Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri növbəti dəfə beynəlxalq konfransa ev sahibliyi edir. Konfrans işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə əməliyyatları və şəhərsalma potensialının istifadə edilməsi, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunub. Əvvəlki tədbirlərdən fərqli olaraq bu dəfə təkcə Azərbaycandakı rezident deyil, Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, diplomatik korpusların digər nümayəndələri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksək vəzifəli şəxsləri də konfransa qatılıb. Ümumi qonaqların sayı 160 nəfərdən çoxdur.
Nümayəndələr arasında Avropa İttifaqının, BMT-nin və bu təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığının, BMT-nin Uşaq Fondunun, İnkişaf Proqramının, Əhali Fondunun, Dünya Bankının, Türk Dövlətləri Təşkilatının, Türk Mədəniyyət və İrsi Fondunun, TÜRKSOY-un, Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın, Avropa Yenidənqurma və İnkişaf Bankının, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun, Beynəlxalq Miqrasiya Təşkilatının, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin nümayəndəliklərinin rəhbərləri, bütün qitələri əhatə edən, o cümlədən, Böyük Britaniya, Niderland, İsveç, Danimarka, Belçika, Almaniya, İtaliya, Müqəddəs Taxt-Tac, Macarıstan, Portuqaliya, Polşa, Çexiya, İran, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Çin, Filippin, Avstraliya, Yeni Zelandiya, İndoneziya, Kanada, Dominikan Respublikası, Qvineya, Salvador, Meksika, Panama, Argentina, Braziliya, Qvatemala, Uqanda, Ruanda, Sudan, Çad, Kamerun, Namibiya, Mərakeş, Liviya və digər ölkələrin səfirləri, diplomatları və hərbi attaşeləri yer alıblar.
Bütün qitələrin əhatə olunduğu bu mühüm tədbirə ABŞ və Fransanın Bakıdakı səfirləri qatılmayıblar. Onların hər ikisi dəvət alsalar da, Şuşaya getməkdən imtina ediblər. Məlumat üçün bildirək ki, bundan əvvəl də diplomatik korpusun səfəri və digər tərbirlərə bu iki ölkənin səfiri və ya nümayəndəsi qatılmayıb.
Haqlı sual meydana çıxır: ABŞ və Fransa səfirlərinin imtinasının səbəbi nədir? Onlar niyə Azərbaycan üçün qiymətsiz mənəvi dəyəri olan Şuşa amilindən ehtiyatlanırlar? Əlbəttə ki, bu münasibət səfirlərin təmsil etdikləri ölkələrin mövqeyidir. O ölkələr ki, 30 ilə yaxın Minsk qrupunda həmsədr olub, amma münaqişənin həlli ilə bağlı bir addım belə atmayıblar. Ötən illər ərzində status-kvonu uzatmağa cəhd göstəriblər ki, bu da birbaşa Ermənistanın marağında olub. Ümumiyyətlə, Minsk qrupu deyilən təşkilat işğalçının tərəfində olub, açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirib, erməni vandalizminə göz yumub. İndi də tarixin arxivinə gömülmüş Minsk qrupunu yenidən dirçəltmək istəyirlər. Elə bir neçə gün əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken səfir Filip Rikeri Qafqaz danışıqları üzrə baş məsləhətçi və Minsk qrupunun həmsədri təyin etdiyini açıqlayıb.
ABŞ-la Azərbaycan strateji tərəfdaşlıq münasibətləri qurub. Amma Vaşinqtonun sərgilədiyi bu mövqe riyakarlıqla yanaşı, münasibətlərin inkişafına da sədd çəkir. Başqa sözlə, ABŞ öz addımları ilə regionda sülh, əmin-amanlıq deyil, qeyri-sabitliyin tərəfdarı kimi çıxış edir. Münaqişənin həll olunduğunu, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini nə ABŞ, nə Fransa həzm edə bilir. Həmsədr məsələsi ilə bağlı bir neçə gün əvvəl Azərbaycan XİN bəyan etdi ki, faktiki olaraq fəaliyyət göstərməyən Minsk qrupunun "reanimasiya" edilməsi cəhdləri ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşması ilə nəticələnə bilər.
Məsələnin digər tərəfi, tutaq ki, həmsədr təyin edildi, bəs nə iş görəcəyi məlumdur? Əlbəttə ki, yox. O da nəzərə alınmalıdır ki, bu gün artıq Azərbaycanla Ermənistan arasında birbaşa təmas var. Xarici işlər nazirləri telefon danışığı aparır.
Fransaya gəlincə, əlavə nə isə deməyə ehtiyac qalmır, 44 günlük Vətən müharibəsində Paris ən üst səviyyədə işğala haqq qazandırdı, erməni separatçılarına dəstək göstərdi, Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaradılması üçün əlindən gələni etdi. Amma münaqişə bitəndən sonra Parisin də mövqeyini dəyişəcəyini, reallıqları qəbul edəcəyini gözləmək olardı. Lakin bu mövqeləri ermənilərin əsirinə çevrilən böyük dövlətlərin əslində, neçə kiçik olduqlarını göstərir.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ və Fransa səfirlərinin Şuşada keçirilən beynəlxalq konfransda iştirak etməməsinə münasibət bildirib: "Fransa və ABŞ-ın Azərbaycandakı səfirləri bu gün Şuşaya təşkil edilən səfərdə iştirak etmirlər. Onlar Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərdilər. Biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik. Fransa və ABŞ ATƏT-in Minsk qrupunun həmsədrləri kimi 30 il ərzində münaqişənin həllinə töhfə verməyiblər. Onlar 30 il Azərbaycanın zamanını itirdilər. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər".
Deputat Hikmət Babaoğlu: "Şuşada təşkil olunan beynəlxalq konfrans Laçının faktiki işğaldan azad edilməsindən bir gün sonraya, 31 avqustda Brüsseldə keçiriləcək Ermənistan və Azərbaycan liderlərinin görüşündən bir neçə gün əvvələ təsadüf edir. Seçilən zaman və dəvət edilən iştirakçı kontingentinin tərkibi Azərbaycanın bu konfransı təşkil etməkdə məqsədinin dünyaya xüsusi ismarıclar verməsinin göstəricisi hesab edilə bilər. Məqsəd bir daha post-müharibə reallıqlarının regionda sülh və əməkdaşlıq üçün yeni imkanlar açmasını, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin azad edilməsi ilə Azərbaycanın Şərqi Zəngəzurda suveren hüquqlarının bərpasının başa çatmasını və bu mərhələdə artıq mümkün sülh danışıqları üçün daha real və əlverişli şərtlərin yaranmasını diqqətə təqdim etməkdən ibarətdir. Eyni zamanda Ermənistanın işğal dövründə Azərbaycan torpaqlarında törətdiyi vandalizmin miqyasının nə qədər böyük olduğunu, lakin buna baxmayaraq, qısa müddətdə həmin ərazilərdə necə böyük infrastruktur və enerji layihələrinin həyata keçirildiyini və bütün bunların hamısının heç bir yardım olmadan Azərbaycanın öz hesabına həyata keçirilməsinin nümayiş etdirilməsidir. Bütün bunlar isə regionda siyasi-iqtisadi əməkdaşlığı və sabitlik üçün, rifah üçün atılan addımlardır. Bu mühüm konfransa qatılmaqdan imtina edən ABŞ və Fransa səfirlərinin hərəkətləri isə belə deməyə əsas verir ki, onlar regionda sabitliyin, sülhün, rifahın olmasını istəmirlər. Ya da regional sülh və beynəlxalq hüquq onların ikili standartlar eynəyindən fərqli göründüyü, qlobal siyasi ambisiyalarla şərtləndiyi üçün yeni reallığı qəbul etmək istəmirlər. Bunların hər ikisi zərərlidir, beynəlxalq hüquq və normalarla izah edilən, normal siyasi məntiqlə başa düşülən deyil. Üstəlik, hazırkı mürəkkəb beynəlxalq kataklizmlər fonunda Avropaya sabit alternativ enerji və nəqliyyat marşrutu təmin edən etibarlı tərəfdaş kimi Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünə olan münasibətin etibarsızlaşdırılması kimi başa düşülə bilər. Ancaq əsas məsələ ondan ibarətdir ki, Azərbaycan bütün bu mürəkkəb və qeyri-adekvat şərtlər içərisində öz məqsədlərinə çatmağı bacarır. Bu prosesdə çətin imtahanlardan keçən çoxsaylı etibarlı dostlar və müttəfiqlər qazanır.
Elə Şuşada təşkil edilən konfransa Azərbaycanda akkreditə olunmuş, eyni zamanda, Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun digər nümayəndələri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksəkvəzifəli şəxsləri də olmaqla ümumilikdə 160-dan çox nümayəndənin qatılması da bunun əyani sübutudur".
Bu gün Azərbaycan bütün dünyada maraq doğuran bir dövlətə çevrilib. Ölkəmizin Qoşulmama Hərəkatının sədri olaraq fəaliyyəti, Afrika ölkələrinə yardımı, xüsusilə pandemiya ilə mübarizədə qlobal töhfələri yüksək qiymətləndirilir. Münasibətlərimizin yüksək səviyyədə olmadığı ölkələrin, o cümlədən, Qvatemala, Panama, Qvineya, Ruanda, Kamerun, Uqanda, Çad, Avstraliya və Okeaniya regionu ölkələrinin və digərlərinin diplomatlarının Şuşada olması ABŞ və Fransadan fərqli olaraq bu dövlətlərin beynəlxalq hüquqa, dövlətlərin ərazi bütövlüyünə hörmət və dəstəyinin ifadəsidir. Şübhəsiz ki, Azərbaycan da gələcək əməkdaşlıqda bu amilləri nəzərə alacaq.
çap et