən ibarət mühafızə dəstəsi yaratdı, erməni milli şurası  üzvlərinin Azərbaycandan çıxarılmasına nail oldu. Azərbaycan hökumətinin hərbi və diplomatik tədbirləri nəticəsində martın axırlarında - apreldə ermənilərin Qarabağdakı düşmənçilik fəaliyyətinin  qarşısı alındı.

Həmin mübarizənin nəticələrindən biri idi ki, 1919-cu il iyunun 5-də erməni milli şurasının qatı irticaçı üzvləri ingilis komandanlığı nümayəndəsinin müşayiəti ilə Şuşadan Tiflisə sürgün edildi. Azərbaycan batalyonu iyunun 6-da Şuşanın ermənilər yaşayan hissəsindəki kazarmalarda yerləşdirildi. Həyata keçirilmiş tədbirlər nəticəsində avqustun 15-də ermənilər Azərbaycan Hökuməti ilə saziş imzaladılar və onlar ermənilər yaşayan ərazilərin Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etdilər. 2 sentyabr 1919-cu il tarixli "Azerbaydjan" qəzetində dərc olunmuş  məlumatda qeyd edilirdi ki, Şuşikənddə 8 gün davam etmiş 7-ci erməni qurultayının nümayəndələri Qarabağın general  qubernatoru Xosrov bəy Sultanovun yanına gələrək Qarabağın dağlıq hissəsinin Azərbaycan hakimiyyətini tanıması haqqında indiyədək həll olunmamış  məsələni sülh yolu ilə həll etmək istədiklərini bildirdilər. Xosrov bəy  Sultanovun yanına qurultay nümayəndələri ilə birgə erməni ruhaniləri də gəlmişdilər. Danışıqlar iki gün davam etmiş və nəhayət, danışıqların mətninin aşağıdakı layihəsi əldə  edilmişdir: mövcud toqquşma cərəyanlarının  Qarabağda məskunlaşmış xalqlar üçün fəlakətli olduğunu, Qarabağ məsələsinin istənilən həllində ermənilər və müsəlmanların birgə yaşamalı olacaqlarını  nəzərə alaraq Qarabağ ermənilərinin VII  qurultayının 15 avqust 1919-cu il  tarixli səhər iclasında Azərbaycan Respublikası hökuməti ilə müvəqqəti razılığın əldə olunması haqqında qərar qəbul edildi. İyirmi altı bənddən ibarət həmin müqavilədə o cümlədən qeyd edilirdi: "Qarabağın, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarının dağlıq  hissəsində məskunlaşmış ermənilər özlərinin Azərbaycan Respublikası ərazisində olduqlarını qəbul edir. Qarabağ qubernatorluğu nəzdində 6 nəfərdən: üç erməni və üç müsəlmandan ibarət şura təsis edilir.

Millətlərarası xüsusiyyətlərə malik bütün  prinsipial məsələlər əvvəlcə şurada müzakirə edilmədən həyata keçirilə bilməz. Qarabağ erməniləri mədəni muxtariyyat hüququndan istifadə edir, Azərbaycan Respublikası hökuməti erməni milli şurasının fəaliyyətinə müvəkkil edilmiş  ermənilər vasitəsilə nəzarət edir. Azərbaycan Respublikası hökuməti dağıdılmış müsəlman və erməni kəndlərinin tezliklə bərpa edilməsi işinə yardım göstərir" və s. Beləliklə, 1919-cu ilin yayında Azərbaycan Respublikasının  Qarabağda suveren hüquqları bərpa edildi. Parisdə olan nümayəndələrə göndərilən məlumatda qeyd edilirdi: "Qarabağ məsələsi  adlandırılan məsələ qəti şəkildə həll edildi. VII erməni qurultayında Qarabağ ermənilərinin nümayəndələri Azərbaycan hökumətinin hakimiyyətini tanımaq barədə general-qubernator Xosrov bəy Sultanovla saziş bağladılar". Azərbaycan Respublikası hökuməti Qarabağda normal həyatın bərpa  olunması istiqamətində mühüm tədbirlər  həyata keçirdi. Öz həyatını xalqa xidmətə  sərf etmiş ictimai xadim kimi mən milli  mənsubiyyətindən asılı olmayaraq hamıya eyni münasibət göstərməyi, ciddi ədalət və  qanunçuluq mövqeyində dayanmağı  hakimiyyətin borcu sayıram. Azərbaycanın müstəqilliyi, ərazi toxunulmazlığı, şəxsiyyətin ciddi məsuliyyəti və əmlak toxunulmazlığı - diyarın həyatı bu əsaslar üzərində qurulacaqdır".

Qarabağda hadisələrin bu yöndə inkişafında Azərbaycan Xalq Cümhuriyyətinə qarşı təcavüzkarlıq planlarını həyata keçirməyə hazırlaşan Sovetlərin və bolşeviklərin ölkə daxilində apardığı pozuculuq-təxribatçılıq  işləri də mühüm rol oynadı. Aprel işğalı (1920) və Azərbaycan Xalq  Cümhuriyyətinin süqutundansonra  Qarabağ general-qubernatorluğunun fəaliyyətinə də son qoyuldu. Həmin ilin sentyabrında  Azərbaycan hökuməti burada yaşayan ermənilərə mədəni muxtariyyət verdi.  Xosrov bəy Sultanov Aprel  işğalından  sonra mühacirətdə yaşamış, "İttihad" partiyasının liderlərindən biri kimi partiyanın xarici ölkələr bürosunu formalaşdırmağa və ittihadçıları bir təşkilat  ətrafında cəmləşdirməyə çalışmışdır.

Xosrov bəy Sultanov 1920-ci ilin 27 aprelində Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra Türkiyəyə  getmiş,  çətin mühacirət həyatı yaşamışdır. O, Azərbaycanın azadlığı mübarizəsini  Türkiyədən başqa, İranda, Fransada,  Almaniyada davam etdirmişdir. O, 1926-cı ildə Parisdən İrana gedərək, burada  İttihadın Tehran və Təbriz  komitələrini yaratmışdı. 1936-cı ildə Türkiyəyə qayıtmış və Trabzonda, İstanbulda yaşamışdır. 1943-cü ildə, yanvar ayının 7-də dünyasını dəyişmişdir. Məzarı İstanbulun "Fəriköy" qəbiristanlığındadır. Milli-mənəvi dəyərlərimizin qoruyucusu olan Milli  Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda Xosrov bəy Sultanovun  foto-şəkli qorunur. Qrup halında olan şəkildə AXC qurucularının da şəkli əks olunub. Bundan başqa, fondda AXC parlamenti bitərəflər fraksiyasının bəyanatı  mühafizə olunur, hansı ki bu sənəddə Xosrov bəy Sultanovun da imzası var.

 





17.08.2022    çap et  çap et