Ermənistanın paytaxtı İrəvandakı "Surmalu" ticarət mərkəzində bir neçə gün əvvəl baş vermiş partlayışa görə Baş nazir Nikol Paşinyan günahkar bilinir. Erməni mediasında, sosial şəbəkələrdəki paylaşımlarda Paşinyan hökumətinin vaxtında tədbirlər görmədiyi qeyd edilir.
Xatırladaq ki, Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, partlayışda həlak olanların sayı 16 nəfərə çatıb, daha 8 nəfər itkin düşmüş hesab olunur. Ölənlər arasında hamilə qadın və azyaşlı uşaq da aşkarlanıb. Topdansatış üzrə ixtisaslaşmış "Surmalu" ticarət mərkəzindəki partlayış və yanğın nəticəsində 61 nəfər xəsarət alıb. Bunun ardınca isə ölkədə ajiotaj yaranıb və müxtəlif dövlət qurumlarına, həmçinin, metrolara partlayıcı qurğuların qoyulması barədə zənglər daxil olub. Bu məlumatlar özünü doğrultmasa da, Ermənistan cəmiyyətində qorxu, panika hökm sürməkdədir.
Ölkənin fövqəladə hallar naziri Armen Pambuxçyan partlayışın terror aktı olmasını istisna edib: "Partlayış anının videosuna baxsaq, görərik ki, terror aktından söhbət gedə bilməz. Əvvəlcə yanğın, sonra isə partlayış olub".
Baş nazir Nikol Paşinyanın aviasiya məsələləri üzrə keçmiş müşaviri Akop Çaqaryan hesab edir ki, hazırkı hökumət rəhbəri 3 il əvvəl helikopterlərin alınması üçün 1 milyon dollar ayırsaydı, indi nə qədər insanın həyatını xilas etmək olardı və yanğın da daha tez söndürülə bilərdi. O deyib ki, tez bir zamanda nəticələri aradan qaldırmaq, daha çox zərərin qarşısını almaq dövlətin borcudur: "Mən hələ 2019-cu ilin iyun ayında, Nikol Paşinyanın müşaviri olan zaman fövqəladə hallarda aviasiyadan istifadənin vacibliyini və faydalılığını anlayaraq, Ermənistan üçün ən yaxşı helikopterləri və onların istehsalçıdan hər biri üçün cəmi 300 min dollara almaq imkanını axtarıb, tapdım. Müharibə boyu uçuş həyata keçirmiş helikopterlərin komandirləri, "Xanperyants" adına Hərbi Aviasiya Universitetinin pilotları və helikopterlərə xidmət göstərən mühəndis heyəti ilə məsləhətləşərkən bizi əmin etdilər ki, helikopterlər texniki göstəricilərinə görə Ermənistanın coğrafi şəraitində yanğınsöndürmə, sanitariya, qəza-xilasetmə, kənd təsərrüfatı və digər işlərin tələblərinə tam cavab verir. Helikopterlərin uçuş hündürlüyü - 4 min metrə qədər, havanın temperaturu isə +/- 40 dərəcə şəraitində idi. Bundan sonra mən o vaxtkı fövqəladə hallar naziri Feliks Çolakyanla görüşüb məsləhətləşdim, o da mənim təklifimin vacibliyini anlayaraq qeyd-şərtsiz yuxarıda belə helikopterlərə ehtiyac olduğunu etiraf etdi. Bundan sonra proqramı mən və Çolakyan Ermənistanın Baş naziri Nikol Paşinyana təqdim etdik. Nəticədə heç bir cavab almadım".
Onun sözlərinə görə, Paşinyanın aviasiya üzrə "güclü mütəxəssisi" Çolakyana helikopterlərin köhnə və Ukrayna istehsalı olduğunu və alınmasının məqsədəuyğun olmadığını deyiblər.
"Çox güman ki, onun məsləhətçiləri gənc oliqarx, COVİD-19 üzrə komendant, qadın hüquqlarının yarım-ştat müdafiəçisi, eyni zamanda İrəvanda itlərin sterilizasiyası üzrə keçmiş baş mütəxəssis, aşağı büdcəli uçuşlar vasitəsilə Milanda qəhvə içmək üzrə çempion olan gənc xanım olub. Mİ-2 tipli helikopterlərin tam yenisi Ukrayna (istehsalçı ölkə) tərəfindən Mi-2AM-1 növü kimi sertifikatlaşdırılıb", - deyə Çaqaryan vurğulayıb.
O, partlayışlar, onların nəticələri, təşkilatçılar, Milli Təhlükəsizlik Xidmətinin fəaliyyətsizliyi, siyasi aspekti barədə danışmaq istəmədiyini deyib, bununla belə ölkənin peşəkar xilasetmə təşkilatının bilərəkdən iflasa uğradıldığını söyləyib: "Əgər 3 il əvvəl Ermənistanın hazırkı Baş naziri cəmi 1 milyon ABŞ dolları (3 helikopter üçün) ayırsaydı, neçə insanın həyatını xilas etmək olardı və yanğın da daha tez söndürülərdi. Hər bir helikopterin qiyməti Baş nazirin müavininin liftinin təmiri xərclərindən, dövlət aparatına verilən mükafatlardan az, müharibə zamanı tikilən avtoparkın qapısından və keçid məntəqəsinin qiymətinə bərabərdir. Mən Baş nazir Nikol Paşinyanı ağır nəticələrə səbəb olan cinayətkar hərəkətsizlikdə ittiham edirəm. Təklif etdiyim helikopterlər olmasın, daha sərfəli, daha bahalı, daha mükəmməl və müasir texnologiya olsun. Ancaq heç olmasa nəsə olardı. Sizin hökumətinizdə olan aviasiya müşaviri və Fövqəladə Hallar Nazirliyinin rəhbəri birlikdə müzakirə edib, hesablayıb, razılaşdırıb, sizə nə deyirlər. İrlandiya aviaşirkətinə bazarına girmək üçün 5 milyon avro bağışlayan bir ölkə öz dövlətinin təhlükəsizliyinə ən azı 1 ABŞ dolları xərcləmirsə, mən onu idarə edənin və qrupunu cinayətkar olduğunu təsdiqləyirəm".
Sabiq müşavir qeyd edib ki, ən yaxşı yanğınsöndürmə maşınlarının alınması fövqəladə hallarda əməliyyat sistemi ilə bağlı təkliflərinə də heç bir cavab verilməyib.
"Hraparak" qəzeti öz mənbələrinə istinadən yazır ki, "Surmalu"da baş verən faciəvi hadisə zamanı Paşinyan Göyçə (Sevan) gölündəki hökumət malikanəsində olub, ailəsi ilə birlikdə bayram qeyd edib: "Baş nazir yalnız bir gün sonra partlayış yerinə gedib. Yeri gəlmişkən, müharibədən iki il sonra Paşinyanın iş qrafikində heç bir dəyişiklik olmayıb. Bir qayda olaraq, şənbə və bazar günləri Sevana gedir, malikanədə vaxt keçirir, bayram və ya anım günlərində vətəndaşlarla görüşməmək üçün səhər tezdən ictimai yerlərə baş çəkir. "Surmalı" ticarət mərkəzinin ərazisinə sübh vaxtı, orada insanların az olduğu zaman gəlib. Baxmayaraq ki, bütün hallarda o, daim çoxsaylı mühafizəçilərin əhatəsindədir", - qəzet yazıb.