525.Az

"Azərbaycanı Afrika qitəsi üçün mühüm strateji tərəfdaş kimi görürük"


 

SƏFİR DİPUO BERTA LETSATSİ-DUBA: "ENERJİ, İXRAC, MƏDƏNİYYƏT, XALQLAR ARASINDA ƏLAQƏLƏRİN İNKİŞAFI PRİORİTET SAHƏLƏRDİR"

"Azərbaycanı Afrika qitəsi üçün  mühüm strateji tərəfdaş kimi görürük"<b style="color:red"></b>

Cənubi Afrika Respublikasının (CAR) ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri (iqamətgahı Ankara) xanım Dipuo Berta Letsatsi-Duba "525-ci qəzet"ə müsahibə verib. Səfir iki ölkə arasında əməkdaşlığın prioritet sahələri, gələcək planlar və digər mövzular barədə danışıb. Müsahibəni təqdim edirik.

- Xanım səfir, siz bu yaxınlarda etimadnamənizi Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdiniz. Cənab Prezidentlə görüşdən hansı təəssüratlarla ayrıldınız?

- Bu, mənim Azərbaycanın dövlət başçısı İlham Əliyevlə ilk görüşüm idi. Bizim görüşümüz çox uzun sürmədi. Amma mən gördüm ki, cənab Prezident uzaqgörən liderdir və ölkələrimiz arasında əlaqələrin inkişafında maraqlıdır. Hətta diplomatik baxımdan belə, ölkələrimiz arasında əməkdaşlıq insani xarakter daşıyır.

Mənim müşahidələrim ondan ibarətdir ki, İlham Əliyev idarəçilik nöqteyi-nəzərdən ümumdünya böhranı fonunda dünyanı narahat edən problemlərin həllini təmin etmək istəyir. 

- Səfir olaraq Azərbaycandakı fəaliyyətinizin əsas istiqamətləri nələr olacaq?

- Hazırda diqqət mərkəzimizdə olan əsas məsələ ticarət əlaqələrimizi canlandırmaqdır. Ancaq təəssüf ki, pandemiyanın yaratdığı şərtlər bunu qeyri-mümkün etdi. Biz münasibətlərimizdə istədiyimiz səviyyəyə gəlib çatmamışıq. COVİD-19-un yaratdığı çətinliklər nəticəsində ticarət əlaqələri demək olar ki, sıfıra enib. Bu kəsiri azaltmaq üçün ticarətə ehtiyacımız var. Başlıca diqqət Azərbaycan hökuməti ilə bu sahədə irəli sürülən təşəbbüslər əsasında əlaqələləri canlandırmağa yönəlib. İndi bizim ən böyük hədəfimiz ticari-iqtisadi əlaqələrin həcminin artırılmasıdır. 

- Ümumilikdə, Azərbaycanla CAR arasında münasibətləri necə dəyərləndirirsiniz?

- Azərbaycan ilə Cənubi Afrika Respublikası arasında möhkəm, səmimi, qarşılıqlı hörmətə dayanan münasibətlər var. Biz Azərbaycanı CAR üçün çox strateji bir ölkə, Afrika qitəsi baxımından isə strateji tərəfdaş kimi görürük.

Biz Afrika Kontinental Azad Ticarət Zonasını təşviq edirik. Afrika Kontinental Azad Ticarət Zonası Afrikada təxminən 1,3 milyard insanın mal və xidmətləri üçün ən böyük vahid bazar yaratmaq və Afrikanın iqtisadi inteqrasiyasını dərinləşdirmək üçün iddialı ticarət sazişidir. Cənubi Afrika da bu layihənin bir hissəsidir.

Azərbaycan neft-qaz və kənd təsərrüfatı sahələrində çox güclü rol oynayır. Beləliklə, biz bu fürsətdən həm qitə, həm də Cənubi Afrika üçün diplomatik və iqtisadi baxımdan əlaqələrimizi gücləndirmək üçün istifadə etmək istəyirik.

- Xanım səfir, iki ölkənin əlaqələrində hansı sahələrin inkişafı prioritet təşkil edə bilər?

- İlk növbədə enerji sektoru. Əgər ölkəmizdəki inkişafı izləyirsinizsə, bizim enerji böhranı yaşadığımızı görmüş olarsınız. Biz Azərbaycanı neft, qaz, eləcə də digər neft məhsulları təhcizatı kontekstində bizə kömək göstərə bilən tərəfdaş kimi görürük. Digər prioritetlərimiz mədəniyyət, ixrac, xalqlar arasında əlaqələrin inkişafıdır.

Biz indi kənd təsərrüfatının elm olduğu bir dövrdə yaşayırıq. İqlim dəyişiklikləri kənd təsərrüfatına təsir edir və bu baxımdan müasir üsullardan istifadə etməklə qida istehsalına nail olmalıyıq. Burada dayanıqlı ərzaq təminatı nəzərdə tutulur. Çünki iqlim dəyişikliyi və mövsüm dəyişikliyi də ərzağa təsir edir. Yuxarıda qeyd etdiyim kimi, ərzağın ən müxtəlif müasir üsullarla istehsalına ehtiyacımız var və bu aspektdə Azərbaycanı təsir rıçaqı kimi görürük. Çünki Azərbaycan bölgənin taxıl istehsalçısıdır.

- Azərbaycan CAR-dan əsasən hansı məhsulları alır?

- CAR-dan Azərbaycana sitrus məhsulları, dana əti ixrac olunur.

- CAR Afrika qitəsinin iqtisadi cəhətdən ən inkişaf etmiş ölkəsidir. Bilirsiniz ki, pandemiya həm ölkələrin özlərinə, həm də dövlətlərarası münasibətlərə mənfi təsirini göstərdi. Siz bununla bağlı nə deyə bilərsiniz?  CAR hansı mənfi nəticələrlə qarşılaşdı?

- COVİD bütün dünyada insanların həyatına mənfi təsir göstərdi, biz də istisna deyilik. İndi də bu, tam şəkildə keçməyib, hələ də bərpa olmamışıq, özümüzə gəlməmişik. Pandemiya səhiyyəmizdən tutmuş iqtisadiyyata qədər demək olar ki, bütün sahələrə təsir etdi. Bu, turizm sənayesinə də təsir göstərdi. Uçuşlar, əlaqələr bir anda dayandırıldı. Pandemiyadan sonra biz yeni normalara, yeni iş üsullarına keçməliyik.

COVİD-dən sonra ölkələrin özünə gəlməsi üçün uzun müddət tələb olunur. Cənubi Afrika hökumətinin də COVİD nəticəsində yaranan problemləri həll etmək üçün inkişaf, iqtisadi bərpa planı var.

- CAR həm də dünyada məşhur turizm istiqamətlərindən biridir. Azərbaycanla turizm sahəsində əlaqələr necədir? Bu sahənin inkişafı, təşviqi üçün nə kimi addımların atılması nəzərdə tutulub?

- Bizim prioritetlərimizdən ən vacibi ünsiyyətdir. Ünsiyyət, ünsiyyət və yenə də ünsiyyət. Çünki ölkəmizdə Azərbaycan haqqında çox az adam bilir. Öz növbəsində Cənubi Afrika haqqında da sizin ölkənizdə çox az adamın məlumatı var. Turizmin qarşılıqlı təbliği, tanıdılması üçün uyğun strategiya olmalıdır. Sizin mətbuat, müzakirə qrupları, agentliklər, eləcə də hotel, qida mədəniyyətiniz barədə məlumatlandırmanın aparılması və s. qeyd oluna bilər. Azərbaycan bizim üçün çox xüsusi və stratejidir. Beləliklə, biz kommunikasiya strategiyamızı yaxşılaşdırmaq istəyirik.

- Yeri gəmişkən, iki ölkə arasında birbaşa reyslərin açılması gözlənilir?

- Yaxın gələcəkdə birbaşa uçuşlar mümkün olmayacaq. Lakin turizm müəyyən vasitələrlə təşviq edilə bilər. Məsələn, qruplar qarşılıqlı olaraq səfər edib, ölkələri kəşf edə bilərlər. Əgər normal uçuşlardan istifadə etsəniz, bu, çox uzaq olar. Üstəlik, bürokratiya, müxtəlif hava limanları. Bunun əvəzinə çarter reyslər təklif edə bilərik. Əgər ölkələrimiz arasında razılaşma olarsa, biz bu reysləri sadəcə turistlər üçün deyil, hər iki ölkədə iş qurmaq istəyən investorlar, biznesmenlər üçün də edə təşkil bilərik.

- Azərbaycan 2020-ci ildə 30 ilə yaxın işğaldan sonra Qarabağı azad etdi. Hazırda həmin bölgədə geniş quruculuq və bərpa işləri aparılır. Müxtəliif ölkələrin şirkətləri prosesdə iştirak edir. CAR hansısa şəkildə prosesə qatıla bilərmi?

- Mən ilk növbədə bu qələbə münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edirəm. Bərpa işlərinə gəlincə, ehtiyac duyulan iqtisadi zonaların xəritəsinin hazırlanmasına və təqdim olunmasına kömək göstərə biləcək fəxri konsul təyin etməklə təcili proqrama başlamaq istərdik. Bu, bizim başlanğıc nöqtəmiz olacaq.

- Azərbaycandakı diplomatlar dəfələrlə azad olunmuş ərazilərə səfər ediblər. Sizin Qarabağa getmək planınız var?

- Bəli, Qarabağa çox getmək istəyərdik. Əgər dəvət alsaq, gedəcəyik. Amma eyni zamanda Xarici İşlər Nazirliyindən xahiş edə bilərik ki, bizə bu məsələdə kömək etsinlər. Yəni belə bir təşəbbüs irəli sürə bilərik.

- Bəs ölkənizin yaxın gələcəkdə Azərbaycanda səfirlik açması gözlənilir?

- Belə bir plan çoxdandır ki var. Təəssüf ki, iqtisadi şərtlər buna icazə vermir. Pandemiya da vəziyyəti ağırlaşdıran detallardan biri oldu. Səfirlik olmasa da, konsulluq xidmətinin fəaliyyət göstərməsi mümkündür. Və düşünürəm ki, buna ehtiyac var. Bu, vacibdir. Çünki Azərbaycan nefti və qazı olan güclü bir ölkədir. 

- Bəzən CAR həm də turistlər üçün təhlükəli bir istiqamət kimi qeyd olunur. Bu barədə nə deyə bilərsiniz?

- Bu, doğru məlumat deyil. Ölkəmizdə Azərbaycanla müqayisədə cinayətlər çoxdur. Amma təhlükəli deyil. Latın Amerikası ölkələri kimi, cinayətlər olsa da, turizm də var. Yanlış məlumatdır. Bizim insanlarımız çox mehriban və istiqanlıdırlar.

- Xanım səfir, siz bayaq enerji sahəsində əməkdaşlığı vurğuladınız. Bu əməkdaşlığı necə görürsünüz?

- Bizdə elektrik enerjisi böhranı mövcuddur. Hökumət bu sahədə investisiyalara açıqdır. Bizim bu sahədə siyasətimiz mövcuddur. Biz bunu enerji qarışığı adlandırırıq, yəni qaz, neft və enerji, hər birinə ehtiyacımız var. Bu sahədə investisiyaları qiymətləndiririk.

- Humanitar sahədə, o cümlədən, bayaq prioritet kimi vurğuladığınız mədəniyyət və xalqlar arasında əlaqələrin inkişafı üçün hansı planlarınız var?

- Biz Azərbaycanla mədəniyyət sahəsində əməkdaşlıq etmək istəyirik. Bununla bağlı müqavilə layihəmiz var. Yəni əməkdaşlıq sahəsində. İndi digər sahələr barədə düşünürük. Beş əməkdaşlıq sazişi layihəmiz var. Azərbaycanın CAR-a səfiri hələ təyin olunmayıb. O, təyin olunduqdan sonra biz bərabər bu layihələr üzərində çalışacağıq və onları yekunlaşdıracağıq.

- Yaxın gələcəkdə qarşılıqlı olaraq hansı yüksək səviyyəli səfərlər gözlənilir?

- İki ay öncə bizim parlamentin spikeri Azərbaycana səfərə gəldi. O, Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin iclasında iştirak etdi. Azərbaycandan hələ ki, ölkəmizə səfər edən olmayıb.

- Siz ilk dəfədir ki, Azərbaycana səfərə gəlmisiniz. Yəqin ölkəmiz haqqında müəyyən təəssüratlarınız var...

- Azərbaycan gözəl ölkədir, həmçinin, CAR-ı təmsil etdiyim Özbəkistan da. Mən burda gördüklərimdən çox təsirləndim. Prezidentlə, xarici işlər nazirinin müavini ilə görüşdüm. Onlar açıq fikirli, istiqanlı insanlardır.

 

 

 





31.08.2022    çap et  çap et