525.Az

ABŞ və Fransa səfirlərinin Şuşaya getməməkliyi - Aqil Abbas yazır...


 

ABŞ və Fransa səfirlərinin Şuşaya getməməkliyi -<b style="color:red"> Aqil Abbas yazır...</b>

Mətbuatdan bildiyiniz kimi, Şuşada Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin diplomatlarının, daha  dəqiq desək, səfirlərinin iştirakı ilə böyük bir  tədbir keçirilib. Və nəinki bizim ölkədəki səfirlər, eləcə də  Türkiyə və Moskvada fəaliyyət göstərən xarici ölkələrin bir çoxunun  səfirləri, nümayəndələri, hərbi atteşeləri bizim dəvətimizi məmnuniyyətlə qəbul edib Şuşaya gəlib.

Yalnız ABŞ-ın və Fransanın səfirləri dəvətdən imtina ediblər, bu da ölkəmizdə böyük  narazılığa  səbəb olub.

Niyə narazı qalırsız ki, ABŞ və Fransanı  tanımırsız ki? Bizim xalq hər iki  ölkənin dabbaqda gönünə bələddir.

30 il Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal altında saxladı, 1 milyon  insan  yurdundan-yuvasından didərgin düşdü, şəhər və kəndlərimizi, Dünyanın Ən Varlı Şəhəri Ağdamı yerlə-yeksan elədi, məbədlərimizi, məscidlərimizi, abidələrimizi darmadağın etdi, hətta ölülərimizi qəbirdən çıxartdı, qəbiristanlıqlarımızda taxıl əkdi. Sərsəngi üzümüzə bağlayıb Yezid kimi 30 ildi bizi susuz qoydu, ABŞ və ya Fransa heç olmasa  bircə dəfə Ermənistana niyə belə vandallıq edirsən, faşistlik edirsən dedimi? Demədi!

Hətta Qarabağdakı separatçı rejimə ABŞ hər il 10 milyon  dollardan çox  açıq,  Allah  bilir nə qədər də gizli yardımlar  etdi. Bundan başqa  Ermənistana üst-üstə milyardlarla yardım  etdi ki, daha yaxşı silahlansın. Əvəzində torpağı  işğal altında  olan Azərbaycana, 1 milyondan   çox qaçqın və məcburi  köçkünü  olan  Azərbaycana ABŞ Senatı  907-ci maddəni  tətbiq elədi və hələ də  qüvvədədi.

Fransa da onun kimi. Bajı-bajı deyə-deyə hələ də bayıssının dalından əl  çəkmir, dalında durub.  Fransa 30 il bajılarının vəhşiliklərinə, qəhbəliklərinə (oxuculardan üzr istəyirəm, amma  qəhbəliyin elə bir adı var da, qəhbəlik) göz yumub.

İndi siz dabbaqda  gönünə bələd olduğunuz bu ölkələrdən nə umursunuz?!

Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada keçirilən tədbirdə bu məsələyə sərt reaksiya verdi. İndi oxuyuram ki, Hikmət Hacıyevə sosial şəbəkələrdə  hücum çəkiblər. Amerikançılardan, Fransanın dəsmal götürənlərindən nə gözləyirsiniz?

Nə ABŞ, nə Fransa, nə də ki  Rusiya Qafqazda sülh istəmir. İndi Rusiya  bir az yumşalıb, ortaq  mövqe tutub, təbii ki, bu da ABŞ və Fransanın  xoşuna gəlmir. Onlar Rusiyanı da bu savaşın içinə soxmağa  çalışırlar.  Yeməzlər!

ABŞ da, Fransa da ATƏT-i, Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin gorbagor etdiyi  ATƏT-i, yenidən gordan  çıxarmaq istəyirlər. Hətta ABŞ Minsk  qrupuna yeni  həmsədr təyin edib.

Əvvəla, ATƏT Avropa  Təşkilatıdırsa  ABŞ orda nə sülənir? İkincisi də keçmişdə belə bir  məsəl vardı, insanlar xoşagəlməz bir hadisə eşidəndə deyirdilər ki, ortada  ingilis barmağı var. İndi dünyada nə səfeh bir hadisə olarsa orada mütləq  amerikan barmağı  var.

Adam ABŞ-ın və Fransanın əleyhinə deməyə və yazmağa  qorxur. Qaragüruhçular ziyalıları necə gözüqıpıq eləyiblərsə gözlərini açıb həqiqəti deməkdən  çəkinirlər.

Millət vəkili  Fazil Mustafanın sözü olmasın, nə qədər sosial şəbəkələrdə böhtan atsalar da, təhqir etsələr də susmayacağıq, həqiqəti deməkdən çəkinməyəcəyik.

Bir məsələyə də toxunum. ABŞ səfirliyi  millət vəkillərinə müəyyən  tədbirləri ilə bağlı  dəvətnamə göndərirlər, özü də  ingilis dilində. Bu barədə  fikirlərimi illər əvvəl  Parlamentdə də  söyləmişəm, yenə də təkrar edirəm. Fikirləşin, bizim ABŞ-dakı səfirimiz keçirdikləri tədbirlərə dəvətnaməni Azərbaycan dilindəmi göndərir? Təbii ki, yox! Mən demişəm ki, səfirlik bir də dəvətnaməni başa düşmədiyim  ingilis dilində göndərsə  onun  heç bir   tədbirinə qatılmayacam.  Bunu  həmkarlarımdan da xahiş elədim. Və sonra da  ABŞ səfirliyinin  heç bir  dəvətinə  qatılmadım, onlar da gördü ki, baykot etmişəm  tədbirlərini, day  son zamanlar  mənə dəvətnamə göndərmirlər. Səfirliyin tədbirlərinə  qatılmadığıma görə xançalımın  qaşı  düşməyib. İndi oxuyuram ki, adamlar ABŞ səfirliyini  baykot etməyə  çağırır, mən  çoxdan  baykot  etmişəm.

Bir məsələni də xatırladım. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə Badamdar qəsəbəsində Məmməd Araz üçün  həyət yeri  ayırdılar  və şairə yaraşıqlı bir  ev tikdilər. Şair də o evi mənə, daha dəqiq desək, nəvələrinə  bağışladı. Ev hazır  olandan sonra Prezidentin  İşlər  İdarəsinin müdiri Akif Muradverdiyev  mənə zəng elədi. Heç demə, ABŞ  səfirliyi  Badamdar qəsəbəsində özlərinə iqamətgah axtarırmışlar. Akif müəllim  bildirdi ki, sənin evin amerikalıların  xoşuna  gəlib, icarəyə  götürmək istəyirlər, ayda da  10 min  dollar  kirayə  pulu verəcəklər, məsləhətdi, evi  verəsən onlara. Dedim, Akif müəllim, qətiyyən  razı deyiləm, böyük  yazıçımız Mir Cəlalın sözü ilə desək, itə ataram, amma yada satmaram.

Bir az keçdi, yenə  zəng elədi: «Məsləhətdi, sən o evi verəsən amerikalılara. İstəyirsən  sənə ayrı torpaq   sahəsi ayırarıq, orda  ev tikdirərsən». Dedim, Akif müəllim, xətrinizi istəyirəm, amma  qətiyyətlə deyirəm, evdə özüm yaşayacam.  Qısası, vermədim.

Həmin vaxt Bakıda Türkiyə səfirliyi Bəstəkarlar İttifaqının ikinci mərtəbəsində darısqal bir yerdə  fəaliyyət göstərirdi. Götürdüm qəzetdə yazdım ki, evimi məmnuniyyətlə pulsuz-filan Türkiyə  səfirliyinə bağışlayıram. Nə vaxt  özlərinə yeni  səfirlik tikərlər, onda da qaytarıb verərlər.

Allaha şükür, sonralar  Türkiyə  səfirliyi özünə ABŞ səfirliyindən də möhtəşəm, bağlı-bağatlı bir  bina tikdi.

Lap yadımdan  çıxmışdı həmin illərdə  Azərbaycanda ABŞ-ın  lom udmuş bir  səfiri vardı Rino Harniş, harda bir  balaca Azərbaycanın  əleyhinə  yığıncaq  olurdu, ya söz-söhbət olurdu  orda peyda olurdu, dəstək olurdu.  Özünü  az qala  Azərbaycanın  yiyəsi  kimi  aparırdı.  Heç vaxt  onu   qəzetdə ABŞ-ın ölkəmizdəki  səfiri  kimi  təqdim etmirdim, həmişə belə yazırdım: «Azərbaycan KP MK-nın  2-ci katibi Rino Harniş dünən  Sumqayıtda olub, ya harda olub».

Sovetləri  görənlərin  yadına  düşər, 2-ci  katiblər həmişə  özlərini  hamıdan üstün tutardılar, həmişə də rus olardılar və Rusiyadan  təyin  edilərdilər.

Bu da belə.

adalet.az

 





30.08.2022    çap et  çap et