525.Az

Bir faciənin dünyaya verdiyi dərs - Şahanə Müşfiq yazır


 

Bir faciənin dünyaya verdiyi dərs - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

1964-cü ilin 13 martında Amerikanın Nyu-York şəhərində öncə ölkəni, sonra isə bütün dünyanı sarsıdan, uzun elmi araşdırmalar tələb edən və qurbanının adıyla tarixə düşən hadisə baş verdi. Kitty Genovese adlı gənc qadın yorğun iş gününün sonunda evinə gəlmişdi. Avtomobilindən düşüb evinə getmək istərkən qəfil bir nəfərin hücumuna məruz qalır. Həmin adam öncə Kittyə təcavüz etmək istəyir, bacarmayanda isə döyərək iki dəfə bıçaqlayıb oradan uzaqlaşır. Hələ sağ olan qadının səsi, kömək çağırışları küçəni başına götürür. Ancaq vaxtın hələ o qədər də gec olmamasına rəğmən, səsinə səs verən olmur. Qatil bir neçə dəqiqə sonra geri dönüb Kittyni yerdə uzanmış vəziyyətdə tapır və yenidən ona hücum edir. Bu dəfə yarım saata yaxın qadını bıçaqlayıb qaçır. Qəribədir ki, bu faciəvi hadisə çox sayda insanın gözü qarşısında baş verir. Ancaq nə birinci, nə də ikinci hücumda o insanlardan kimsə qadına kömək etmək, ya da ən azından həmin vaxt polisə xəbər vermək haqqında düşünmür, cəhd etmir. Yalnız qatil hadisə yerindən uzaqlaşandan, təxminən hadisədən bir saat sonra kimsə polisə zəng edir. Dərhal hadisə yerinə gələn polis qadını xəstəxanaya göndərir. Ancaq qadın yoldaca dünyasını dəyişir. 

Polisin araşdırmalarına görə, bu hadisəni rəsmi 38 nəfər görüb. Yəni bir insanın vəhşicəsinə öldürülməsinə ən az 38 nəfər səssiz-səmirsiz şahidlik edib və müdaxilə etmək, polis çağırmaq üçün heç biri cəhd göstərməyib.

Bir neçə gün sonra qatil Vinston Moseley tutulur. O, ailəli və üç uşaq atası bir təmirçi idi. Tutulduqdan sonra Kittydən başqa daha iki qadını da öldürdüyünü etiraf edir. Onun psixiatrik diaqnozunda nekrofiliya cəhdləri olan antisosial şəxsiyyət pozuntusu olduğu qeyd edilir. Ştat qanunlarına əsasən, o, edam olunur.

Hadisədən sonra polislərdən biri bunu jurnalist dostuna danışır. Jurnalistin marağını çəkdiyindən hadisəylə bağlı xəbər hazırlayır. Xəbər ölkə gündəminə bomba kimi düşür. Psixoloqlar, psixiatrlar, sosioloqlar hadisəylə maraqlanmağa və səbəblərini araşdırmağa başlayırlar. Hadisə ilə əlaqəli yekun elmi rəyi isə alim Con Darli və Bibb Latan verirlər. Belə ki, onların rəyinə əsasən, hadisədə yardımın olunmaması və ya gec olunması "məsuliyyətin bölüşdürülməsi" fenomeni kimi adlandırılır. Təhlükəli anda çox insanın olmasının, göstəriləcək yardımın gecikməsinə səbəb olduğu hadisə "Kitty Genovese sindromu", başqa cür desək, "izləyici təsiri" adı ilə sosial psixologiyada yer almağa başladı. 

Loru dildə desək, əgər hadisə anında az sayda adam varsa, onların hadisəyə müdaxiləsi daha tez və gözləniləndir. Adam sayı artdıqca isə müdaxilə ya çox gecikir (Kittynin hadisəsində olduğu kimi), ya da heç olmur. Çünki şahidlərin hamısı "bir başqası mütləq polisə zəng vurar, ya da müdaxilə edər" fikriylə laqeyd qalırlar. Həmçinin, bu laqeydlikdən də çox hər hansı bir problemi, məsuliyyəti başqasının üstünə atmaq, yükləmək düşüncəsidir. "Başqası zəng edər", "başqası baxar", "mütləq kimsə görmüş olar", "biz başımızı ağrıtmayaq", "bizlik deyil", "biz işimizlə məşğul olaq" kimi sosial məsuliyyətdən qaçmağa çalışır. Nəticədə ortada təsirsiz, gücsüz müdaxilə qalır ki, bu da həmin an üçün qurbanın, geniş zamanlar üçün isə cəmiyyətin faciəsinə çevrilir. İctimai təsirsizlik cinayətlərin və cinayətkarların artmasına, bir çox halda cəza almadan əlini-qolunu sallayaraq aramızda gəzməsinə, biz, ətrafımız və sevdiklərimiz üçün təhlükə olmağa davam etməsinə gətirib çıxarır.

Bu fenomenin qaynaqlandığı təməl səbəblər isə bunlardır:

- Oradakı hər kəsin kimsənin kömək etmədiyini görməsi;

- Hamının ətrafda zərərçəkənə kömək edəcək ondan daha vəzifəli birinin olduğunu düşünməsi;

- İnsanların ətrafda onların müdaxilə edəcəyini görəcək çox sayda adam olduğunu düşünərək müdaxiləylə bağlı güvənsizlik və ya utanc hiss etməkləri.

Kittynin hadisəsi ilk idimi? Təbii ki, yox! Son oldumu? Əsla! Sizcə də, günümüzdə bu sindrom sürətlə artmağa və daha geniş vüsət almağa başlamayıbmı? Görəsən, bunun içində yaşadığımız sistemlə, yeniləşən dünyayla bir əlaqəsi varmı? Nə çox ölkəmizdə və dünyada köməyə möhtac insanlara qarşı cəmiyyət tərəfindən laqeyd münasibət. Lakin hər birimiz bu cür passiv davranışın sabahımızı daha böyük təhlükələrlə üz-üzə qoyduğunu düşünməliyik. Əgər dünyanı evimiz, özümüzü də onun bir sakini hiss ediriksə, bu cür hallarla mübarizə aparmağa borcluyuq. Əks halda, özümüzü ya zərərçəkənə yardım etməyən şahid, ya da heç bir kömək edilməyən o zərərçəkənin yerində görə bilərik. Unutmayaq, daha gözəl və daha ədalətli dünya öncə öz içimizdən başlayır!

 





30.08.2022    çap et  çap et