- Əlikram bəy, sizi necə təqdim etmək xoşunuza gəlir?
- Elə Əlikram Bayramov olaraq təqdim edilmək xoşuma gəlir. Xalqımız məni bu adla tanıyıb, sevib, ona görə də başqa ad istəmirəm. "Əlikram Bayramov" adı bəs edir.
- Yaradıcılığınızda nə yenilik var?
- Son günlərdə yeni bir mahnı üzərində çalışırıq. Mahnı "Yanğın" adlanır. Musiqisi Rabil Səfərlinin, sözləri Zabil Mehdiyevindir. İnşallah, yaxın günlərdə klip çəkilişlərinə başlayacağıq. Genişmiqyaslı bir klip olacaq. Yanğın hər kəsə tanış bir addır. Çünki hər insanın içində daim yanğı olur. Sevdaya, məhəbbətə, həyata...
- Hazırda Əlikram Bayramovun ürəyindəki yanğının səbəbi nədir?
- Vəfasızlıqlar. İnsana arzum budur ki, vəfasız olmasın.
- Çox qarşılaşırsız vəfasızlıqla?
- Bəli, olub. Ətrafımda da görmüşəm, özüm də ilk məhəbbətimdə vəfasızlıq yaşamışam. Amma əsas odur ki, sevdiyimə qovuşmuşam.
- Bəs siz özünüz kimlərəsə qarşı vəfasızlıq etmisinizmi?
- Günahsız insan yoxdur ki. Bəli, həyatda da, sənətdə də ara-sıra vəfasızlıq etdiyim olub.
- Həyatınızın dönüş nöqtəsi olaraq qiymətləndirdiyiniz hadisə hansıdır?
- 1999-cu il martın 19-da Ulu öndərimiz Heydər Əliyev Biləsuvarda qaçqın şəhərciyində iki gəncin toyuna gəlmişdi. Həmin toyu mən idarə edirdim. İfamı bəyənən Ulu öndərimiz ətrafına tapşırdı ki, ondan muğayət olun. Bu hadisə məni Bakıya aparıb çıxardı. Sənətin və uğurların qapısını açdı mənimçün. Düzdür, hələ ki heç bir adım, titulum yoxdur (gülür), amma həmin hadisəni həyatımın dönüş nöqtəsi adlandırıram.
Mən həm də 30 ildir ki, Biləsuvarda Mədəniyyət idarəsində bədii tərtibatçı işləyirəm. Gənclik illərimdən Biləsuvarda mədəniyyət sahəsində çalışıram, xalqa xidmət edirəm. Əsas odur ki, bu illər ərzində xalqın sevgisini qazanmışam. Bundan böyük ad, bundan böyük titul tanımıram. Bütün ömrüm boyu da xalqımızın, mədəniyyətimizin xidmətində durmağa hazıram. Çox xoşbəxt insanam ki, dövlətimizə, Azərbaycançılığa xidmət edirəm. Bilmədiyim işi görmürəm. Bildiyim sahədəyəm.
- Özünüzü sənətin hansı pilləsində hiss edirsiniz?
- Hər kəs özü haqqında yaxşı fikirdə olar, yəqin ki. Mən də özümü pik nöqtədə hiss edirəm. Dünyada hər şey qazanmaq olar. Amma insan sevgisini qazanmaq çox çətindir. Onu gərək sevginlə, məhəbbətinlə, insanlığın və sənətinlə qazanasan. Bu, göz qarşısında olan sənətdir. Adamla, tanışla bunu qazanmaq mümkün deyil.
- Cəmiyyətimizdə toy müğənniləri nədənsə elə də ciddi qarşılanmır. Sizə də çox vaxt "toy müğənnisi" deyirlər. Bu ad sizi narahat etmir ki?
- Mən dünyada ən xoşbəxt müğənniyəm ki, məni elə toyda tanıyıblar. Ulu öndərimiz məni elə toyda görüb, ifamı bəyənib ki, Bakıya gətizdirib də. Mən çox kasıb yaşayam müğənni olmuşam. Məni toyda görüb seviblər. Zamanında onu bütün televiziyalar çəkdi, göstərdi. Özüm bütün çıxışlarımda bunu qeyd eləmişəm. Ona görə də adım qaldı "toy müğənnisi". Ulu öndərimiz deyərdi ki, dünyadakı ən gözəl bayram toydur. Çünki toyda Azərbaycanımızın yeni ailəsi qurulur. Biz də xalqımızın xoş günündə, iki gəncin izdivacında iştirak edirik. Bundan gözəl nə ola bilər ki?
- Həyat itirməyin nə olduğunu sizə çox erkən anladıb. Sonra da itkiləriniz az olmayıb. Bunların içində ürəyinizi ən çox göynədən, həyatınızın bütün dövrlərində öz təsirini göstərən itkiniz hansı olub?
- Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin. Mən 2 yaşımda atamı itirmişəm. Sonra cavan bacım 32 yaşında dünyasını dəyişib. İki körpə uşağı var idi. Ondan 1 il keçməmiş anamı itirdim. Onun ardınca iki körpə övladımı itirdim. Cəmi bir övladım qaldı. Ondan sonra da itkilərim çox olub. Ancaq məni ən çox sarsıdan anamı itirməyim oldu. Çünki çox kiçik yaşda atasız qalmışdım. Mən uşaq vaxtı elə bilirdim atayla ana bir adam olur. Anam həm anamdı, həm də atam. Anam dörd uşağı böyük çətinliklə boya-başa çatdırmışdı. Çox əziyyətlər çəkmişdi. Onu itirmək həyatımın ən ağır məqamı idi. Anamdan sonra iki ay depressiyadan çıxmadım.
- Qarabağımız azad olundu. Çoxları orda konsert verməyi arzulayır. Bəs sizin Qarabağla bağlı ən böyük arzunuz nədir?
- Mənim bir mahnım var: "Qarabağım, gəlirik". Bu zamana kimi hələ Qarabağa gedə bilməmişəm. Amma bu yaxınlarda Biləsuvar Mədəniyyət evinin Şuşaya səfəri olmalıdır. Ona hazırlaşırıq. Artıq məşqlərimiz başlayıb. İnşallah, yollar düzəlsin, minalar təmizlənsin, zamanla hamımız gedəcəyik o gözəl yerlərə. Əsas odur ki, Qarabağ bizimdir, Azərbaycanındır. Qarabağ mənim uşaqlıq, gənclik illərimin həsrətidir. Qarabağı ayırmaq Azərbaycanın ürəyini zəbt etmək kimidir. Var olsun cənab Prezident, Ali Baş Komandan İlham Əliyev və müzəffər ordumuz kimi bizə bu şanlı zəfəri bəxş etdi. Hələ də kəndlərimizin azadlığı prosesi davam edir. Bu günlərdə Laçın şəhəri və bir neçə kəndimiz azad edildi. Düşmən isə yenə də mənfur hərəkətindən qalmır. Gedərkən belə öz iyrəncliyini göstərir, evləri yandırıb gedir. Amma əsas odur ki, torpaq bizimdir. Ondan daha gözəllərini yaradacağıq.
- Azərbaycan musiqisinin, estradasının bugünkü vəziyyətini necə görürsünüz?
- Bərbad gündədir. Ən böyük problem odur ki, ara musiqiləri çox yayılıb. Musiqidə məna, məğz yoxdur. Son zamanlar oxunan mahnıların heç birində məna yoxdur. Bəzi müğənnilər var ki, onları efirə buraxmaq ayıbdır. Çünki nə oxuduğu, nə də istedadı bir şeydi. Düzdür, mən də oxumuşam mahnılar. Amma mənim mahnılarımda savad var. Rəhmətlik İlhamə Quliyeva deyərdi ki, Əlikram Bayramovun mahnılarında ürək var, sevgi var. Mənim mahnılarımın sözlərində bədiilik olub. 10-a yaxın müğənnimiz mənim mahnılarımı oxuyub. Heç vaxt bayağı mahnılar olmayıb məndə. Niyaməddin Musayev həmişə deyir ki, sənin mahnıların səndən sonra seviləcək. Son vaxtlar heç mən də oxuya bilmirəm, yaza bilmirəm mahnı. O qədər bayağılıq görmüşəm ki, həvəsdən düşmüşəm artıq. İnşallah, müğənnilərimiz başa düşər ki, bununla musiqimizi uçuruma aparırlar. Heç olmasa, bir az çəkinərlər bu bayağılıqdan. Musiqimiz heç də yaxşı yerə getmir.
- Bəs bununla necə mübarizə aparmalıyıq?
- Bununla daha çox televiziyalarımız, radiolarımız mübarizə aparmalıdır. Belə musiqiləri, müğənniləri efirə buraxmamalıdır. Onunla yanaşı, başqa addımlar da atılmalıdır. Fikrimcə, Mədəniyyət Nazirliyi də buna nəzarət etməlidir. Düzdür, heç kimə demək olmur, sən bunu oxuma. Amma yenə də nəsə edilməlidir ki, musiqimiz xilas olsun. Dərd odur ki, dünyada da vəziyyət bu cürdür. Guya dünya musiqisi nə gündədir ki indi?! Sadəcə çalışmaq lazımdır ki, bunlar təbliğ olunmasın. Televiziyada, radioda səslənməsi artıq bunun təbliğatı deməkdir.
Şahanə MÜŞFİQ