525.Az

İtkin düşən 3890 nəfərin acı taleyi...


 

PREZİDENT ADMİNİSTRASİYASI: "ERMƏNİSTAN KÜTLƏVİ MƏZARLIQLARIN YERİ BARƏDƏ MƏLUMATLAR TƏQDİM ETMİR"

İtkin düşən 3890 nəfərin acı taleyi...<b style="color:red"></b>

BMT Baş Məclisi 2010-cu il 21 dekabr tarixində 30 avqustu Beynəlxalq İtkinlər Günü kimi təsis edib. Təəssüf ki, Azərbaycan da illərdir ki, bu ağır problemlə üzləşib. Birinci Qarabağ müharibəsində Ermənistanın işğalçılıq siyasəti nəticəsində itkin düşmüş çox sayda azərbaycanlının taleyi bu gün də naməlum olaraq qalır.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının son məlumatına əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3890 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslər içərisindən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlar olub.

İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən, 29 uşaq, 98 qadın və 112 qoca əsir-girov götürülüb və ya işğal edilmiş ərazilərdə qalıblar. Sonradan azad olunmuş əsir və girovlar həmin şəxsləri sağ gördüklərini təsdiq ediblər. Ermənistan münaqişə dövründə bu şəxslər barədə məlumatları beynəlxalq təşkilatlardan gizlədib, onların sonrakı taleyi barədə məlumat verməkdən yayınıb.

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 54 nəfəri Ermənistan tərəfində saxlanıldıqları vaxt sağ ikən onlarla müxtəlif vaxtlarda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri görüş keçirib. Sonradan onlardan 17-sinin meyiti təhvil verilib, 33-nün ölümü barədə məlumat verilsə də, onların meyitləri qaytarılmayıb, 4-ü barədə isə ümumiyyətlə, heç bir məlumat almaq mümkün olmayıb.

Birinci Qarabağ müharibəsi dövründə 1480 nəfər azərbaycanlı erməni əsir-girovluğundan azad edilib. Şəhid olmuş və respublikanın 13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqdakı 191 naməlum şəhid məzarından 183 meyit qalığı ekshumasiya edilib.

Bu sahədə Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə çoxillik əməkdaşlıqla yanaşı, Dövlət Komissiyası qarşıda duran vəzifələrin həllində yeni imkanlar açacağına ümid edərək cari ilin aprelində İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın nümayəndələri ilə əməkdaşlığa dair Protokol imzalayıb. Hazırda Vətən müharibəsində itkin düşmüş 6 Azərbaycan hərbçisinin axtarışı davam etdirilir.

Ermənistan Azərbaycana qarşı hərbi təcavüzü zamanı bir sıra beynəlxalq hüquq normaları, beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub. Müharibə qaydalarına zidd olaraq, mülki əhali qorunmayıb, girov götürülüb, əsir və girovlara ağlasığmaz işgəncələr verilib, onları amansızlıqla qətlə yetiriblər. Bu cür ağır beynəlxalq cinayətlərin izlərinin itirilməsi üçün hətta onların cəsədləri Azərbaycan tərəfinə təqdim edilməyib. Halbuki Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra 1713 Ermənistan hərbçisinin meyitini qarşı tərəfə verərək, bir daha beynəlxalq humanitar hüquqa sadiqliyini nümayiş etdirib.

Ermənistan əsir və girovlara qeyri-insani münasibət göstərərək əvvəllər işğal altında olmuş yaşayış məntəqələrində tarixi abidələrin, qəbiristanlıqların, evlərin, inzibati binaların sökülməsində, həddən artıq zərərli sahələrdə onların əməyindən istifadə edib və dəhşətli işgəncələrə məruz qoyub. Beynəlxalq humanitar hüququn qəti qadağasına baxmayaraq, ermənilər əsir və girovları qanunsuz tibbi eksperiment obyektinə çevirərək, şüalanmaya məruz qoyub, mənşəyi məlum olmayan maddələri bədənlərinə yeridiblər.

Beynəlxalq humanitar hüquqda silahlı münaqişələr dövründə qadınlar və uşaqlar xüsusi müdafiədən istifadə edən şəxslər sırasına daxil olunur. Erməni silahlı qüvvələri isə onlara münasibətdə bu normaları pozaraq, bəşəriyyət tarixində nadir hallarda rast gəlinən cinayətlər törədiblər. Bu cinayətlər sırasında Xocalı soyqırımı xüsusi olaraq qeyd edilməlidir. 1992-ci il fevralın 26-da Xocalı şəhəri Ermənistan tərəfindən tam mühasirəyə alınaraq, yerlə-yeksan edilmiş, dinc əhali pusquya salınaraq, onlara divan tutuldu. 613 nəfər, o cümlədən, 63 uşaq, 106 qadın, 70 ahıl yaşda olan insan vəhşicəsinə qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq isə valideynlərindən birini itirib. Aralarında 76 uşağın olduğu 487 nəfər yaralanıb. Xocalı soyqırımı zamanı əsir və girov götürülənlərin 196 nəfərinin, o cümlədən, 36 nəfər uşaq, 65 nəfər qadının taleyi naməlum olaraq qalmaqdadır.

Azər itkin düşmüş vətəndaşlar və onların ailə üzvləri ilə bağlı beynəlxalq hüquq və milli qanunvericiliyin tələblərinə uyğun olaraq bütün müvafiq tədbirləri həyata keçirir. Bu məsələ ən yüksək səviyyədə, bütün platformalarda qaldırılır, Brüssel gündəliyinə də daxil edilib.

Bakıda Beynəlxalq İtkinlər Gününə həsr edilmiş konfransda Prezident Administrasiyasının sektor müdiri Həbib Mikayıllı deyib ki, Azərbaycan ərazilərinin azad olunması itkin düşmüş şəxslərin axtarışı üçün yeni imkanlar yaradıb. Edilli və Fərruxda kütləvi məzarlıqlar aşkarlanıb: "İkincisi, münaqişə bitib və Azərbaycan Ermənistanla itkin düşmüş şəxslərlə bağlı da danışıqlar aparır. Brüsseldə danışıqların gündəliyinə itkin düşmüş şəxslərlə bağlı məsələ də daxil edilib".

Onun sözlərinə görə, Ermənistan itkin şəxslərin kütləvi qətlə yetirilməsi ilə bağlı halların hərbi cinayət kimi xarakterizə oluna biləcəyindən çəkindiyi üçün kütləvi məzarlıqların yeri barədə məlumatları təqdim etmir: "Mina problemi də bu məsələlərin araşdırılmasını çəkindirir. Gələn aydan BQXK ilə birlikdə bu sahədə addımlar atılacaq. Bu sahədə məhkəmə-tibbi ekspertizasından istifadə olunması da labüddür. BQXK-nın Azərbaycan və Ermənistanla birgə müştərək mexanizmi bu sahədə effektiv ola bilər".

Ümid etmək istərdik ki, müvafiq beynəlxalq qurumların bu istiqamətdə səylərini artıracaqlar. 30 ildir gözü yolda qalan ailələr nəhayət öz əzizlərindən xəbər ala biləcəklər.

 

 

 





31.08.2022    çap et  çap et