525.Az

"Bu peşədə heç vaxt uğursuzluğum olmayıb"


 

UŞAQ BƏRBƏRİ İLƏ SÖHBƏT

"Bu peşədə heç vaxt uğursuzluğum olmayıb"<b style="color:red"></b>

Hər peşə belədir. Gözəlliyi olduğu qədər də, çətinliyi olur. Uşaqlarla bağlı peşələr daha çox məsuliyyət tələb edir. Səbr və məsuliyyətin içində mütləq ki, sevgi də olmalıdır. Müsahibim uşaq bərbəri Mehman Dəmirov uşaqlarla işləməyin məsuliyyətindən və gözəlliyindən danışıb. Onun fikrincə, uşaqları nəinki sevmək, hətta onlarla dost olmaq da olur.

 

- Mehman bəy, neçə ildir bu peşə ilə məşğulsunuz?

- Artıq 14 ildir ki, uşaq bərbəri kimi fəaliyyət göstərirəm. Yalnız uşaqlarla işləmişəm. Qeyd edim ki, Azərbaycanda açılan birinci uşaq salonunda işə başlamışam. Demək olar ki, sırf uşaq bərbəri ilk mən olmuşam. Azərbaycanda məndən əvvəl də uşaq bərbəri olub. Ancaq o ustalar böyüklər üçün fəaliyyət göstərən salonların nəznində uşaqlar üçün bir bölmə açıblar.  Mənim tələbə kimi bu işi öyrəndiyim salon da təkcə uşaqlara aid deyildi. Amma mən bu işi yalnız uşaqlar üzərində öyrəndim. Öyrəndikcə bu işin ustası oldum.

Uşaqlara aid salon ilk dəfə 2009-cu ilin aprel ayında açılıb. Bu da "FANCY Kids" adlı salon idi.

- Bu çətin peşəni sevmədən onu uzun müddət davam etdirmək çətin məsələdir. Bu işdə hansı çətinliklərlə üzləşmisiniz?

- Sizinlə razıyam. Hər peşə belədir. Bir işi sevmirsənsə, orda uzun müddət davam edə bilmirsən. Mən uşaqları və bu peşəni sevdiyim üçün Allah bu işdə mənə çox uğur verdi. Sizə desəm ki, bu peşədə heç vaxt uğursuzluğum olmayıb, bəlkə də inanmazsınız. Ancaq bu, doğrudan da belədir. Bütün bunlarla yanaşı, əlbəttə, çətin günlərim də olub. Tələbə kimi çalışdığım salonda 3-cü iş günümdə məni stressə və çətinliyə salacaq hadisə baş verdi. Bu işi 29 günə öyrənmişdim. Artıq qərar verdim ki, işləyim. Heç kəs razı deyildi. Həmin salonda 15 ustanın yanında tələbə kimi öyrənirdim. Bunlardan 3-ü uşaq bərbəri, 1-i xanımlar üçün bərbər, digərləri isə kişilər üçün bərbər idi. Bu salonda mən çox şeyi öyrəndim. Bu günə kimi onların hər birinə minnətdar olmuşam. 

Bir gün salona bir uşaq gətirdilər. Bütün ustalar məşğul olduğu üçün uşağın saçın kəsməyə heç bir ustanın vaxtı yox idi. Valideynləri də bütün ustalardan xahiş edirdi ki, uşağa zaman ayırsınlar. Ustama dedim ki, uşağın saçın mən kəsmək istəyirəm. Ustam mənə inanıb, razılaşdı. Üstəlik, valideyn də narazı olmadı. Və beləcə uşağın saçını mən kəsdim. Valideyni də əl işimdən çox razı qaldı. Yadımdadır, mənə 7 manat pul verdi. Saç kəsimi 5 manat idi. Ancaq əl işimi bəyəndiyi üçün 2 manat da artıq ödəniş etdi. Bu, məni çox xoşbəxt etdi. Düşündüm ki, artıq bu işi bacarıram. Mənə küncdə bir yer vermişdilər. Çox sıx, balaca bir qapının girişində saçını kəsdirəcək müştəri gözləyirdim. Bu çətinliyə baxmayaraq, işləməyə həvəsli idim. Sonra salonda hamı danışırdı ki, müdirin bacısı oğlu var. O da bərbərdi. Əsgərlikdən gələndən sonra burda işləyəcək. Bu söhbətdən 2 gün sonra məni işdən çıxartdılar. Bu hadisə həvəslə işə başlayan bir saç ustası üçün çox pis hal idi. Əlbəttə, bir neçə gün buna görə üzüldüm. Ancaq bu  vəziyyət çox davam etmədi. İşdən çıxarıldığım salonda Cavanşir adlı usta var idi. Bir neçə gün sonra mənə zəng etdi. Söhbətimiz zamanı hələ də işsiz olduğumu bildi. Mənə dedi ki, Bakıda bir salon açılır. Ancaq uşaqlar üçün nəzərdə tutulub. Cavanşir ustanın işlədiyi salonda kişi və uşaq müştəriləri çox olduğu üçün özü ora getmədi. Yeni açılan salonda mənim  işləməyimi təklif etdi. Əlbəttə, "yox" demədim. Cavanşir usta məni yeni açılan salona apardı və müdirlə tanış etdi. Onu da deyim ki, bu salon Bakıda ilk bahalı salon idi. Beləliklə, burda çalışmağa başladım. Çox uğurlar əldə etdim. Bu salon 14 ay  fəaliyyət göstərdi və sonra bağlandı. Salon bağlansa da, mənim uğurlarım hələ də davam edir.

- Uşaqlarla işləmək daha çətindir. Kapriz edən uşaqlar çox olur?

- Ümumiyyətlə, uşaqla işləmək məsuliyyət tələb edir. Ustanın əlində qayçı, daraq, saç kəsən alət olarkən uşaq birdən yerində tərpənir. Özünüz düşünün, nə baş verə bilər. Olduqca ehtiyatlı olmaq lazımdır. Bunun üçün həm işini sevməlisən, həm də səbrli olmalısan. Bundan əlavə, yerində sakit dayanmayan bir uşağın valideyni tələb edir ki, uşağın saçını qüsursuz kəsin. Əsl uşaq bərbəri bunu bacarmalıdır.

Mən və komandam artıq professional olduğumuz üçün, bu işdə çətinlik çəkmirik. Uşaq bərbəri uşağı incitmədən, onun saçını valideyninin istəyinə uyğun kəsməlidir. Böyüklər necə bir saç düzümü istədiyinə özləri rahatlıqla qərara verə bilirlər. Ancaq uşaqlarda belə deyil. Bəzən valideynlərdən əlavə, nənə, baba, sürücü, hətta dayə belə ustanın başı üzərində dayanıb fikirlər söyləyirlər. İşin ən çətin tərəfi isə heç kəs uşağa sakit dayan demir. Hamı ustadan tələb edir ki, uşağın saçı gözəl alınsın. Bu məqamda səbr və incəliklə işləmək mütləqdir ki, yaxşı nəticə əldə edəsən. Bu işin əyləncəli tərəfi də var ki, uşaqlarla işləmək insanı əyləndirir. Hətta körpə ikən saçlarını kəsdiyim uşaqlar böyüyüb dostlarıma çevrilirlər. Çalışdığım 14 il ərzində heç bir yerdə saçını kəsdirməyən, yalnız mənə müraciət edən müştəri kütləm var. Artıq böyük oğlan olublar. Hələ də bu salona gəlirlər.

Mən bu işi çətinliyinə görə sevmişəm. Çətin işlərin nəticəsi çox uğurlu və çox bərəkətli olur.

- Deyəsən, tələbkar valideynlərlə çox tez-tez rastlaşırsınız...

- Valideynlər həmişə övladları üçün hər şeyin ən gözəlini etmək istəyirlər. Bu məsələlərdə maddi tərəfə demək olar ki, fikir vermirlər. Salona gəlməzdən əvvəl zəng edib növbəyə yazılırlar. Elə həmin andan öz kaprizlərini göstərirlər. Ustanın təmiz, səliqəli iş görməsini və səssiz işləyən saç kəsən aləti olmasını tələb edirlər. Əlbəttə, bizim salonda sadalananların hər biri olduğu üçün problem yaşamırıq. "Jumanji" hər zaman uşaqların və valideynlərin zövqünü oxşayır. Bizim salon profesionallığı ilə daim seçilir. Bu da o deməkdir ki, kaprizi çox olan müştərilər bizim əl işimizdən razı qalırlar. Onların bizdən məmnun olması bizi sevindirir. Axı bu, bizim işimizdir.

- Uşaqların psixologiyasına öyrəşmək çox zamanınızı aldı?

- Bəli, demək olar ki, bu məsələyə çox vaxt ayırdım. Hər uşağın öz xarakteri olur.

Uşaqlarla yanaşı, valideynlərin də xarakterini qəbul etmək məsələsi var. Bəzən elə olur ki, uşaq sakit təbiətli olsa da, valideynin istəkləri, tələbləri daha çox olur. Təbii ki, biz özümüzə bu işdə peşəkar deyiriksə, tələblərin də öhdəsindən gəlməliyik. Uşaqlarla davranışda müəllimlər, həkimlər və bərbərlər daha çox diqqətli olmalıdır. Onun hansı mühitdə yetişməyi birbaşa uşağın psixologiyasına təsir edir. Bizim işimizdə əsas məsələ uşaqlarla dil tapmaqdır. Uşaqlar tez küsən olurlar. Sevmədikləri hər şeyi anında deməyi bacarırlar.

- Sizinlə yanaşı, salonunuzda digər işçilər də var. Onlarla birlikdə işləmək üçün daha çox hansı xasiyyətə üstünlük verirsiniz?

- Bu peşədə çalışmağa başlayandan 4 salonda fəaliyyət göstərmişəm. Kifayət qədər böyük kollektivlə işlədiyimə görə, salona komanda yığmaq bir o qədər də çətin olmadı. Birlikdə işlədiyim ustalar içərisində xanımlar da, bəylər də olub. Komandada 15 nəfərin 6-sı bərbərdir. Hər biri də öz tələbəmdir. Mənim düşüncəmdə uşaq bərbəri işinin peşəkarı olmaqdan əlavə, həm də yaxşı insan olmalıdır. Qəlbində mərhəmət hissi olmayan insan uşaqla xoş rəftar edə bilməz. Mən komanda yığanda peşəkarlıqla yanaşı, ustanın gülərüz olmasına, səbirli davranmasına da üstünlük vermişəm. Bu keyfiyyətlər bizim işimizdə çox vacibdir. Əks halda heç bir uğur əldə edə bilmərik.

 Əntiqə KƏRİMZADƏ

 





23.08.2022    çap et  çap et