525.Az

Son 15-20 ildə Azərbaycanda anormal hadisələr artıb – SOS


 

Son 15-20 ildə Azərbaycanda anormal hadisələr artıb – <b style="color:red">SOS</b> “Qlobal iqlim dəyişmələri nəticəsində ölkələr anormal hadisələrdən daha tez-tez əziyyət çəkir”.

Bunu Lent.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirib. O qeyd edib ki, anomal proseslər bir çox ölkələrdə müşahidə edilir. “Azərbaycanda da aparılan müşahidələr onu göstərir ki, son 15-20 ildə anomal hidrometroloji hadisələrin təkrarlanmasında müsbət tendensiya izlənilir. Yəni anomal hadisələr xeyli artıb. Xüsusən də ölkəmizin dağlıq və dağətəyi rayonlarında daşqın və sel proseslərində iki dəfəyə qədər artım müşahidə olunur. Son 10 il üçün bu proseslər daha çox xarakterik olub”.
 
U. Tağıyeva onu da vurğulayıb ki, respublikanın qərb bölgəsində ötən gün axşam saatlarında leysan xarakterli yağışlar yağıb, dolu düşüb, şiddətli qərb küləyi əsib. O qeyd edib ki, əlverişsiz hava şəraiti ilə bağlı iyunun 7-də proqnoz tərtib olunub, bununla bağlı vətəndaşlara xəbərdarlıq edilib. “Ayın 10-da verilən xəbərdarlığa növbəti dəqiqləşdirmə aparılıb və həmin xəbərdarlıq iyunun 14-nə qədər uzadılıb: “Belə ki, iyunun 14-nə kimi hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Arabir, xüsusən gecə və axşam saatlarında respublikanın rayonlarında şimşək çaxacağı, yağış yağacağı, daha çox dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv yağış yağacağı, dolu düşəcəyi ehtimal olunur. Cənub küləyi iyunun 11-də arabir güclənəcək. Daha güclü külək iyunun 12-si gecədən 13-nə keçən günə proqnozlaşdırılır. Həmin gün qərb küləyinin gücü Kür vadisi rayonlarda saniyədə 28-30 metrə qədər çatacaq. Qeyri-sabit hava şəraitinin səbəbi  Türkiyədən-Aralıq dənizi ərazisindən gələn siklonik sahənin nisbətən Xəzər dənizinə yönəlməsidir. Eyni zamanda, sərin hava kütlələri Qara dəniz rayonlarından Cənubi Qafqaza doğru hərəkət edir. Buna görə də paytaxtda temperatur aşağı enəcək”. 
 
U. Tağıyevanın sözlərinə görə, iyunun 13-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsməsi temperaturun xeyli aşağı enməsinə səbəb olacaq. “Ayın 13-də Bakıda temperatur günorta saatlarında 22-23 dərəcəyə qədər enəcək”.    
 





11.06.2014    çap et  çap et