525.Az

Ukrayna ordusu əks hücuma başlayıb? - Xaqani Cəfərli yazır


 

Ukrayna ordusu əks hücuma başlayıb? - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Ukrayna Silahlı Qüvvələrinin işğal altındakı əraziləri azad etmək üçün ölkənin cənubunda hücuma keçməsi haqqında rəsmi məlumatlar var. Təhlükəsizlik və Müdafiə Qüvvələrinin birgə "Cənub" mətbuat mərkəzinin rəhbəri Nataliya Qumenyuk bu haqda açıqlama ilə çıxış edib. Nataliya Qumenyukun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri ölkənin cənubundakı bir çox ərazilərdə, o cümlədən, Xerson vilayətində hücum əməliyyatlarına başlayıb. Hələlik rəsmi məlumatlar olmasa da, Xersondakı Rusiya hərbçiləri və özünü "Donetsk Xalq Respublikası"nın 109-cu alayı adlandıran qüvvələr döyüş mövqelərindən geri çəkiliblər. Rusiyalı hərbçilərə istinad edən rus blogerlər də Ukrayna qoşunlarının birinci müdafiə xəttini yardığı haqqında məlumatlar yayıblar. Rusiyanın rəsmi dövlət xəbər agentliyi Xerson vilayətindəki işğalçı hakimiyyət orqanlarına istinadən Ukrayna Silahlı Qüvvələrinin Xersona hücumunu təkzib edib.

Ukraynanın Xersonu azad etmək üçün hücuma keçəcəyi gözlənilən idi. Ötən ayın ikinci yarısından başlayaraq işğal olunmuş Xerson şəhərinin yaxınlığında yerləşən Dnepr çayı üzərindəki Antonov körpüsü də daxil olmaqla üç körpü Ukrayna hərbçiləri tərəfindən atəşə tutulmağa başlandı. HIMARS zenit-raket kompleksilərindən istifadə edilməklə Dnepr çayı üzərindəki körpülərin vurulmasından sonra Xerson vilayətindəki Rusiya hərbi qüvvələrinin mühasirəyə düşmək təhlükəsi yarandı. Antonov körpüsü Dnepr çayının sağ sahilindəki rus qoşunları qrupunu təchiz edən əsas əlaqə vasitəsi idi. İlk dəfə iyulun 26-da Ukrayna ordusu Antonovski körpüsünə 10 raket zərbəsi endirmişdi. Körpü zədə alsa da, dayaqları dağılmamışdı. Rusiya ordusu dərhal körpüdə təmir işləri aparmağa çalışdı. Lakin ötən bir ayda müəyyən fasilələrlə körpüyə ard-arda zərbələr endirilməsi onu istifadəyə yararsız hala gətirdi. Bu isə Rusiya ordusunun Xerson vilayətindəki böyük bir hissəsinin təminatını müşkülə çevirdi. Ötən bir ayda Xerson viayətindəki hərbi anbarlar və bazalara zərbə endirən Ukrayna ordusu işğalçıların müqavimət imkanlarını azaltdı. HIMARS zenit-raket kompleksilərindən istifadə edilməklə Xerson vilayətinə endirilən zərbələrdən sonra Dnepr çayının sağ sahilindəki rus hərbi komandanlığının bölgəni tərk etdiyi xəbəri də Rusiya tərəfindən bu günə qədər rəsmən təkzib edilməyib. Bu isə heç şübhəsiz, Dnepr çayının sağ sahilindəki vəziyyətinin həqiqətən də ağır olduğunu təsdiqləyir. Elə vəziyyət yaranmışdı ki, ABŞ-dakı Müharibənin Tədqiqi İnstitutunun (ISW) avqustun 13-nə olan hesabatında deyilirdi ki, əgər Ukrayna qoşunları hər üç körpünü dağıdaraq rusların hər hansı körpünü bərpa etməsinə mane olarsa, o zaman Dnepr çayının qərb sahilindəki rus qoşunları, çox güman ki, Ukraynanın məhdud əks-hücumlarından özlərini müdafiə edə bilməyəcəklər.

Xersonun azad edilməsi müharibədə böyük dönüş yarada bilər. Məsələ burasındadır ki, Xerson Rusiyanın fevralın 24-dən sonra ələ keçirə bildiyi yeganə böyük şəhərdir. Eyni zamanda, Rusiya ordusunun son zamanlar bir addım da olsa irəli gedə bilmədiyi məlumdur. Belə bir vəziyyətdə Xerson vilayətinin itirilməsi Rusiya üçün məğlubiyyətin qarşısıalınmaz hala gəldiyi qənaətini yaradacaq. Bu isə ordunun  mənəvi-psixoloji vəziyyətinə çox pis təsir edəcək. Əgər yaxın günlərdə Ukrayna ordusu Xersonu azad etsə, bu hadisə Rusiyada siyasi nəticələr də doğuracaq.

Xersonun azad edilməsi Ukrayna üçün böyük əhəmiyyətə malikdir. Ukrayna ordusu son dörd ayda 42 min kilometrdən artıq ərazini işğaldan azad etsə də, onların arasında iri şəhər yoxdur. Xersonun azad edilməsi Ukrayna ordusunda və cəmiyyətində qələbəyə inamı daha da artıracaq.

Ukrayna ordusu əks-hücum ərəfəsində Rusiyanın hərbi bazalarını və sursat anbarlarını sıradan çıxarmaqla yanaşı, işğalçılarla əməkdaşlıq edənləri də məhv etməyə başlayıblar. Avqustun 29-na keçən gecə Xerson vilayətində işğalçılarla əməkdaşlıq edən Aleksey Kovalyev öldürülüb. Aleksey Kovalyev Ukrayna Ali Radasının üzvü olub. Çox maraqlıdır ki, işğalçılarla əməkdaşlıq edən bu şəxs hakim "Xalqın Xidmətçisi" partiyasının üzvü, bu partiyanın deputatlarından biri olub. Lakin Xerson vilayətinin işğalından onra Rusiya ordusu ilə əməkdaşlıq etməyə başlayıb. İki gün öncə isə öldürülüb. Belə məlumatlar var ki, Aleksey Kovalyev işğal olunmuş ərazilərdə fəaliyyət göstərən ukraynalı partizanlar tərəfindən öldürülüb. Son zamanlar Ukrayna ordusunun zərbələri gücləndiyi kimi, partizanların da fəaliyyətində aşkar fəallıq müşahidə olunur. Son zamanlar Krım ərazində baş verən partlayışların da ukraynalı partizanlar tərəfindən həyata keçirildiyi ehtimal olunur.

ABŞ-ın hərb strategiyasını yaradanlardan biri olan general Con Perşinq hesab edirdi ki, döyüşdə əsgər, müharibədə logistika qələbə qazanır. Aydın görünür ki, Ukrayna artıq məhz bu hərb fəlsəfəsi ilə döyüşür. Ukrayna ordusu düşmənin canlı qüvvəsindən əvvəl onun logistikasını məhv edir.

Ukrayna isə öz ordusunun logistikasını gücləndirməyə çalışır. Bu məsələdə Ukraynanın müttəfiqləri də müəyyən işlər görməyə başlayıblar. İsveçin Baş naziri Maqdalena Andersson İsveç hökumətinin Ukraynaya ümumi məbləği bir milyard İsveç kronu (təxminən 100 milyon dollar) dəyərində yeni hərbi yardım paketi təqdim edəcəyini açıqlayıb. ABŞ isə məlum olduğu kimi, avqust ayı ərzində 4.55 milyard dollarlıq hərbi yardım ayırıb. Slovakiya, Çexiya və Polşa isə MiQ-29-larının Ukraynaya təhvil verilməsi ilə bağlı müqavilə bağlayıb. Slovakiya bu günə kimi Ukraynaya S-300 hava hücumundan müdafiə sistemi, Mi seriyalı hərbi helikopterlər, özüyeriyən haubitsalar və "Qrad" reaktiv yaylım atəş sistemləri verib. Bu həftə isə 30 ədəd piyada döyüş maşını göndərəcəyini açıqlayıb.

Bütövlükdə Ukrayna ordusunun hərb meydanında vəziyyəti dəyişmək və işğal altındakı torpaqları azad etmək üçün əlverişli şərait yaranmağa başlayıb.

 





31.08.2022    çap et  çap et