Atilla Cormanın tanınmış türkoloq, professor Ramiz Əskərin redaktorluğu ilə Bakıda, Azərbaycan dilində çap olunan "Bolqarıstandakı türk ədəbiyyatına bir baxış" (2013) adlı monoqrafiyasında yalnız Bolqarıstanda yaranan türkcə ədəbiyyatın təşəkkülü, inkişaf tarixi, eləcə də imperialist fövqəldövlətlərin riyakar siyasəti, 1945-ci ildən sonrakı dövrlərdə türk şeiri, nəsri tədqiq olunur. Son illərdə Atilla Corma məqsədyönlü fəaliyyətini genişləndirmiş, Balkan ölkələrində ədəbi-elmi fikrə, türk dili və ədəbiyyatına xüsusi bir maraqla araşdırmalarını davam etdirmiş, həm də adını əziz tutduğu ustadı Hayriye Süleymanoğlu Yeniseyin ona ünvanladığı tövsiyəni çin edərək, monoqrafiyanı ruscaya çevirmiş, nəşr etdirmişdir (Bakı, "Elm və təhsil", 2022).
Bu tədqiqat tarixi, mədəni, mənəvi, ədəbi köklərə əsaslanır. Azərbaycan ədəbiyyatşünaslığının bu sahədə xeyli uğurları olsa da, türk xalqlarının milli ədəbi-tarixi varlığının, coğrafiyasının mənzərəsini əks etdirilməsi və dəyərləndirilməsi baxımından əsər əvəzsizdir. Monoqrafiyada Balkanlarda ali qüvvələrin siyasətindən və ətraf türkdilli Avropa ölkələri ədəbiyyatından, mərkəz şəhər və əyalət mətbuatından, təhsil sistemindən, mətbəə və çap resurslarından, türk dili və ədəbiyyatının millətçilik dövrünə qədərki və həmin mərhələdəki durumundan, dil siyasətində bolqar dilinin saxta tarixindən, dil planlaşmasında əlifba dəyişikliklərindən, inkişaf dinamikasından bəhs olunur. Tədqiqatçı nəhəng bir etnocoğrafiyada - Balkanlarda çox mürəkkəb, lakin zəngin tarixi proseslər içərisində formalaşan türklərin dil, ədəbiyyat və mədəniyyətini milli mənsubiyyətlərinə, tarixi-genetik səciyyəsinə və ümumtürk ədəbi-bədii düşüncə kontekstinə müvafiq öyrənir. Kiçik Asiyadan başlamış Mərmərə dənizi, Bosfor, Dardanel boğazınadək böyük bir coğrafi ərazidə yaşayıb, tarixin erkən çağlarında hunlar, skiflər kimi iz qoyan Balkan türklərinin kimliyinə elmi-nəzəri baxımdan diqqət yönəldir.
Atilla Cormanın çox həssas tədqiqatından aydın olur ki, Balkan türklərinin tarixi, statistik göstəriciləri saxtalaşdırılsa da, onlar zülm, repressiyaya, təzyiqlərlə üzləşsələr də, heç zaman gen yaddaşlarını itirməmiş, milli-mənəvi irslərini, şifahi ədəbiyyatın daha arxaik qatlarını - folklor mədəniyyətlərini qorumuş, bu günə gətirib çıxarmış və yaşatmışlar. Təsadüfi deyildir ki, tədqiqatçı bugünkü mənşə və dil baxımından eyni kökdən olan Balkan türkləri ədəbiyyatının tarixi-genetik zəmin üstə, ideya-bədii keyfiyyətlərinin ümumtürk estetik mədəniyyəti ilə üzvi şəkildə inkişaf etdiyini vurğulayır.
Balkan türkləri soy, kök, mənşə, dil və ən nəhayət, mürəkkəb, acı, keşməkeşli tale baxımından bir-birilərinə oxşayırlar, Avropa ölkələrinə diyarbədiyar səpələnsələr də, türk dünyasının qəlbində yaşayırlar. Doğrudur, Sovetlər İttifaqı dağılandan sonra Balkan türklərinin siyasi vəziyyətləri dəyişmiş, hətta məkrli assimilyasiya siyasətindən qurtulub milli hüquqlarınu əldə etmişlər. Lakin bəziləri doğma yurdundan repressiya və assimilyasiyaya məruz qalmış, didərgin salınmış, strateji şovinist məqsədlərlə işgəncələrlə üzləşmiş, taleləri repressiya və qətllərlə üzləşmiş, hətta adları, soyadları, toponimləri belə dəyişdirilmişdir. Balkanlarda say baxımından türklərin varlığının tarixi mənzərəsi dəyişmiş, xeyli qismi Türkiyəyə köç etmiş, bəziləri zorla qovulmuşdur. Monoqrafiyada Balkan türklərinə zaman-zaman verilmiş bu mənəvi-fiziki zərbələr, sarsıntılar öz əksini tapır. Mehmet Behçetden verdiyi nümunə Balkan türklərinin marşını xatırladır:
Alnındaki nedir?.. Doğüş kanı mı?
Ko kan olsun; yüzkarası olmasın,
Hayat için yumrukların katı mı?
Sür git, gerilerde derdin kalmasın.
Ağır vəziyyət və şəraitdə olmalarına baxmayaraq, Balkan türkləri türklüyünü, mədəniyyətlərini, eləcə də ədəbiyyatlarını qoruyub saxlaya bilmişlər. Atilla Cormanın təqdimatından bəlli olur ki, Osmanlı dönəminin mədəniyyət coğrafiyasına nəzər salsaq, görəcəyik ki, türk dilli ədəbiyyatı tarixində ən nüfuzlu simaların böyük bir qismi məhz Balkanlarda yaşayıb-yaratmış, ədəbi zənginliyə malik olmuşlar və bunu o, tarixi qanunauyğunluğun nəticəsi hesab edir. Belə ki, Osmanlı, sonralar Türkiyənin mənəvi-siyasi nüfuzu Balkanlarda da öz gücünü, üstünlüyünü göstərmiş, nəticədə milli ideologiyasını, türk dilini, ədəbiyyatını yaşatmış, inkişaf etdirmiş, irəliyə doğru apara bilmişdir; xüsusilə, Osmanlı dövründə bu ərazi dildən başqa, həm də din faktorunun dəyəri sisteminə daxil idi. Yüz illər boyu Avropanın Balkanlar kimi etnocoğrafiyası türk varlığının nüfuzu və hakimiyyəti altında olmuş, onun etnik-mənəvi gücünə baş əymişdir. Atilla Corma Balkanlarda baş verən bütün bu deqradasiyaların, ümumtürk faciələrinin, siyasi müstəqilliklərinin, böyük türk coğrafiyasından, ana türklərlə mənəvi-mədəni əlaqələrin təcrid olunmasının kökündə XIX əsrdən etibarən osmanlıların bu ərazilərdə tarixi-siyasi nüfuzlarının itirməsi ilə əlaqələndirir. Və böyük fəxrlə bildirir ki, iki əsrdən artıq bir müddətdə Balkan türkləri ölüm-dirim mücadiləsindən boy göstərib, üzüağ çıxa və özünün milli mövcudluğunu qoruyub saxlaya bilmişdir.
P.S. Türkologiyanın vətəni yoxdur! Azərbaycandan çox uzaqda, Finlandiyada doğulan, özünəməxsus enerji, yaradıcılıq eşqi və məsuliyyətlə yazıb-yaradan Atilla Corma Balkanlarda - Şimali Makedoniyanın Gostivar şəhərindəki Uluslararası Vizyon Universitetinin dosentidir. Həm pedaqoji, həm elmi, həm də ictimai fəaliyyəti ilə türk dünyasında çox böyük nüfuz qazanmış ziyalılardandır. Hələ vaxtilə yazdığı diplom işindən başlamış sonsuz məhəbbətlə Azərbaycandualı Atilla Corma elə mənən azərbaycanlıdır.
Nadir MƏMMƏDLİ AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor
çap et