525.Az

Almaniyanın yeni təşəbbüsü


 

Almaniyanın yeni təşəbbüsü<b style="color:red"></b>

Almaniya kansleri Olaf Şolts Avropanın hava hücumundan vahid müdafiə sisteminin yaradılması təşəbbüsü ilə çıxış edib. Praqadakı Çarlz Universitetində çıxış edən Şolts Avropada ortaq hava hücumundan müdafiə sisteminin qurulmasının daha ucuz və səmərəli olacağını bildirib. Kansler hesab edir ki, yaradılacaq birgə sistem bütün Avropanın təhlükəsizliyini artırar.

Hava hücumundan vahid müdafiə sistemi ilə yanaşı, Almaniya eyni zamanda, Avropa Birliyinin genişlənməsinə də çağırıb. Kansler Olaf Şolts bildirib ki, Balkan ölkələri (Şimali Makedoniya, Albaniya, Serbiya və Monteneqro), Ukrayna, Moldova və gələcəkdə Gürcüstan Avropa Birliyinin bir hissəsi olmalıdır. "Bu genişlənmə Avropa Birliyinin maraqlarına uyğundur".

Almaniya kansleri bildirib ki, hazırkı vəziyyətdə Avropa ilə avtoritarizm arasında ayırıcı xətt haradan çəkiləcəyini bilmək gündəmin əsas sualıdır.

Praqadakı çıxışı zamanı kansler Ukraynanın hava hücumundan müdafiə və artilleriya sahəsində potensialının artırılması üçün Almaniyanın xüsusi məsuliyyət daşımalı olduğunu bildirib. Kansler Olaf Şolts bildirib ki, Berlin Kiyevə yardımı davam etdirəcək və yaxın həftələrdə Ukraynaya hava hücumundan müdafiə sistemləri, radarlar və pilotsuz təyyarələr də daxil olmaqla müasir silahlar göndərəcək.

Almaniya kanslerinin Avropanın hava hücumundan vahid müdafiə sisteminin yaradılması təşəbbüsünü Avropa Birliyinin ordusunun yaradılması təşəbbüsünün davamı hesab etmək olar. Bir neçə ildir ki, Avropa Birliyinin özünün ordusunun yaradılması ilə bağlı təkliflər səslənir. Siyasi şərhçilər Avropa Birliyinin özünün ordusunu yaratmaq təşəbbüsünün NATO-nun əleyhinə yönəldiyini bildirirlər.

Avropanın aparıcı ölkələri və siyasi liderləri arasında belə təkliflərlə bağlı fərqli mövqelər mövcuddur. Məsələn, Avropa Birliyinin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell hesab edir ki, AB-nin birgə ordusunun yaradılmasına ehtiyac yoxdur. "Kronen Zeitung" nəşrinə müsahibəsində Borrell bildirib ki, Avopa Birliyi hərbi məqsədlərə Çin qədər, Rusiyadan isə 4 dəfə çox vəsait xərcləyir. Lakin bu, effektli deyil. Borrell hesab edir ki, əsas səmərəlilikdir, əks halda, bu, pul itkisidir. Hərbi xərclərin artırılmasına toxunan Borrell hesab edir ki, dünya daha təhlükəli bir məkana çevrilib: "Avropa Birliyinin üzvləri bilməlidirlər ki, özümüzü qorumaq üçün bizə vasitələr lazımdır".

Rusiyanın Ukraynaya qarşı müharibəsi Avropa ölkələri üçün təhlükəsizlik məsələsini Sovet İttifaqının dağılmasından sonra yenidən önə çıxarıb. Sovet İttifaqının dağılmasından sonra Avropa ölkələri hərbi xərclərini kəskin azaltmışdılar. İndi isə təhlükəsizlik məsələsi yenidən aktuallaşır və Avropa silahlanmağa başlayır.

 





01.09.2022    çap et  çap et