525.Az

“Qazax yurtası”nda nələr var? 


 

QARDAŞ XALQIN MƏDƏNİYYƏTİ, TARİXİ, TURİZMİ, ƏNƏNƏLƏRİ BİR ARADA  

“Qazax yurtası”nda nələr var? <b style="color:red"></b>

Bir aya yaxındır ki, Bakıda Dənizkənarı bulvarda (Dəniz Vağzalının yanında) “Qazax yurtası” quraşdırılıb. Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi (27 avqust 2022-ci ildə) münasibətilə açılan yurtada dost və qardaş ölkənin turizm potensialı, mədəniyyəti, tarixi, adət-ənənələri  təqdim edilir, konsert və əyləncə proqramları keçirilir. Yurta, həmçinin ziyarətçilərə Qazaxıstanın müasir inkişafı, gəzməli-görməli yerləri, qədim köçərilərin dünyası ilə tanışlıq imkanı yaradır.

Qeyd edək ki, Qazaxıstan səfirliyinin, “Discover Almaty” turizm şirkətinin, “Air Astana” aviaşirkətinin və Qazaxıstanın Azərbaycandakı Ticarət Evinin dəstəyi ilə təşkil olunan bu tədbir Bakı sakinlərinin və turistlərin  böyük marağına səbəb olub. Onlar yurtaya baş çəkir, qardaş ölkənin mədəniyyətini, tarixini əks etdirən stendlərə baxır, suallarına cavab alırlar. Həmçinin, canlı olaraq tanınmış qazax sənətçilərinin ifalarını dinləyirlər.

Xatırladaq ki, avqustun 24-də Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də “Qazax yurtası” ilə tanış olublar. Dövlət başçıları qazax musiqi qrupunun ifasını dinləyiblər.

Yurtanın milli ornamentlərlə bəzədilmiş iç divarlarında qazax xalqının tarixi şəxsiyyətlərindən bəzilərinin, məsələn, Abayın, Əl-Fərabinin portretləri asılıb.  Axşam saat 8-dən başlayaraq gələn ziyarətçilərə qazax milli mətbəxinin nemətlərindən olan çörək, çay və milli şirniyyatlar təklif olunur.

“Discover Almaty” turoperatorun direktoru Aleksandr Aknazarov “525”ə bildirib ki, bu tədbiri keçirməkdə əsas məqsəd qazax milli mədəniyyətini, eləcə də ölkənin turizm potensialını təbliğ etməkdir.

“Biz burada öz turizm imkanlarımız haqda danışır, mədəniyyətimizi təbliğ edirik. Həm də, gördüyünüz kimi, sənətçilərimiz qonaqlara milli musiqimizi təqdim edir. İnsanların yurtaya böyük maraq göstərməsi bizi sevindirir. Azərbaycanlı ziyarətçiləri qazax qonaqpərvərliyinə uyğun olaraq ölkəmizin milli mətbəxinin təamlarına qonaq edirik. Qazaxıstandan gətirdiyimiz unla qazax çörəyini bişirərək ziyarətçilərə təklif edirik”.

O xatırladıb ki, Qazaxıstan - Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümü ilə əlaqədar belə bir tədbiri keçirmək qərarına gəliblər və Azərbaycan hökuməti bu təşəbbüsə öz dəstəyini verib.

 “Hər gün burda Qazaxıstanın tanınmış musiqi qrupları çıxış edirlər. Eyni zamanda, ölkəmizin tanınmış aşpazlarından biri masterklass keçirib”.
Aknazarovun sözlərinə görə, tədbiri davamlı olaraq təşkil etməyi düşünürlər: “Gələn il yenidən bu tədbiri keçirəcəyik, hətta Azərbaycanın digər şəhərlərində təşkil olunmasına da baxıla bilər. Azərbaycanda qazax milli mədəniyyətinə böyük marağın olması bizi olduqca sevindirir. Hər gün çox sayda şəhər sakininin yurtaya təşrif buyurduğunu görürəm və bu məni hədsiz məmnun edir. Bura hər kəs - ailələr, gənclər, qocalar gəlir. Hamı Qazaxıstanın mədəniyyəti, mətbəxi, musiqisi ilə maraqlanır. Bu, əlbəttə ki, qazax xalqına olan sevgidən irəli gəlir”.

Aknazarov əlavə edib ki, Qazaxıstanın 18 regionundan yalnız beşi burada təmsil olunur: “Bunlar Almatı və Çimkənd şəhərləri, habelə Türküstan, Manqıstan və Almatı vilayətləridir. Gələcək illərdə Qazaxıstanın digər regionlarının da yurtada təmsil olunması planlaşdırılır. Azərbaycanlılar qazaxlara qardaş xalq olaraq çox isti münasibət göstərirlər. Bu, bizi çox sevindirir”.

O əlavə edib ki, bir aya  yaxındır Bakıdadırlar, əsas məqsəd isə iki xalq arasında körpü rolunu oynamaq, onları bir-birinə daha yaxından tanıtmaqdır.

“Çox şadam ki, məhz bu tədbir çərçivəsində iki ölkə arasında bir sıra memorandumlar imzalanacaq. O cümlədən, Qazaxıstan və Azərbaycan Turizm Assosiasiyaları arasında sənədin imzalanması gözlənilir. Bundan başqa, Qazaxıstanın Çimkənd şəhəri ilə Azərbaycanın Gəncə şəhəri arasında qardaşlaşma haqda memorandum da imzalanacaq. İki qardaş ölkə və xalq arasında əlaqələrin daha da genişlənməsinə öz töhfəmizi verməkdən olduqca məmnunuq”.

Tədbir çərçivəsində Süyunbay adına Almatı Vilayət Filarmoniyasının “Kobız sarını” folklor-etnoqrafik ansamblının çıxışı olub. Musiqi qrupunun üzvü Aybul Xudaybergin bizimlə söhbət zamanı bildirdi ki, Azərbaycanda olduqları və qazax milli musiqisini təbliğ etdikləri üçün xoşbəxtdirlər: “İlk dəfədir Azərbaycana gəlirik. Burada Qazaxıstana və qazax milli mədəniyyətinə olan sevgi və hörmət məni təsirləndirdi. Görürəm ki, mədəniyyətimiz Azərbaycanda hər kəsə maraqlıdır. Bu da təbidir, vahid türk millətinin övladlarıyıq. Uzun illərdir bəlli səbəblərdən bir-birimizdən uzaq düşmüşük, insanlarımız bir-birinin mədəniyyətindən, incəsənətindən ayrı qalıblar. Budur, baxıb görürəm ki, insanlar əynimizdəki milli geyimlərə, ifa etdiyimiz musiqi alətlərinə necə böyük maraqla baxırlar. Əynimizdə sak kostyumu var və biz qazax klassik milli musiqi alətlərində ifa edirik. Hava limanındakı bəzi məhdudiyyətləri nəzərə alaraq bura ancaq klassik musiqi alətlərindən ən məşhur olanları seçib gətirdik. Bunlar dombra, şertir, qobus, şanqobus və barbutdur”. 

Aksiyanın başa çatmasına sayılı günlər qalıb. Qardaş ölkənin mədəniyyəti, tarixi, ənənələri, turizmi ilə tanış olmaq, çörəyini, çayını dadmaq istəyirsinizsə, şansınızı qaçırmayın. 


 

 





25.08.2022    çap et  çap et