525.Az

Xəzər sahillərində Baltik ab-havası...


 

Xəzər sahillərində Baltik ab-havası...<b style="color:red"></b>

2022-ci ilin iyul ayında Vilnüsdə Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Yazıçılar İttifaqının üzvü, ədəbiyyatşünas, publisist və tərcüməçi Mahir Həmzəyevin “Azərbaycan-Baltik mədəni əlaqələri” komparativistik araşdırmalar kitabı işıq üzü görüb (ISBN 978-609-95862-1-2).

500 səhifədən ibarət bu irihəcmli kitaba müəllifin müxtəlif illərdə və fərqli janrlarda yazdığı 130 addan artıq komparativistik araşdırma işi daxil edilib. Bununla yanaşı, bu araşdırmaların məzmunu və ideyası ilə bağlı 355 vahiddən ibarət fotoşəkillər, arxiv materiallarının surətləri, köhnə rəsm və görüntülərin reproduksiyaları, qravürlər, eləcə də antikvar kitabların, qədim qəzetlərin, afişaların, rəsmi sənədlərin, tarixi əlyazmaların faksimileləri də kitabda illüstrasiyalar qismində yer alıb.  

Topluda Azərbaycan və Baltik xalqlarının XIX əsrdən başlanan ədəbi-mədəni və ictimai-siyasi əlaqələri çoxsaylı arxiv mənbələri, rəsmi sənədlər, elmi əsərlər, tarixi hadisələr və məxəzlər, mətbuat materialları, son illərin mədəniyyət tədbirləri, əyani misallar və geniş spektrli kulturoloji faktlar əsasında tarixi-praktiki aspektdə araşdırılıb təhlil edilərək elmi-populyar janrda təqdim olunub. 

Kitab 1918-ci ildə müstəqil Azərbaycan, Estoniya, Latviya və Litva respublikalarını yaratmış, həmin dövrdə dövlətlərarası əlaqələrimizin təməlini qoymuş, İstiqlalın tanınması yolunda birgə mübarizə aparmış Azərbaycan və Baltik xalqlarının Vətən sevdalı övladlarının şanlı xatirəsinə həsr edilib.  

Kitab Azərbaycan Respublikasının Litvadakı Səfirliyinin dəstəyi ilə Vilnüsdəki məşhur “BALTO print” mətbəəsində 500 nüsxədən ibarət tirajla çapdan buraxılıb. Nəşrin üz qabığının müəllifi və bədii redaktoru tanınmış Litva rəssamı Deymante Ribakoviene, bilgisayar tərtibçisi isə mütəxəssis xanım Dalya Kavalyauskaytedir. 

Əsər geniş oxucu auditoriyası - o cümlədən kulturoloqlar, tarixçilər, ədəbiyyatçılar, politoloqlar, konfliktoloqlar, etnoloqlar, beynəlxalq icmalçılar, eləcə də multikultural cəmiyyət, dövlətlərarası münasibətlər, diaspora, mədəniyyət və etniklər siyasəti sahəsində çalışanlar üçün nəzərdə tutulub.

M.Həmzəyevin “Azərbaycan-Baltik mədəni əlaqələri“ kitabına yazılmış müəllif sözünü oxuculara təqdim edirik.

XXX

Müəllif sözü 

Salam, dəyərli Oxucu! 
Əlinizdə olan bu kitaba Azərbaycan və Baltik xalqları (litvalılar, latışlar və estonlar) arasındakı çoxvektorlu mədəni əlaqələrə dair müxtəlif illərdə yazdığım ədəbi, kulturoloji və politoloji məqalələr, resenziya, icmal, sənədli oçerk və esselər, media vasitələrinə verdiyim müsahibələr daxil edilib.   
Topluda həmçinin bir sıra Azərbaycan və Baltik xalqları müəlliflərinin bu mövzu ilə bağlı bəzi məqalələri də yer alıb. 
Burada getmiş yazılar mövzu baxımından ən fərqli sahələri – tarix, ədəbiyyat, incəsənət, dini dəyərlər, pedaqogika, publisistika, ədəbi tərcümə, mədəniyyətlərin qarşılıqlı təsiri, müqayisəli dilçilik, kulturologiya, politologiya, türkologiya, baltikşünaslıq, slavyanşünaslıq, etniklər siyasəti, diaspora, beynəlxalq hüquq, ictimai diplomatiya, dövlətlərarası münasibətlər və bir sıra digər istiqamətləri əhatə edir. Bütün bu çeşidli mövzuların hamısını Mədəniyyət adlanan ümumi bir məxrəc birləşdirir. Deməli, mədəniyyətin insan fəaliyyətinin təməl daşı, onun əsrlər boyu yaradıb nəsildən-nəsilə ötürdüyü ən çeşidli maddi və mənəvi sərvətlər toplusu, tarixi yaddaşın daşıyıcısı olduğunu nəzərə alsaq, Azərbaycan-Baltik mədəni əlaqələrini araşdırarkən yalnız bir mövzu çərçivəsində məhdudlaşmamağım, yəqin ki, başa düşüləndir.

                                                                                           XXX

Sizə təqdim olunan publikasiyaların bir qismi zaman kəsiyi baxımından təxminən 200 illik bir tarixi - XIX-XXI əsrlərin müxtəlif mərhələlərini əhatə etsə də, kitabda əsasən 1990-1991-ci illərdə Azərbaycan və Baltik dövlətlərinin müstəqilliyinin bərpasından sonrakı dövrə aid mədəni proseslər, tarixi olaylar və yeni geosiyasi nizamdan qaynaqlanan aktual mövzular üstünlük təşkil edir.
     Ensiklopedik xarakter daşıyan bu kitab Azərbaycan və Baltik dövlətləri müstəqillik əldə etdikdən sonra bu mövzuda dilimizdə çap edilən ilk nəşrdir. Mövzuların çoxu dövlətlərimizin istiqlal tarixində ilk dəfə olaraq müstəqillik dövrünün mədəniyyət siyasəti doktrinasına uyğun ideoloji yanaşmalar, keçmişə yeni baxış və yeni konseptual dəyərləndirmələrə əsaslanan tədqiqat bucağı altında araşdırılıb. Bu çalışmaların böyük qismində xalqlarımız arasındakı tarixi, ədəbi-mədəni və ictimai-siyasi əlaqələrin yaranmasını şərtləndirən amillər, tarixi hadisə və proseslər, eləcə də əlaqələrimizin inkişafına töhfələr vermiş elm, mədəniyyət, incəsənət adamları, ictimai-siyasi xadimlər, diplomatlar və digər şəxsiyyətlər barədə ilk dəfə olaraq bir sıra naməlum faktlar və ümumiləşdirmələr verilib.

                                                                                             XXX

     Azərbaycan-Baltik mədəni əlaqələrinin kök atmasında öncə Böyük Litva Knyazlığında (1236-1569), sonra isə Böyük Litva Knyazlığı və Polşa Krallığının birgə yaratdığı Reç Pospolita dövlətində (1569-1795) yaşayan müxtəlif xalqların xələflərinin  - tatar, karaim, eston, latış, polyak, rus, ukrayna, belarus, alman, sorb, ingilis, fransız kökənli xadimlərin dolayısı ilə körpü rolu oynaması oçerklərdə xüsusilə vurğulanıb. Bu yolla əlaqələrimizin ilk pöhrələrinin boy atması üçün töhfələr vermiş bir sıra yaradıcı xadimlərdən, Vilnüs Universitetinin məzunları – İqnati Petraşevski, Adam Mitskeviç, Osip Senkovski, Aleksandr Xodzko, Lyudvig Şpitsnagel, Anton Muxlinski kimi məşhur şərqşünas alimlərin, şair və yazıçıların gördüyü mühüm işlər burada tarixi-praktiki aspektdə işıqlandırılıb. 

  Vilnüs Universitetinin məzunları. XIX əsr. 1. A. Mitskeviç. 2. O. Senkovski. 3. A. Xodzko        

 Kitabda Baltik xalqları mühacirlərinin XX əsrin 1-ci rübündə Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərmiş milli icmaları haqqında nadir tarixi faktlar təqdim olunub, Qafqaz Litvalıları Şurası, Bakı Latış Cəmiyyəti və Bakı Eston Cəmiyyətinin 1905-1922-ci illərdəki fəaliyyəti, habelə bu təşkilatların liderlərindən Pranas Daylide, Vilis Hertels, Ernests Freys, Antons Freybergs, Karl Seller, Robert Puur, Heynrix Tomson və digər ictimai-mədəni xadimlər barədə bilgilər verilib.

 Mədəni əlaqələrimizi zənginləşdirən latış xadimləri: 1. E. Birznieks-Upitis. 2. A. Balodis. 3. Y. Medinş. 4. Y. Yaunsudrabinş.       

Topluda latış, eston və litva xalqlarının Ernests Birznieks-Upitis, Yekabs Dravin-Dravnieks, Yanis Yaunsudrabinş, Pavils Rozitis, Andreys Upitis, Antons Balodis, Yazeps Medinş, Otto Yohannes Kiisel, Peeter Friedrix Kıyv, Fridrix Reynhold Kreytsvald, Peeter Yakobson, Yuhan Liyv, Anna Haava, Artur Zifeldt-Simumyagi, Yurgis Yustus Zauerveynas, Yule Pranaytite, Stasis Vaynoras, Matas Şalçyus kimi mədəni və ictimai-siyasi xadimlərinin XIX əsrin sonu, XX əsrin I yarısında Azərbaycan-Baltik mədəni əlaqələri sahəsində gördüyü faktiki işlər ehtiva olunmuş sənədli oçerklər, həmçinin 1918-1922-ci illər Litva-Azərbaycan dövlətlərarası münasibətləri ilə bağlı, eləcə də 1919-1920-ci illərdə Litva dövlətinin Cümhuriyyətdəki konsulu Vintsas Kreve-Mitskəviçyusun 1909-1920-ci illərdə Bakıda göstərdiyi pedaqoji, ədəbi, elmi-mədəni, ictimai-siyasi və diplomatik fəaliyyət haqqında özgün araşdırmalar dərc edilib.

Mirzə Şəfi poeziyasının eston dilinə tərcüməçiləri: 1. P. Yakobson. 2. A. Haava. 2. Y. Liyv. 
 
 
Bütün bunlarla yanaşı araşdırmalarda qədim Azərbaycan-Baltik elmi-mədəni və ictimai-siyasi əlaqələrinin türk kökənli telləri də işıqlandırılıb. Bu, ilk növbədə Baltik ölkələrində və Polşada XIV əsrin ikinci yarısından başlayaraq məskunlaşmış qədim türk xalqları – Krım tatarları və karaimlərin bir sıra tanınmış xələflərinin Azərbaycanla ilgili akademik və ictimai-siyasi fəaliyyəti əsasında təsvir olunub. Məşhur Litva-Polşa karaim şərqşünasları - Sürəyya Şapşal, Ananiaş Zayonçkovski, Vlodzimej Zayonçkovski və Aleksandr Dubinskinin türkoloji tədqiqatları bu araşdırmalarda Azərbaycan-Baltik mədəni əlaqələrinin xusisi bir kəsimi kimi təqdim edilib.

                           

Litva-Polşa karaim şərqşünas  alimləri: 1. S. Şapşal. 2. A. Zayonçkovski. 3. A. Dubinski.

 Daha sonra, Azərbaycan Cümhuriyyətinin dövlət idarəçiliyində çalışmış bir sıra Litva-Polşa tatar xadimləri – o cümlədən Olgerd Nayman və Leon Nayman Kriçinski qardaşları ilə Cümhuriyyətin siyasi mühacirləri arasındakı mədəni və ictimai-siyasi əlaqələrə (XX əsrin 20-30-cu illərində) toxunulub. Siyasi mühacirlərdən Məmməd Əmin Rəsulzadə, Xəlil bəy Xasməmmədov, Əlimərdan bəy Topçubaşov, həmçinin Cümhuriyyət ordusunun alay komandiri, polkovnik Vəli bəy Yadigarov, publisist Əli Azərtəkin, yazar-publisist, tərcümə¬çi Mirzə Bala Məmmədzadə kimi xadimlərin və Cümhuriyyətin maarifpərvər xanımı Şəfiqə Qaspralı-Yusifbəylinin həm Kriçinski qardaşları ilə, həm də o vaxt Vilnüsdə yaşayıb fəaliyyət göstərən karay türklərinin öndəri S. Şapşalla apardıqları yazışmalar, Cümhuriyyət ordusunun Baş qərargah rəisi, Litva tatarı, general Matvey Sulkeviçlə bağlı xatirələr və digər əlaqələr araşdırılıb.

                                                                                                XXX

 “Kitabi-Dədə Qorqud” eposunun Baltik ölkələrində tanıdılıb yayımlanması məsələsi toplunun  iki fəslində işıqlandırılıb. Folklorumuzun şah əsərinin Baltik xalqlarının dillərinə tərcümə edilməsi çoxəsrlik Azərbaycan-Baltik mədəni əlaqələri tarixində parlaq ədəbi-mədəni olay kimi diqqət mərkəzinə çəkilib və eposun Baltik ölkələrində nəşri bu möhtəşəm abidənin dünya xalqlarının mənəvi dəyərləri xəzinəsinə daxil olmasını əks etdirən zəngin salnamənin orijinal və qiymətli səhifələri kimi dəyərləndirilib. Daha sonra, “Kitabi-Dədə Qorqud“u litva, latış və eston dillərinə tərcümə edən Sigitas Geda, Vaqif Arzumanlı, Uldis Berzinş, Anneli Pekkonen və Vidadi Məmmədovun yaradıcılığı haqqında bilgilər, eposun tərcüməsi ilə bağlı onların üzləşdikləri çağırışlar və digər kreativ məqamlar barədə ədəbi tənqid və müqayisəli dilçilik rakursunda bəzi düşüncələr təqdim olunub.
 “Litvaya gedən Nizami yolu...” oçerkində dahi Azərbaycan şairi Nizaminin XIX əsrdən başlayaraq Litvada öyrənilməsi və əsərlərinin Litva dilinə tərcümə olunub yayımlanması tarixi araşdırılır.  

       

XX əsrin 1-ci yarısında Azərbaycan mövzulu əsələr yazmış Litva yazarları. 1. Y. Pranaytite. 2. A. Vienuolis-Jukauskas. 3. Y. Paukştyalis. 4. V. Steponaytis.  

                                                                                           XXX

Kitabın “Qarabağ düyünü Litva diskursunda” adlı fəsli Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi barədə həqiqətlərin ədəbi-publisistik üsul¬lar¬la Litvada yayımlanmasına həsr olunub. Münaqişə mövzusunda təbliğat və maarifləndir¬mə işinin çağdaş təcrübəsinə istinadən Avropa düşüncə tərzinə uyğun hazırlanmış bir sıra yazılar, həmçinin tanınmış Litva müəlliflərinin münaqişəyə dair məqalələrindən edilmiş bəzi tərcümələr də bu fəsildə yer alıb...

                                                                                           XXX

Qeyd edim ki, mən əsərdəki çoxsaylı mövzuların hər birini ayrı-ayrılıqda şərh etmək fikrindən uzağam. Belə ki, diqqətli oxucu özü burada Azərbaycan-Baltik mədəni əlaqələri ilə bağlı ən müxtəlif yönlü araşdırmalarla qarşılaşacaq, çox sayda yeni faktlar və təzə adlar aşkar edəcək. Lakin tədqiqatların üsulu və kitabın mahiyyəti barədə daha bir neçə fikir bildirməyin gərəkli olacağını düşünürəm. Topluda tədqiqatlarla bağlı elmi metod müstəvisində qaldırılan bir sıra yeni elmi-nəzəri müddəalar, əsasən Baltik ölkələrində reallaşdırılmış mədəniyyət layihələri və praktiki misallar əsasında tədqiq edilib. Araşdırmalarda işıqlandırılan məsələlər, təqdim olunan təsəvvür və fikirlər, proses və olayların şərhinə yönəldilmiş açıqlamalar yalnız nəzəri baxışlar kompleksinə söykənməyib. Belə ki, irəli sürülən elmi, kulturoloji və komparativistik tezislərin bir qismi Baltik ölkələrindəki bəzi diaspor təşkilatlarının akademik fəaliyyətinə istinadən açıqlanıb, yəni, nəzəriyyə və təcrübə birləşdirilib. Odur ki, əsər sırf elmi xarakter daşımır, daha çox elmi-kütləvi səpkidə yazılıb. 
Kitabın əsas məramı Azərbaycan və Baltik xalqları arasındakı tarixi və ictimai-mədəni əlaqələrin köklərini axtarıb üzə çıxarmaq və bu əlaqələr zəminində ölkələrimiz arasında yeni məzmunlu mədəni körpülər salmaq, müasir dövrdə münasibətlərimizi genişləndirmək, xalqlarımızı mənəvi cəhətdən bir-birinə yaxınlaşdırmaq, Baltik ölkələrində bizə dost münasibət bəsləyənlərin sıralarını artırmaq və ölkəmizin Baltik ölkələrindəki imicini gücləndirməkdən ibarətdir.
Bununla yanaşı, topluda qədim mədəni əlaqələrimizdən müstəqillik mənafeləri üçün səmərəli istifadə etmək, həmçinin SSRİ dönəmindəki Azərbaycan-Baltik mədəni əlaqələrini müstəqil dövlət maraqları çərçivəsində qiymətləndirmək və milli maraqlara uyğun şəkildə dəyişdirmək, Azərbaycanla Baltik regionu arasındakı münasibətlər sistemində ölkəmizin özünəməxsus yer tutmasını təmin etmək kimi məsələlər işıqlandırılıb. 
Kitab həm də Azərbaycanla Baltik ölkələri arasında mədəni əməkdaşlıq və dialoq strategiyasını daha məzmunlu və dinamik tərzdə həyata keçirməyə stimul vermək məqsədini güdür. 

                                                                                                  XXX

Əziz Oxucu! Bu kitabı yazarkən səmimi qəlbdən çalışdım ki, Xəzər sahillərində Baltik, Baltik sahillərində isə Azərbaycan ab-havasını yaradım. Məramıma nə dərəcədə yetdiyimi bilmirəm. Lakin, mən hər bir halda Azərbaycan və Baltik xalqlarının xoşbəxt gələcəyinə, mədəniyyətlərimizin daha da çiçəklənməsinə böyük nikbinliklə baxıram, xalqlarımız arasındakı qarşılıqlı anlaşma ənənələrinin zənginləşməsinə, əməkdaşlıq körpülərinin genişlənməsinə, mədəni əlaqələrimizin yeni tarixi və ictimai-siyasi şəraitdə uğurla davam edəcəyinə ürəkdən inanıram. 
Odur ki, Sizinlə gələcəkdə mədəniyyətlərimizin qovuşuq məkanındakı işığında yenidən görüşmək ümidi ilə... Qoy Uca Tanrı öz mərhəmətini xalqlarımızdan heç vaxt əsirgəməsin!

Bakı – Vilnüs – Riga – Tallin, 10 dekabr 2021-ci il.

 

 





23.08.2022    çap et  çap et