525.Az

Alətlərin standartı: kortəbiilik, yoxsa akademik yanaşma?


 

Alətlərin standartı: kortəbiilik, yoxsa akademik yanaşma?<b style="color:red"></b>

Bu yaxınlarda oxuduğum bir məqalə məni uzun zamandı haqqında fikirləşdiyim məsələ barədə yenidən düşünməyə təhrik etdi: könüllər oxşayan milli alətlərimizin istiqbalı necə olacaq?

İstedadlılar diyarı olan Vətənimizdə bütün dövrlərdə görkəmli musiqiçilər yetişib. Xanəndə-müğənnilərlə yanaşı, onları müşayiət edən sazəndələrin də musiqimizin inkişaf tarixində müstəsna xidmətləri var. Bu barədə son onilliklərlə xüsusi tədqiqat və təbliğat işləri aparılıb.

Tar, kamança, ud və digər bizə doğma olan alətləri təkcə estetik zövqümüzə xidmət etdiyinə görə yox, həm də milli-mənəvi, tarixi dəyərlərimizin tərcümanı olduğu üçün sevirik, qorumağa, gələcək nəsillərə ötürməyə çalışırıq. Təsadüfi deyil ki, bədnam qonşularımızın iddiaları, milli alətlərimizi, xalq mahnılarımızı mənimsəmə cəhdləri xalq olaraq bizi daim hiddətləndirib və bunu gözardı etməmişik, əksinə, mütəxəssislərin mücadiləsinin şahidi olmuşuq.

Bəs milli alətlərimiz necə hazırlanır? Hazırlanma üsulları sistemləşdirilibmi? Çox təəssüf ki, bu suallara müsbət cavab vermək, hələ ki mümkün deyil. Çünki milli alətlərimizin ümumi hazırlanma standartları mövcud deyil. Hər ustanın öz iş prinsipləri mövcuddur. Ümumi prinsiplərin olmaması bəziləri üçün müzakirə obyekti kimi əhəmiyyətsiz görünsə də, əslində, ciddi problemlərə yol aça bilər.

Əvvəlcə qeyd edim ki, demək olar, bütün xarici alətlərin standartları mövcuddur, yəni dünyanın hər yerində bu təcrübə özünü doğruldur. Hətta qardaş Türkiyədə də musiqi alətlərinin standartları hazırlanıb. Biz isə bu baxımdan xeyli geriləmişik.

Milli alətlərimizin standartlarının olmaması, kortəbii hazırlıq prosesi ilkin, ana səslənmənin get-gedə itməsinə səbəb ola bilər. Həmin alətlərin spesifikliyi milli ruhun daşıyıcısı olmasıdır. Qorxulu bir sual meydana gəlir: 40 il, 50 il sonra ata-babamızdan miras qalan tarın, kamançanın səslənməsi necə olacaq? İndi eşitdiyimiz səsə həsrət qalmayacağıq ki? Ona görə də, alimlərin, sənətkarların diskussiyalarının nəticəsində milli alətlərin milliyini qoruyub saxlamaq üçün standartlarını müəyyənləşdirmək zəruridir. Milli Konservatoriyanın "Milli musiqi alətlərinin təkmilləşdirilməsi" üzrə elmi-tədqiqat şöbəsinin müdiri Məmmədəli Məmmədov verdiyi açıqlamaların birində qeyd edir ki, ustaların alətlərin hazırlıq prosesindəki spesifik yanaşması səslənməyə mütləq təsir edir.

Digər tərəfdən, alətlərin hazırlanmasında boşluq yaranma ehtimalı var. Ölkəmizdə peşəkar ustalar var. Dədədən-babadan öyrəndikləri sənətləri layiqincə davam edirlər. Onlar da öz övladlarını "şəyird" kimi yanlarında saxlayıb öyrədirlər. Hər ustanın öz iş prinsipi, üslubu, peşə sirri olur. Beləcə, nəsildən-nəsilə ötürülən sənətkarlığın sayəsində milli alətlərimiz ərsəyə gəlir. O ustaların zəhməti böyükdür, boyunlarında yük var, buna görə onlara minnətdarıq. Amma bu kortəbiilik, akademiklikdən uzaq yanaşma, ümumi standartların olmaması sənətin get-gedə sıradan çıxmasına gətirib çıxara bilər.

Məsələ ilə bağlı sənətşünaslıq elmləri doktoru, professor, Azərbaycan Milli Konservatoriyasının müəllimi Abbasqulu Nəcəfzadə ilə həmsöhbət oldum. Nəfəsli və simli alətlərin mahir ifaçısı olan sənətkar da standartların olmamasından narahatdır: "Milli alətlərimizin standartlarının hazırlanması zəruridir. Görürsən ki, bir usta bir cür hazırlayır, yaxşı alınır, digəri başqa cür hazırlayır, eyni səslənmə alınmır. Bu məsələ böyük problem olaraq qalır. Təbii ki, ümumi qaydalar müəyyənləşsə, yaxşı olar. Bilirsiz, bizdə mərkəz yoxdu. Məsələn, Orqanalogiya ilə bağlı kim nə istəyir yazır, nəzarət yoxdur, elmi diskussiyalar aparılmır. Kimsə kitab yazır, baxırsan ki, başdan ayağa səhvdir. Niyə? Çünki müzakirə olunmur, yaxud kiminsə səhvləri təkrarlanır. Bu sahə ilə bağlı bir mərkəz yaradılmalıdır, bu kimi məsələlərə ordan nəzarət olunmalıdır. Alətlərin adı, standartları, çap olunan kitabların sanbalı və s. məsələlər üçün bu lazımdır".

Onu nəzərə almaq lazımdır ki, bu sahə folklorun qolu deyil, ağır və dəqiq prosesdir. Standartların müəyyənləşdirilməsi nəticəsində bu sahə üzrə ixtisaslaşmış sənətkarların sayı artar və vahid sistem formalaşar. İşğaldan azad olunmuş ərazilərimizin yenidən bərpası zamanı musiqi alətlərinin hazırlanacağı fabriklərin də nəzərdə tutulması bu prosesin sayəsində mümkün olar.

Peşəkar musiqinin inkişafı naminə atılan addımlar qiymətlidir. Əsas odur, bunun öhdəsindən gəlməyə qadir mütəxəssislərimiz var.

 





23.08.2022    çap et  çap et