Laçın şəhəri 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq və dövlətimizin rəhbərliyinin bu yöndə apardığı qətiyyətli siyasət nəticəsində avqustun 20-da Azərbaycana qaytarılıb.
Prezidenti İlham Əliyev avqustun 26-da Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi barədə paylaşım edib. İlham Əliyev bu münasibətlə bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib: "Bu gün, avqustun 26-da biz - azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!"
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hazırda qeyd olunan ərazilərdə bölmələrimizin yeni dislokasiya məntəqələrinə yerləşdirilməsi, həmçinin, zəruri mühəndis işlərinin görülməsi istiqamətində fəaliyyətlər davam etdirilir.
Avqustun 26-da Azərbaycan Respublikasının Dövlət Bayrağı Laçın şəhərində ucaldılıb. Korpus komandiri, general-mayor Kənan Seyidov bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məruzə edib: "Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan! Əmrinizə əsasən, Azərbaycan Ordusu Laçın şəhərini, Zabux və Sus yaşayış məntəqələrini tam nəzarətə götürdü. Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı dalğalanır. Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır!"
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bu barədə açıqlamasında qeyd edildiyi kimi, Prezident İlham Əliyev hər zaman vurğulayır ki, nəyi, nə zaman, necə və nə cür etməyi yaxşı bilir və edir. Avqustun 26-da Laçın şəhərinin mərkəzinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə götürülməsi, Zabux və Sus kəndlərinə ordumuzun yerləşməsi, yəni bu yaşayış məntəqələrinin ölkəmizin tam nəzarətinə keçməsi bunu bir daha göstərir: "Ermənistan tərəfindən geniş təbliğat aparılır, dezinformasiyalar, manipulyasiyalar var. Beynəlxalq ictimaiyyət çaşdırılır, yanlış məlumatlar verilir. Orada yaşayan ermənilərin qeyri-qanuni məskunlaşma siyasətinin tərkib hissəsi olduğu, qeyri-qanuni məskunlaşmanın isə Cenevrə Konvensiyası və beynəlxalq hüquqa görə əslində, müharibə cinayəti olması kimi faktlar da beynəlxalq ictimaiyyətə çatdırıldı. Bütün bunların hamısı razılaşmalar əsasında atılmış addımlardır. Bu, üçtərəfli bəyanatda da müəyyən olunmuş şərtlərdən biridir və Azərbaycan Laçın şəhəri üzərində də öz suverenliyini tam şəkildə bərqərar etmiş oldu. Prezident nəyi, nə zaman edəcəyini yaxşı bilir, siyasi, diplomatik, hərbi və ölkəmizin digər resurslarından istifadə edərək xalqımızı bu hədəflərə çatdırır. Prezidentin dünənki tviti də müharibə dövründə yaşadığımız sevincləri hər bir Azərbaycan vətəndaşına bir daha yaşatmış oldu".
Laçın şəhəri ölkəmizin cənub-qərbində, Qarabağ dağ silsiləsində yerləşir. Rayonun reylefi dağlar və dağlıq yaylalardan ibarətdir. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594 m). Bitki örtüyü kolluq və seyrək meşəli çəmənliklərdən, enliyarpaqlı dağ meşələrindən (palıd, vələs, fıstıq və s.), subalp və alp çəmənliklərindən ibarətdir. Ərazisinin çox hissəsində qışı quraq keçən mülayim-isti, soyuq iqlim tipi, Qarabağ yaylasında isə dağ-tundra iqlimi üstünlük təşkil edir. İllik yağıntının miqdarı 600-900 mm-dir. Rayon ərazisindən Həkəri çayı və onun qolları keçir.
İşğal dövründə Laçının meşə fondunun əhəmiyyətli hissəsi Ermənistan tərəfindən məhv edilib. Rayon ərazisində ümumi sahəsi 1092 ha olan üçüncü dövrün relikt növlərinə aid "Ardıc meşəsi" dövlət təbiət abidələri kimi xüsusi qiymətli meşə sahələrinin siyahısına daxil edilib. Burdakı ağacların yaşı 100-150 idi. Rayon ərazisində 2 xüsusi mühafizə olunan təbiət ərazisi - Qaragöl Dövlət Təbiət Qoruğu və Laçın Dövlət Təbiət Yasaqlığı yerləşir.
Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən (3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları), civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi vermikulit yataqları daha böyük ehtiyatlara malikdir.
Laçın rayonunda 73 tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Onlardan 3-ü ölkə əhəmiyyətli memarlıq, 8-i ölkə əhəmiyyətli arxeoloji, 47-si yerli əhəmiyyətli memarlıq, 3-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abidəsi, 3-ü yerli əhəmiyyətli arxeoloji, 9-u dekorativ-tətbiqi sənət nümunələri abidələridir.
Rayon ərazisində yerləşən Ağoğlan məbədi, Məlikəjdər türbəsi, Sarı Aşığın xatirə muzeyi, Həmzə Soltan sarayı və Dəmirovlu Pir məbədi Azərbaycan ərazisində mövcud olan daşınmaz tarix-mədəniyyət abidələri içərisində xüsusi önəmə malikdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini, zabuxlu Gündüz İsmayılov deyib ki, 30 il gözlədik. Nəhayət, arzumuz çin oldu. Bu günə şükür: "Doğrudur, ötən 30 il ərzində itirdiklərimiz oldu. Amma şükür ki, Laçına qayıdacaq insanlarımız kifayət qədərdir. Tezliklə Laçına, Zabuxa qayıtmağı gözləyirik. Dövlətimiz, ordumuz sağ olsun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Biz qələbələrimizə onların, uğurlu diplomatiyamızın sayəsində sevinirik".
G.İsmayılov, həmçinin nəsillərarası təsadüfə diqqət çəkib: "Mən Laçından - doğma kəndimdən çıxanda 10 yaşım var idi. Üzərindən 30 il keçdi. İndi mənim 40, oğlumun 10 yaşı var. Çox maraqlıdır. Oğlum 10 yaşında mənimlə birlikdə Laçına qayıdacaq. Deməli, nəsillər davam edir. Həqiqətən çox xoş, unudulmaz gündür".
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynovanın sözlərinə əsasən, 44 gün davam edən və şanlı Qələbə ilə bitən Vətən müharibəsi bu gün də siyasi, diplomatik müstəvidə davam edir. Azərbaycan ötən müddət ərzində addım-addım öz mühüm vəzifəsinə doğru irəliləyir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi uzaqgörənliyi, diplomatik bacarığı, ordumuzun rəşadəti sayəsində tədricən məqsədlərimizə nail oluruq. Bu gün artıq Laçındayıq, Zabuxdayıq, Susdayıq: "Biz böyük minnətdarlıq hissi ilə bütün şəhidlərimizi yad edir, qazilərimizə cansağlığı, müharibə iştirakçılarına, rəşadətli ordumuza təşəkkür edirik. Azərbaycan bundan sonra daha da inkişaf edəcək, xalqımız öz əzəli torpaqlarına qayıdacaq. Biz bu gün çox xoşbəxtik, çünki öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, eyni zamanda, Qarabağımızın əsrarəngiz guşəsi olan Laçına qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq. Tarix də sübut edir ki, biz haqlı mübarizə aparırıq. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini Azərbaycan öz gücünə yerinə yetirdi. İqtisadi imkanlarımız artmadan buna nail olmaq çətin olardı. Güclü ordu, işğaldan azad edilən ərazilərimizin yenidən bərpası, 30 ilə yaxın öz Vətənlərində məcburi köçkün vəziyyətinə düşmüş vətəndaşlarımızın doğma yurdlarında firavan və təhlükəsiz yaşaması üçün iqtisadiyyatımızın inkişafı mühüm məsələ idi. Müharibənin bitməsindən keçən qısa müddətdə bu qədər yolun, körpünün, tunelin inşası, sosial infrastrukturun qurulması, kəndlərin, şəhərlərin salınması, tarixi-dini irsimizin bərpa edilməsi, beynəlxalq hava limanlarının tikilməsi - bütün bunlar ölkəmizin iqtisadi potensialından, xalqımızın qurub-yaratmaq əzmindən xəbər verir".
H.Hüseynova qeyd edib ki, Azərbaycan həm də məsuliyyətli, ləyaqətli dövlət olduğunu bütün dünyaya sübut etdi. Belə güclü Azərbaycanla dünya ölkələri, beynəlxalq təşkilatlar da əməkdaşlıq etməyə hazırdır. Azərbaycan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatın müddəalarına uyğun olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Ölkəmizin iqtisadi, siyasi üstünlüyü, dövlət başçımızın qətiyyəti, iradəsi açıq-aydın görünür. Prezident İlham Əliyev elə müdrik və mükəmməl siyasət həyata keçirir ki, qarşı tərəf nə qədər əngəl, maneə yaratmaq istəsə də, heç nəyə nail ola bilmir və bilməyəcək. Çünki Ermənistan üzərinə öhdəlik götürüb və onu da yerinə yetirməlidir: "Yeni yolun marşrutu üçtərəfli Bəyanata uyğun olaraq müəyyənləşdirilib və razılaşdırılıb. Bu yolun digər mühüm əhəmiyyəti ondan ibarətdir ki, Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması oradan didərgin salınmış on minlərlə məcburi köçkünün təhlükəsiz və ləyaqətli geri qayıdış hüququnun təmin edilməsinə şərait yaratmaqla, ümumilikdə münaqişədən sonrakı normallaşma üçün mühüm addım olacaq".
Millət vəkilinin dediyinə görə, Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması, ilk növbədə beynəlxalq hüququn, ədalətin bərpasıdır. Belə ki, 1994-cü ildə həmin ərazilərdə qanunsuz məskunlaşmanın aparılması Ermənistanın müharibə cinayətlərinin növbəti təzahürüdür və Cenevrə konvensiyalarının ciddi pozuntusuna yol verilmişdir. Buraya köçürülən erməni ailələri heç zaman Qarabağda, hətta Ermənistanda belə yaşamayıblar. Onlar Suriyada, Livanda yaşayan ermənilərdir. Ona görə də qarşı tərəfin apardığı bu qanunsuz məskunlaşma siyasəti müharibə cinayət olmaqla bərabər, Ermənistan üçün beynəlxalq hüquqi məsuliyyət yaradır. Biz bu faktdan yararlanmalı və müvafiq təşkilatlar qarşısında məsələ qaldırmalıyıq: "Keçdiyimiz yol şərəfli yoldur, qələbələr, uğurlar yoludur. Əminəm ki, biz həmişə qələbələr yolu ilə gedəcəyik".
Sevinc QARAYEVA