525.Az

Gəncədə dəhşətli qasırğa - xəsarət alanlar var


 

Gəncədə dəhşətli qasırğa - <b style="color:red">xəsarət alanlar var</b>

İyunun 10-da axşam saatlarında Gəncədə əsən güclü külək və leysan yağış ciddi fəsadlar törədib.

APA-nın məlumatına görə, qasırğa hələ də davam edir,  güclü yağış nəticəsində obyektlərə su dolub. Şəhərdə infrastruktur iflic vəziyyətə düşüb. Məlumata görə, elektrik enerjisinin verilişi bərpa olunsa da qısa zamandan sonra (5 dəqiqdə) yenidən dayandırılıb.   Aidiyyatı qurumlar qasırğanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. 
 
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev gecə saatlarında jurnalistlərin qarşısına çıxıb və şəhərdə yaşananlarla bağlı məlumatları çatdırıb. O, baş verənləri böyük təbii fəlakət kimi xarakterizə edib: 
"Böyük bir təbii fəlakətdir. Mən deyərdim ki, zəlzələlər istisna olmaqla Gəncənin tarixində belə böyük fəlakət olmayıb. Amma bütün bunlara rəğmən deyə bilərəm ki, bütün hadisələr nəzarət altındadır. Artıq bütün qurumlar mərkəzləşdirilmiş qaydada öz işlərini görürlər".
 
Elmar Vəliyev onu da deyib ki, təbii fəlakət Gəncənin şəhər təsərrüfatına ciddi ziyan vurub:
 
"Qaz təsərrüfatında 27 yerdə böyük dağıntılar var. Şəhərin 80 faizində işıq yoxdur. Su-kanalizasiya sistemində problemlər aradan qaldırılır. Yüzlərlə 300-500 illik çinar ağacları məhv olub. Şəhərə çox böyük ziyan dəyib"

Heydər Əliyev prospektində 4 nəfər güclü küləyin nəticəsində aşan ağacın altında qalıb. Hadisə nəticəsində xəsarət alan şəxslər Gəncə şəhərinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Yolun digər hissəsində ağac aşaraq 2 avtomobilin üstünə düşüb. Qeyd olunan fəsadlar nəticəsində nəqliyyatın hərəkətində maneələr yaranıb. Bundan başqa, yağmaqda davam edən güclü yağış nəticəsində bir neçə evi su basıb.
 
İcra başçısı əhalini narahat olmamağa çağıraraq qeyd edib ki, Gəncədə təbii fəlakətin yaratdığı bütün problemlər bu gün günortayadək aradan qaldırılacaq.

 





11.06.2014    çap et  çap et