525.Az

Laçın ərazisində yeni Zəngəzur rayonu


 

Laçın ərazisində  yeni Zəngəzur rayonu<b style="color:red"></b>

Elbrus TƏHMƏZOV Laçın rayonundan sabiq millət vəkili 

 

Ermənilərin Qarabağdan Ermənistanla əlaqə saxlamaları ilə bağlı Laçın şəhərindən keçən yolun kənara çıxarılması barədə hələ 2005-ci ilin mart ayında cənab Prezident məni qəbul edərkən təkbətək söhbətimiz olmuş, Laçın rayonunun strateji əhəmiyyəti haqqında geniş fikir mübadiləsi aparılmış, bundan əvvəlki erməni-müsəlman münaqişələri zamanı da ermənilərin Laçın ərazilərindən istifadə etmələri məsələsi ətraflı təhlil olunmuş, gələcəkdə bu ərazilərin güclü nəzarətə götürülməsinin vacibliyi vurğulanmışdı. Söhbət zamanı Ermənistanla Qarabağ ermənilərinin əlaqə saxlamaları ilə bağlı magistral yol barədə üç təklif irəli sürmüşdüm. Onlardan ən əlverişli variant kimi Laçının Qayğı qəsəbəsindən keçən yolun çəkilməsi - indiki çəkilən yolun marşrutu bəyənilmişdi.

Bundan sonra cənab Prezidentin tapşırığı ilə mən indiki yolun sxemini rayonun memarına xəritə üzərində çəkdirərək rəhbərliyə təqdim etmişdim. Həmin vaxtdan sonra yüksək səviyyəli müxtəlif görüşlərdə bizim çəkdiyimiz rəngli xəritənin də masa üzərində müzakirəyə çıxarılmasının dəfələrlə şahidi olmuşuq. İnanırıq ki, yaxın zamanlarda yeni çəkilən yola nəzarət də sadələşdiriləşəcək, yolda əvvəldən nəzərdə tutulduğu kimi, yalnız Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin Patrul xidmətinin fəaliyyət göstərməsi təmin ediləcək. Sözsüz ki, Sərhəd keçid və Gömrük xidmətləri də olmaq şərti ilə.

Əhalinin yüksək qiymətləndirdiyi bu tədbirlərlə yanaşı, Şərqi Zəngəzurda ilk Su elektrik stansiyalarından biri olan Güləbird SES-in bərpası və istifadəyə verilməsi, Qorcu kəndi ərazisində Laçın hava limanının tikintisinə başlanılması, Kəlbəcərdən Qorcu hava limanına, oradan da Minkəndə avtomobil yolunun çəkilməsi də hər birimizin ürəyincədir. İnanırıq ki, yaxın gələcəkdə bu strateji infrastruktur layihələri reallığa çevriləcək, Minkənddən Zabuxa, Qorcudan Laçına, oradan da Şuşayadək uzanan yol bölgə əhalisinin gediş-gəlişini asanlaşdıracaq.

Söz düşmüşkən, bu bölgənin infrastrukturu ilə bağlı bir təklifimi də bölüşmək istərdim. Şərqi Zəngəzur ərazisinə yaxından bələd olan, uzun illər bu ərazidə müxtəlif vəzifələrdə çalışmış təcrübəli şəxs kimi hesab edirəm ki, Şərqi Zəngəzurun təhlükəsizliyini, sosial-iqtisadi və ictimai-siyasi sabitliyini gücləndirmək məqsədilə 80 min nəfərədək əhalisi olan Laçın rayonunu iki hissəyə bölməklə ərazidə yeni Zəngəzur rayonunun yaradılması bölgənin mənafeyi baxımından ən məqsədəuyğun tədbirlərdən biri olardı. Fikrimcə, bununla həm ərazidə daha çevik dövlət idarəçiliyi sistemi formalaşar, həm yüksək dağlıq ərazilərdə yeni və əlavə iş yerləri açılar, həm də ərazinin mühafizəsi və digər bu kimi lazımi tədbirlərin görülməsi asanlaşardı.

Ümid edirəm ki, istər əlaqədar qurumlar, istərsə də rayon ərazisinə dərindən bələdçiliyi olan təcrübəli şəxslər də bu məsələ ilə bağlı öz fikir və təkliflərini bildirəcəklər.

 





18.08.2022    çap et  çap et