İsmayıllıdan Qəbələ yoluna çıxanda yolun sağında gördüm ki, gözəl kətə bişirirlər. Maşını saxladım, kətə bişirən xanımlardan xahiş etdim ki, beş dənə də mənə bişirsinlər aparacam.
50-55 yaşlarında bir kişi obyektin qarşısındakı stolda tək oturub siqaret çəkə-çəkə çay içirdi.
Məni görcək ayağa qalxdı:
- Aqil məllim, savaanız xeyir! Gəlinbir istəkan çayiçin.
- Sağ olun, təşəkkür edirəm.
- Kətə bişənə qədər ayağ üstə gözləmiyəsiniz ha? Gəl, əmoğlu, gəl bir çay içək.
Şirin Qarabağ ləhcəsində danışırdı. Qolumdan tutub oturtdu. Çay süzdü.
- Bu obyekt məəmdi, saa qurbandı. İsmayıllıda rahat ev-eşik də tikdirmişəm. Başıyın dəstəsiynən qonağım ol.
- Allah qoysa, ayrı vaxt. İndi yol üstəyəm, Bakıya qayıdıram.
- Mən də Laçındanam. Həm Minkənddə, həm də Laçının özündə evmiz-eşiymiz vardı. Rəşad Məcidnən də qohumluğum çatır. Mirhacib ağa bizim nəslin də ağsaqqalıydı. Anam Ağcabədidəndi. Bir xalam da Ağdamda ərdədi.
- Rəşad mənim qardaşımdı.
- Sizi yaxşı tanıyram. Rəşada dayılıq etmisiz, o da sizi çox istiyir. Çayını iç, soyutma. İstiyirsən mirəbbə gətirsinlər.
- Çayı qəndlə içməyi xoşlayıram.
Başladı Laçından danışmağa. Elə həvəslə danışırdı, mən də həvəslə qulaq asırdım. Sonra da mən Laçın xatirələrimi danışdım. Onu ayrıca yazaram oxuyarsız.
Bir siqaret də yandırdı, sonra dedi:
- Obyekti də, İsmayıllıdakı evmi də satdığa qoymuşam.
- Niyə?
- Satıf çıxıf gedəjəm Laçına. Həm evmizi tikəjəm, həm də bu obyekti Laçında açajam. Getmişdim başçımız Aqil məllimin yanına, yaxşı oğlandı. Xahiş elədim ki, icazə alsın çıxıf gedim Laçına. Dedi mənnik döyül hələ. İndi istiyirəm gedəm Ağdama, Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi Emin məllimin yanına. Mənə kömək eləsin, arvad-uşağımı da götürüf köçüm Laçına. Evimi tikənəcən çadırda da yaşıyaram.
- Tək?
- Tək niyə? Bütün laçınlılar qayıtmax istiyir, mən də onnardan biri. Obyektimi də açajam.
- Laçında həyatın canlanmasına müəyyən illər lazımdı, obyekt işləməyəcək axı.
- Heç işdəməsin. Qoyun-quzu saxlıyıf ailəmi dolandıra bilmeyjəm? Guya dədə-babalarımız bizləri obyektlə saxlayıflar kı?
- Obyektini neçəyə satırsan?
- Sənə havayı, əmoğlu döyülsən?
- Bəs, başqasına?
- Nə verər-verər də, Allah bərəkət versin.
Kətələr hazır oldu. Durmaq istəyirəm, əl çəkmir:
- Mən ölüm, getmə. Otur bir az dərddəşək.
- Dostlar maşında gözləyir. Allah qoysa ayrı vaxt keçəndə yenə görüşərik.
- Hə, burda saxlıyarsan, uşaxlara deyərsən maa zəng eliyəllər gələrəm.
- Mənə bir sözün?
- Sözüm odur ki, mənim, bütün laçınlıların təşəkkürünü Cənab Prezident İlham Əliyevə çatdırasan. Biz laçınlılar kişi adamları sevirik. O da kişi oğlu kişidi, dediyini elədi. Qarabağı azad elədi və bizim də qaçqınlıq həyatımıza son qoydu.
Nə qədər elədim kətənin pulunu da götürmədilər.
- Məllim, pulunu qoy civinə. Kətə nədi, bu obyekt saa qurbandı.
Sonra da obyektin yanındakı quzuları göstərib dedi:
- Bəyənib oturmadız, yoxsa quzulardan birini ayağıyın altında kəsif sizə gözəl bir Laçın kabavı verəjəydim.
Öpüşüb ayrıldıq. Arxadan dedi:
- Rəşada salam söyləməyi unutma.
- Baş üstə.