"Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin irsinin müasir elmin və beynəlxalq münasibətlərin tələbləri baxımından daha geniş və çoxşaxəli öyrənilməsi istər bu sahədə çalışan tədqiqatçılarımızın, istər də ictimaiyyətimizin qarşısında yeni tələblər qoyur".
Bu fikirlər Nizami Gəncəvinin irsinin dünyada daha geniş tanıdılması və təbliği ilə bağlı AMEA-nın Gəncə Bölməsində təşkil olunan görüşdə səsləndirilib.
Görüşdə Azərbaycan Respublikası Prezident Administrasiyasının nümayəndəsi Elmar Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, millət vəkili Pərvin Kərimzadə, şəhərdəki ali təhsil müəssisələrinin rəhbərləri, nizamişünas alimlər və ədəbiyyatçılar iştirak ediblər.
AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev qonaqları və görüşə qatılan alim və tədqiqatçıları salamlayaraq, dahi Nizaminin neçə-neçə əsrlərdir ki, Azərbaycan milli və mənəvi ruhunun simvolu kimi dərk edildiyini vurğulayıb. O, dahi şair və mütəfəkkirin doğma yurdu Gəncədə çalışan elm adamlarının daim Nizami irsinin öyrənilməsi və təbliğinə töhfələr verdiklərini qeyd edərək, AMEA Gəncə Bölməsində bu sahədə aparılan geniş tədqiqatlar və nəşr edilmiş kitablar haqda da danışıb.
Çıxışlarda qeyd olunub ki, Nizaminin bütün həyatı və zəngin yaradıcılıq fəaliyyəti Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzlərindən olan Gəncə ilə bağlıdır və Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliği geniş təbliği Azərbaycanın zəngin mədəniyyətinin dünya ictimaiyyətinə nümayiş etdirilməsi dahi şairin doğma şəhərində çalışan alimlərimizin də üzərinə böyük məsuliyyət qoyur.
Görüşdə Nizami Gəncəvi irsinin daha geniş araşdırılması, dünyada tanıdılması və təbliği ilə bağlı bir sıra təkliflər verilib. O cümlədən, AMEA Gəncə Bölməsinin verdiyi təkliflər sırasında dahi şairin şəcərə tarixinin araşdırılması, Nizaminin sələfləri və xələfləri olan fikir adamlarının, yəni Nizamidən əvvəl və sonra Gəncədə yaşamış şair və filosofların yaradıcılığının təbliği, Avropa, Şərq ölkələri və Amerikada Nizami yaradıcılığı nümunələrinin nəşri, Nizami fəlsəfəsinin bu günümüzdəki proseslərlə səsləşməsini əks etdirən tədqiqatların aparılması, müvafiq mövzular üzrə hər il beynəlxalq elmi konfransların keçirilməsi və dahi mütəfəkkirin irsinin beynəlxalq miqyasda tanıdılmasına aid digər məsələlər yer alıb.
İşgüzar görüş Gəncə Dövlər Universitetində də təşkil edilib. Burada yuxarıda haqqında bəhs olunan mövzularla yanaşı, Nizami Gəncəvi Məqbərəsi ətrafındakı meşə zolağının genişləndirilməsi, bu istiqamətdə görülə biləcək işlər və digər məsələlər ətrafında danışılıb, bu yöndə görüşdə iştirak edən torpaqşünaslar, ekoloq və digər müvafiq sahələr üzrə mütəxəssislərin təklif və fikirləri dinlənilib.
Nizami irsinin tədqiqi və təbliği ilə bağlı işgüzar görüşlər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə dahi şairin məqbərəsinin ərazisində iməçilik də keçirilib. Təmizlik aksiyasına şəhərin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin və Kəpəz Bələdiyyəsinin canlı qüvvə və texnikaları cəlb olunub.
Zakir MURADOV,
Gəncə
çap et