525.Az

“Ədibin evi”ndə oxucularla görüşümüzü təqdirəlayiq hesab edirəm” - Aqşin Yenisey


 

AQŞİN YENİSEY: “OXUCULARI İSTİQAMƏTLƏNDİRMƏK ÜÇÜN MEYDAN İNTELLEKTUALLARA VERİLMƏLİDİR”

“Ədibin evi”ndə oxucularla görüşümüzü təqdirəlayiq hesab edirəm” -<b style="color:red"> Aqşin Yenisey</b>

Bu sözü tez-tez eşidirik: “Dəstək”. Daha çox sənayeləşmiş mövzularda qarşımıza çıxan “dəstək olmaq” ifadəsi, əslində, həyatımızda mühüm rol oynayır. Hər bir insanın digərinə dəstək olmağa mənəvi borcu olduğu kimi, dəstək görməyə də haqqı var. Texnologiyanın inkişaf etdiyi və lazımlı-lazımsız bir çox məsələlərin gündəm olduğu dövrdə ədəbiyyata dəstək fondu ilə qarşılaşmaq insana ümid verir. “Ədibin evi” ədəbiyyata dəstək fondu qısa zamanda öz işinə başlayıb və sosial şəbəkələrdə müxtəli layihələrlə qarşımıza çıxır. Gənc qələm adamı kimi buna ürəkdən sevinirəm. 

İçərişəhərdə yerləşən “Ədibin evi”ndə “TEAS Press Nəşriyyat evi” ilə əməkdaşlıq çərçivəsində yazıçı, şair və publisist Aqşin Yeniseyin gənc oxucularla görüşü keçirilib. Çağdaş ədəbiyyatımızın tanınmış siması ilə görüş oxucular tərəfindən maraqla qarşılanıb. Sözügedən görüş barədə Aqşin bəylə həmsöhbət olduq.

***

- Aqşin bəy, bu yaxınlarda "Ədibin evi"ndə oxucularla görüşmüsünüz. Maraqlıdır, məkan necə təsir bağışladı, "Ədibin evi"ndəki ab-hava necə idi?

- İlk dəfə idi ki, “Ədibin evi”ndə olurdum. Görüş başlamazdan öncə “Ədibin evi”nin rəhbəri Şəfəq xanımın bələdçiliyi ilə ömrünün iki ilini bu evdə kirayədə yaşamış mərhum yazıçı Mir Cəlalın heç vaxt görmədiyim foto və əlyazmaları ilə tanış oldum. Daha sonra Şəfəq xanım “Ədibin evi”nin fəaliyyəti haqqında söhbət açdı, yeni layihələrdən danışdı. Məkan kiçik olsa da, fikirlər, ideyalar böyük idi. Yaradıcı, intellektual söhbətlərin təşkil olunduğu beləməkanlarla Türkiyədə yaşayarkən tez-tez tanış olurdum. Sevindiricidir ki, artıq Azərbaycanda da yaradıcı adamların görüşə, danışa, oxucuların istəyi və sualları ilə tanış ola biləcəyi belə yerlər var.  

- Görüşdə toxunduğunuz mövzular oxuculara da maraqlıdır. Azərbaycanlı oxucu nə oxumalıdır və bu istiqaməti kim verməlidir?

- Bəli, mövzu belə idi: Nə oxumalı, şeir, roman, yoxsa elmi-kütləvi ədəbiyyat? Mən əvvəlcə şeirin tarixinin, az qala, yazının tarixi ilə başladığını “Gilqamış dastanı”nın nümunəsində iştirakçıların diqqətinə çatdırdım. Daha sonra Avropada XV-XVI əsrlərdən başlayaraq feodalizm sisteminin dağılmağa başlaması, yeni sosial münasibətlərin yaranması ilə şeirin ədəbi-ictimai mövqeyinin zəifləməsindən və ilk romanların ortaya çıxmasından söz açdım. Bildiyimiz kimi, Fransua Rablenin “Qarqantua və Pantqruel” və Migel Servantesin “Lamançlı Don Kixot və nökəri Sanço Panso” romanları ilə özünə cığır açan roman janrı beş yüz illik tarixi boyunca dünyanın bütün qitələrinə yayıldı. Amma bununla şeirə diqqətin azaldığını söyləmək olmaz, son illər şairlərin (məsələn, Bob Dilan) Nobel mükafatına layiq görüldüyü də bunu deməyə əsas verir. Ümumiyyətlə, bu gün dünyada təkcə şeirin deyil, bütünlüklə sənətin sona çatdığını iddia edən müəlliflərin və kitabların sayı yetərincədir ki, bu iddialar da yeni deyil. Hələ eramızın I əsrində Roma sərkərdəsi və tarixçisi Plini yunan heykəltaraşı Lisippin ölümü ilə sənətin başa çatdığını söyləyirdi. Eyni sözləri XVI əsrdə italyan yazıçı Corc Vasari Mikelancelonun ölümündən sonra dilə gətirmişdi. Romantizmin meydana gəlməsi ilə sənətin fəlsəfəyə meyilləndiyini və tükəndiyini deyən Hegel də eyni fikirdə idi. Adorno, Hauzer kimi intellektuallar da avanqardın ortaya çıxmasını “sənətin ölümü” kimi dəyərləndirirdilər. Lakin bu iddiaların heç biri özünü doğrultmadı. Sənətin bu saysız-hesabsız “ölümləri” onun, sadəcə, özünə xas təkamül prosesindəki mərhələlərinin sonu və başlanğıcı idi.

Amma bu gün romanın şeiri sıxışdırdığı kimi, elmi-kütləvi ədəbiyyatın da romanı sıxışdırdığını müşahidə edirik. Bu gün,xüsusilə, inkişaf etmiş dünyada ən çox satılan və oxunan kitabların elmi-kütləvi ədəbiyyata aid olduğu kimsəyə sirr deyil. Bu günün romanı fəlsəfi fikirlərlə yanaşı, elmi məlumatlarla da özünü zənginləşdirməyə can atır. Qonşu Türkiyədə artıq şeir kitablarının çapından imtina edən nəşriyyatların mövcudluğunun şəxsən şahidiyəm. Bu nəşriyyatlar daha çox elmi-kütləvi, fəlsəfi kitabların nəşrində maraqlıdırlar. Azərbaycanda da elmi-kütləvi ədəbiyyata marağın get-gedə artdığını müsbət qiymətləndirməliyik. Nə oxumalı seçiminə gəldikdə isə oxuculara istiqamət vermək üçün sözsüz ki, meydan intellektuallara verilməlidir. O şəxslərə ki, sənət, fəlsəfə, elm tarixindən xəbərdardırlar.  

- Belə görüşlərin sağlam oxu mühiti formalaşdıracağı barədə nə düşünürsüz? Məsələn, elə "Ədinin evi" layihəsi hansı baxımından qiymətlidir?

- Təkcə sağlam oxu mühiti deyil, sağlam cəmiyyət yaratmaq üçün də sənət əsərləri misilsiz əhəmiyyətə malikdir. Hətta rus alimi Lev Qumilyov “Xalqların passionarlığı” kitabında Quranın yaranmasını və dilini ərəb poeziyasının V əsrdəki intibahı ilə əlaqələndirirdi. Yaradıcılığın yunan tragediyasından gələn iki növü var; Apollonik və Dionisostik. Apollonik sənət daha çox ağılın gücü ilə yaradılan əsərləri əhatə edir. Tam əksinə, Dionisostik sənət ilhamın, hiss və emosiyaların gücü ilə yaradılır. Bu mənada Şərq və Qərbin sənətə baxışı da haçalanır. Qərb daha çox Apollonik, Şərq isə Diosinostik sənət əsərlərinə üstünlük verir ki, bunun da kökündə Qərbin və Şərqin keçdiyi tarixi proseslər rol oynayır. Qərbdə kapitalizmin diktəsi ilə cəmiyyət həyatının ailə institutunu üstələməsi, əksinə, Şərqdə ailə institutunun cəmiyyət həyatından üstün tutulması bu xalqların sənətə, ədəbiyyata münasibətinə də təsir göstərir. Roman çoxşaxəli münasibətlər üzərində qurulduğu üçün daha çox cəmiyyət-fərd arasında baş verən hadisələrə, konfliktlərə fokuslanır. Çağdaş şeirin isə belə bir iddiası yoxdur. Çağdaş şeir zaman-məkan ölçülərinə, şərtlərinə tabe deyil. Şərqdə, xüsusilə, müsəlman Şərqində sosial münasibətlər öz ənənəviliyini və mühafizəkarlığını qoruduğu üçün şeirinmeydanı, romana, elmi-kütləvi əsərlərə nisbətən daha genişdir. Biz cəmiyyət həyatını sağlamlaşdırmaqdan ötrü mütləq inkişaf etmiş cəmiyyətlərin yolunu getməliyik. Diosinostik sənətlə yanaşı, Apollonik sənət əsərlərinə, elmi-kütləvi ədəbiyyata marağı artırmalıyıq. Bu mənada “Ədibin evi”ndə oxucularla görüşümüzü təqdirəlayiq hesab edirəm. Bu cür görüşlər tez-tez və müxtəlif yaradıcı şəxslərlə keçirilməlidir ki, cəmiyyətimiz meyxanaçılıqdan uzaqlaşıb romana, elmi-kütləvi ədəbiyyata üz tutsun. 

- Görüşdə gənc oxucularla qarşılıqlı ünsiyyətdə olmusunuz. Nə müşahidə etdiniz? Hazırlıqlı oxucular sayca üstün idilərmi? Ümumiyyətlə, sualların istiqaməti sizi qane etdimi?

- Kitablarımı və yazılarımı oxuyanların ortaq bir fikri var ki, bu kitablar, yazılar hazırlıqlı oxucular üçündür. “Ədibin evi”ndəki görüşümüzdə də bunun şahidi oldum. Suallardan hiss etdim ki, görüşə gələnlər sənət, ədəbiyyat haqqında heç də məndən az məlumatlı deyillər. Əksinə, bəzən çıxışım zamanı yaddaşımın səliqəsizliyi ucbatından yol verdiyim səhvlərimi düzəldən oxucular da oldu. Və mən bir daha modernistlərin dediyi “sənət sənət üçündür”, yaxud marksistlərin iddia etdiyi “sənət xalq üçündür” tezisləri ətrafında düşünməli oldum. Məncə, sənət özündə intellektual, estetik həzzə ehtiyac hiss edən mənəvi cəhətdən elit bir kəsim üçündür. Sevinirəm ki, mənim oxucularım bu kəsimin nümayəndələrindən ibarətdir.  

- "Ədibin evi"ndən hansı təəssüratlarla ayrıldınız?

-  Özümü sıradan insanların şəxsi və müvəqqəti ehtiyaclarından məhrum edib bütünlüklə yazıya həsr etdiyim üçün qürur duydum. Zəhmətimin hədər getmədiyinə bir daha şahid oldum. Məhrumiyyətlər içində keçən bu illər ərzində mənim yalnız bir qazancım olub - İnsan və insanlar! Bu görüş mənə heç vaxt tükənməyəcək öz sərvətimin bir hissəsi ilə tanış olmağa imkan yaratdı. Buna görə “Ədibin evi”nin kollektivinə təşəkkür edirəm. 

Nadir YALÇIN

 





17.08.2022    çap et  çap et