525.Az

“Google Pay” ödəniş sistemi Azərbaycan ərazisində aktivləşdirildi


 

“Google Pay” ödəniş sistemi Azərbaycan ərazisində aktivləşdirildi<b style="color:red"></b>

Bundan sonra cüzdanlarınızda çoxlu kartlar saxlamağa ehtiyac qalmayacaq.  

Azərbaycanda “Google Pay” ödəniş sistemi aktivləşdirilib. Sistemin özəllikləri haqqında "525"ə danışan sistem inzibatçısı Elyar Məmmədov bundan sonra cüzdanda çoxlu kartlar saxlamağa ehtiyac qalmayacağını bildirib: "Əslində, cüzdanda kart saxlamaq ciddi təhlükədir.  Çünki cüzdan itə, yaxud oğurlana bilər. Siz banklarla əlaqə saxlayıb kartınızı bloklayana qədər onu tapan şəxsin pulunuzu hesabdan çıxarmaq ehtimalı var. Hətta oğrunun "3D secure" təhlükəsizlik xidmətindən istifadə etməyən saytlardan alış-veriş də etməsi mümkündür”.

Elyar Məmmədovun sözlərin görə,  "Google Pay"dan (Yeni adı Google Wallet) istifadə etdikdə bütün kartların məlumatları şifrələnmiş şəkildə telefonda olur. Əgər kimsə telefonumuzu ələ keçirsə belə, kartlarınızın şifrəsini bilmədən, ondan istifadə mümkün deyil.
Kartı "Google Wallet" proqramına əlavə etməklə 16 rəqəmli şifrəni gizlədərək başqa bir 16 rəqəmli şifrə generasiya edib alış-veriş zamanı həmin şifrə ilə ödənişi həyata keçirmək mümkündür.

Qeyd edək ki, proqram bank kartlarından başqa tranzit və bonus kartlarını da dəstəkləyir. Düzdür, hələlik ADY,  "BakıKart" və Azərbaycanda istifadə olunan digər bonus kartları sistemə əlavə olunmayıb. Amma güman etmək olar ki, müvafiq qurumlar və şirkətlər ən qısa zamanda bunu nəzərə alacaqlar.

"Google Wallet" proqramı Google ailəsinin üzvü olduğu üçün onu Gmail və Google pay sistemləri ilə inteqrasiya etmək mümkündür. Sinxronizasiyaya icazə verdikdən sonra Gmail-ə gələn aldığınız onlayn biletlər avtomatik "Wallet"ə  əlavə olunur. Əlavə etdiyiniz kartlarla online ödəniş etdikdə kart şifrələrini heç bir yerə yazmağa ehtiyac olmayacaq. Sadəcə ödəniş üsulu kimi Google Pay sistemini seçmək kifayətdir.
Qeyd edək ki, "Google Pay" 2015-ci ilin sentyabrın 11-də yaradılıb və "Android" platformasında olan mobil telefonlar, planşetlər və digər ağıllı cihazlarda çalışır.

Aytac SAHƏD

 





23.08.2022    çap et  çap et