|
|
|
|
23 avqust Vətən müharibəsi şəhidi Qəzənfər Məmmədovun dünyaya gəldiyi gündür. Bununla əlaqədar Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu, istedadlı heykəltaraş, tişə ustası, bundan əvvəl Azərbaycanın Milli Qəhrəmanları Allahverdi Bağırov və Polad Həşimovun, şəhid Pəncəli Teymurov, Bəxtiyar Hüseynov, Həmid Cəfərli, Cəlil Cavadov, Ağacavad Mütəllimzadə və Bəxtiyar Hüseynovun büstlərini hazırlayan Elxan Zeynalov bu dəfə şəhid Qəzənfər Məmmədovun büstünü hazırlayıb. O, bu barədə öz Feysbuk hesabında paylaşım edib:
"Vətən müharibəsi şəhidi Qəzənfər Məmmədovun büstünü böyük şərəf və qürurla təqdim edirəm!
O, Gəncə şəhəri M.Müşfiq adına 14 nömrəli orta məktəbdə bizlə paralel sinifdə oxuyurdu. Uşaqlıqdan çox ağırtəbiətli idi. Abituriyent vaxtı tarix fənnindən eyni müəllim yanında qəbula hazırlaşırdıq. Məndə elə o vaxtdan Rəssamlıq Akademiyasına hazırlaşırdım. Bir dəfə məndən portretini çəkməyimi xahiş etdi, mən isə söz verdim, çox təssüf ki, yerinə yetirmədim. Bağışla məni, əziz qardaşım, portretini çəkə bilməsəm də, büstünü hazırlamağı özümə borc bildim. Allah cəmi şəhidlərimizə rəhmət eləsin!”
Qeyd edək ki, Qəzənfər Məmmədov 1996-cı il avqustun 23-də Gəncə şəhərinin Gülüstan qəsəbəsində anadan olub. 2003-2014-cü illərdə Gəncə şəhərində M. Müşfiq adına 14 nömrəli tam orta məktəbdə təhsil alıb. 2014-2019-cu illərdə Daxili Qoşunların Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının leytenantı olan Qəzənfər Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qəzənfər Məmmədov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.
Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!