525.Az

“Oxumaq təhlükəli amilə çevrilib” - Şəmil Sadiq yazır


 

“Oxumaq təhlükəli amilə çevrilib” -<b style="color:red"> Şəmil Sadiq yazır</b>

Oxumaq yaxşı şeydir. Bəlkə də bir yüz il bundan öncə oxumaq çox önəmli nəsnə idi. Nə oxumağından asılı olmayaraq, sadəcə oxu! Əlində kitab olan, nəsə oxuyan adam çox hörmətli, sayğılı və gərəkli adam hesab edilirdi. İndi isə elə deyil. Əlində kitab olmasa da oxumaq olar. Texnologiya elə inkişaf edib ki, oxumadan da oxumaq olur, dinləmək və ya baxmaq yolu ilə bu gün biz istənilən bilgini əldə edə bilirik. Onun üçün də biz “oxumaq” deyəndə kitabdan oxumağı da, elektron kitab oxumağı da, mətni dinləməyi də, videoya baxmağı da nəzərdə tuturuq.

Və bəzən də oxumağın özü təhlükəli bir amilə çevrilib. Çünki indi hər kəs oxuya bilir demək olar ki. Amma “nə oxuyur, necə oxuyur, nə üçün oxuyur?” sualı adamı narahat edir. Əvvəllər oxuyan az olduğu üçün yaxşı şeylər yazılır, çap edilirdi və ya ustadlar, xoşniyyətlilər, bəşəriyyətin xeyrini düşünənlər min bir əziyyətlə yazırdı. İndi isə hamı oxuduğu üçün hər kəs yaza bilir, hər kəs düşüncə sata bilir. Və şər qüvvələr, kütbeyin qüvvələr də hamının oxuya bilməsindən yararlanıb onlara təsir etmək üçün xeyir və ağıllı qüvvələrdən daha çox yazır, yazdıqlarını daha çox yaya bilirlər. Bu zaman ortaya çıxan məsələ budur ki, yenə də mi oxumaq vacib və faydalı işdir?! Əlbəttə ki, artıq yüz il, heç əlli il bundan öncəki qədər vacib deyil oxumaq, indi ən vacibi nəyi və nə üçün oxumaqdır. Birincisi, ona görə ki, hər yazılan müqəddəs, hər yazılan faydalı deyil və həmişə oxumaqla uğur qazanmaq olmur. Çünki 100 il bundan qabaqkından fərqli olaraq, indi hamı oxuya bilir. Və sadəcə oxumaq, bilgi sahibi olmaqla uğur sahibi olmaq arasındakı fərq çoxdur.

İkincisi, həmişə və hər əlinə keçəni oxumaqla biz zaman itkisinə yol verir, vaxt xərcləyirik. Bəzi şeylər var ki, oxumağa gərək yoxdur, istədiyin zaman, istədiyin an onu əldə etmə imkanı varsa, beynimizi niyə zibilliyə çevirək ki? Lazım olanda açıb oxuya biləcəyimiz bilgidirsə. Əvvəlki dövr deyil ki, bir bilgini əldə etmək üçün çoxmərtəbəli, tozlu kitabxanalara gedib, min bir əziyyətlə bir informasiya əldə edəsən. İndi açırsan telefonu, deyirsən ki, fobiya nədir? Və milyardlarla sözün içindən tapıb çıxarar, lap istəsən sənin üçün oxuyar da. 

Bəzi şeylər var ki, oxumaq təhlükəlidir, oxumasan daha yaxşıdır. Necə ki, yeyilməli, yeyilməməli şeylər var, eləcə də oxumalı və oxunmamalı şeylər var. Elə şeylər var ki, çox zəhərlidir, oxuyan kimi, dilini vuran kimi ya zəhərlənirsən, ya da yoluxursan. Həm də artıq yanaşma dəyişib, uşağı oxuyan (oxuyan, baxan, dinləyən anlamında yenə) görəndə ağlımızdan ilk keçən budur – “Nə oxuyur görəsən?” Bu sual varsa, deməli oxumaq həm də təhlükədir. Bir var təmiz bir mühitdə oxuyasan, bir də var zibillikdə. Təmiz mühitdə əksəriyyəti faydalı olduğu kimi, zibillikdə eşələnib oxumağın əksəriyyəti zərərlidir, xarabdır, vaxtı keçmişdir, tullantıdır.

İndiki oxuyanlar bir növ marafon qaçanlara bənzəyir. Marafona qoşulub qaçmaqla uğura çatmaq nə qədər çətindirsə, oxuyub uğur qazanmaq da çətindir. Burdan belə çıxır ki, oxu marafonuna qoşulmayaqmı? Qətiyyən yox, deyərdim, kütlənin marafonuna qoşulub faydasız olduğunu bilə-bilə qaçmaqdansa, təbiətin qoynunda, qulaqcıqla yerimək, dinlənmək daha faydalıdır. Oxumaq da elə. “Hamı oxuyur, mən də oxuyum.” deməkdənsə, “Mən seçib, lazım olanı oxuyum.”- demək günümüzün ən böyük uğurudur. 

Anlam o qədər dəyişib ki, beşikdən qəbir evinə qədər oxumaq, oxumaq, oxumaq… Oxumaq aforizmləri də dəyərini itirib öz anlamında. İndi artıq “Lazımlı şeyi oxu” deyimi əvvəlki iki ifadəni daha açıq izah edir, daha lazımlı duruma çatdırıb. İndi həmişə oxumaq, hər şeyi oxumaq fanatizmə, xəstəliyə, boş vaxt itkisinə gətirib çıxarır. Ona görə də günün tələbi oxumağı öyrənməkdənsə, anlamağı öyrənməkdir. 

İndi çox oxuyan yox, yaxşı anlayan, dərk edən uğurun qapısına daha tez çatır. 

Bu gün oxumaq bizi səma kimi örtüb, hara baxırırqsa oxuyuruq. Bir günlük günümüzə nəzər yetirsək görərik ki, oxumaq bizi sarıb və üstümüzə tökülən yağış kimi çoxdur. Votsap, feysbuk, instaqram demək olar ki, hamımızda var, üstəgəl radio və televizor və hər gün binaların, mağazaların qabağında gördüyümüz mətnlər. Bir sözlə beynimizin pəncərəsi olan gözlərimiz bezib, yorulub. İstədin, istəmədin oxuyursan.
Qaçıb qurtulmaq, gizlənmək istəyirsən oxumaqdan. Gözlərini çıxarmaq, görməmək istəyirsən. Çünki özümüzü oxu həbsxanasında hiss edirik. Axı biz azadlığı sevən məxluquq. Niyə bu qədər məcburiyyətdə qalmalıyıq ki?! Niyə psixologiyamıza mənfi təsir edən, aldadan, qıcıqlandıran, yoldan çıxaran, hərisləndirən nəsnələri oxumaq məcburiyyətində qalmalıyıq?

Özünüzü azad edin oxumaqdan! Görün o zaman necə xoşbəxt, necə rahat hiss edirsiniz. Anlamağa çalışın, özünüzü də, ətrafınızı da. Anladıqda dərk edəcəksiniz ki, çox oxumaq, hər şeyi oxumaq elə də yaxşı şey deyilmiş, sadəcə oxumağın köləliyidir. Eynən çox içiləndə dərd verən su kimi...

Ps. Yazı müəllifin Feysbuk səhifəsindən götürülüb.

 





28.08.2022    çap et  çap et