525.Az

Qarabağın ekoturizm qaranquşu: yaylaq turizmi - Etibar Rəhimov yazır


 

Qarabağın ekoturizm  qaranquşu: yaylaq turizmi - <b style="color:red"> Etibar Rəhimov yazır</b>

İşğaldan azad edilmiş torpaqlarımız minalardan təmizləndikcə və abadlaşdıqca gözəl Qarabağımızın daha böyük iqtisadi əhəmiyyət qazanması sevindiricidir. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında işğaldan azad olmuş ərazilərdə aqrar sahənin inkişafının, bu yöndə uyğun layihələr həyata keçirilməsinin vacibliyini dəfələrlə vurğulayıb. Çünki həmin ərazilər tez bir zamanda həm dövlət büdcəsinə, həm də xalqa önəmli gəlir gətirməlidir. Bunun yollarından biri də Azərbaycan üçün yeni olan yaylaq turizminin inkişaf etdirilməsidir.

Qızmar günəşin torpağı qovurduğu

günlərdə şəhərlərdəki gurultudan, tüstü və boğanaqdan qurtularaq dincələ biləcəyiniz tək yer - sərin, səssiz, bol oksigenli yaylaqlardır. Pandemiya təbiəti və təbii olanı insanlara təkrar sevdirdi. Təbii qidanın, təmiz havanın antibiotiklərdən daha təsirli olduğunu məhz maska taxdığımız, oksigen balonuna bağlandığımız o günlərdə anladıq... Turizm, səyahət və istirahət deyildiyində bir çox insanın gözünün önünə dəniz-qum-günəş gəlir. Amma Azərbaycanın elə bir turizm sərvəti var ki, o, hər ölkədə yoxdur:

 

Qarabağ yaylaqlarındakı alp çəmənlikləri...

 

Qarabağ yaylaqlarının iqlim özəllikləri, rəngarəng peyzajı, kənd əhalisinin həyat tərzi, offroad, ox atmaq, raftinq, alpinizm və digər aktiv idman növlərinə əlverişlidir. Yaylağa köçənlər üçün adi həyat tərzi olsa da, səhər tezdən sacda bişirilən yuxa, otlağa yayılan heyvanların boynundakı zınqırovların səsi, samovarın qaynaması, arı pətəklərindən bal alınması, quzuların süd əmməsi, yun qırxımı, nehrə yağının hazırlanması Dubaydan, Ər-Riyaddan, Sinqapurdan, yaxud Moskvadan gələn bir turist üçün ancaq filmlərdə gördüyü səhnələrdir. Məhz buna görə bir çox ölkədə turizmi təşviq etmək məqsədilə yaylaqlar haqqında sənədli və bədii filmlər çəkilir.

Bundan başqa, Qarabağda 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən başlayaraq isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

Bu gün Şimali və Cənubi Amerika, Afrika, Avrasiya da daxil olmaqla bir çox ölkələrdə yaylaqlardan geniş istifadə olunur. Avropanın bir neçə ölkəsində Alp dağlarının ətəklərindəki yaylaqlarda həm yay, həm də qış aylarında olmuşam. O yaylaqların yay və qış turizmi dövlət proqramına daxil edilib. Bu vəsilə ilə də yerli xalqın maddi rifahını artırmaq, bölgədən köçün qarşısını almaq, tarixi-mədəni mirası gənc nəsillərə ötürmək kimi vəzifələr icra olunur. Almaniya, Avstriya, İtaliya və İsveçrənin zəngin florası olan Alp düzənliklərindən yay aylarında həm heyvandarlıq və arıçılıq, həm də eko-turizm məqsədilə istifadə edilir. Qış aylarında isə bu yerlərdə dağ-xizək mərkəzləri fəaliyyət göstərir.

Avropa elə avropalıların olsun, ancaq bizim bir çox səbəbdən yaylaq turizmini nümunə alacağımız ən əsas ölkə, təbii ki, qardaş Türkiyədir. Türkiyənin turist axınına uğrayan ən məşhur yaylaqlarını qarış-qarış gəzmişəm. Bölgəsindən asılı olmayaraq Anadolu torpaqlarındakı modern infrastruktur, etnoqrafik ənənələrlə birləşərək yaylaq həyatı və dağlar qoynunda turizm fəaliyyətini böyük gəlir sahəsinə çevirib. Sovet dövründə şəhərlər arasında "qardaşlaşma" strategiyası mədəni əlaqələrin yaranmasına xidmət edirdi. Fikrimcə, biznes təcrübəsi çərçivəsində

 

"Qardaş yaylaqlar" və ya "Qardaş fermer təsərrüfatları"

 

ideyası ətrafında da qüvvələri birləşdirmək lazımdır, çünki iqtisadi baxımdan bu fikir ölkəyə daha çox faydalı ola bilər.

Dünya təcrübəsində yaylaqlar yerləşməsinə görə 3 qrupa bölünür: 1. Magistral yollara yaxın yaylaqlar; 2. Alp çəmənliklərində - daha yüksəkdə qurulan yaylaqlar; 3. Dağətəyi otlaq və biçənəklər.

Təyinatına görə də yaylaqlar 3 yerə bölünür: 1. Köçərilərin otlaqları; 2. Yaxın obaların otlaqları; 3. Şəhər əhalisinin dincəldiyi yerlər.

Yaylaq turizminin inkişafı üçün ən vacib şərt isə infrastrukturun və keyfiyyətli asfalt yolların mövcud olmasıdır.

Anadolu yaylaqları uzun zamandan bəri şənliyin və sağlamlığın dəyişməz ünvanlarıdır. Erməni işğalından əvvəl Qarabağ yaylaqlarındakı qurulan alaçıqlardan fərqli olaraq Qaradəniz yaylaqlarında bunqalo tipli taxta evlər tikilir. Yaylaqlar xüsusi ərazi statusuna malik olduğuna görə, buradakı daşınmaz əmlaklar özəlləşdirilmir. Evlərin daimi mülkiyyət sənədi olmur, elektrik abunəliyi isə müvəqqətidir. Bütün yaylaqlarda mobil telefon xidmətindən istifadə etmək olar. Turistlərin rahat alış-verişi üçün yaylaqlarda marketlər, bankomatlar, kafe və restoranlar, qəssablar, heyvan bazarları, eləcə də təbii yaylaq məhsullarının satıldığı bazarlar fəaliyyət göstərir. Burda arıçılıq məhsullarından tutmuş, qurudulmuş dərman bitkilərinədək hər şey tapmaq mümkündür. Həftə sonunu yaylaqda keçirmək üçün gələn yerli və əcnəbi turistlər bu məhsulları sevərək alırlar.

Türkiyədəki bəzi yaylaqlar Azərbaycan üçün həm əcnəbi turist cəlbi, həm də təbii məhsulların ticarətinin təşkili üçün nümunə ola bilər. Çünki son illər dünyada ekoturizmə olan maraq artıb. 2011-ci ildə Qaradəniz, Mərmərə və Egey iqtisadi bölgələri də daxil olmaqla, Antalya, Qaraman, Mersin, Adana, Dənizli və Bursa yaylaqlarını ziyarət edən turistlərin ümumi sayı 1 milyon idisə, 10 il sonra, yəni 2021-ci ildə Rizənin təkcə bir yaylağına - Ayderə gələn turistlərin sayı 575 min olub.

Bolu, Kastamonu, Sinop, Ordu, Giresun, Trabzon, Rizə, Artvin, Gümüşhanə və Bayburt vilayətlərində yerləşən Qaradəniz yaylaqları xarici turistlərin ən çox axın etdiyi yerlərdir. Yay aylarında subtropik Qaradəniz sahillərində fındıq və çay yetişən ərazilərdə rütubətdən nəfəs almaq mümkün deyil. Bol oksigenli yaylaqlar isə küknar, qayın, palıd, qarağac, cökə, hirkan, qızılağac, yabanı fındıq ağacları ilə əhatələnib.

Yay aylarında Qaradənizin Giresun sahillərindəki nəmli havadan əziyyət çəkənlər cəmi 1 saata gedə biləcəkləri Kümbet, Bektaş, Sis, Kulakkaya, Karagöl yaylaqlarına üz tuturlar. Həftə sonu mərkəzdə az adam görərsiniz. Hər kəs yaylaqlarda olur.

Bu ilin may ayında Türkiyəyə səfəri zamanı

 

Azərbaycan Prezidenti İlham Əliyevin cənnət adlandırdığı yaylaqlar

 

- Rizənin Xandüzü, Kaçkar, Ayder, Pokut, Anzer yaylaqları nəinki Türkiyədə, hətta bütün dünyada məşhurdur. Onu da qeyd edim ki, Güneysu rayonunun Xandüzü (1800 m səviyyədə) yaylağı magistral yollara yaxın yaylaqlardandır. Buraya Rizə şəhər mərkəzindən 40 dəqiqəyə getmək olar. Yollar son dərəcə komfortludur. Xandüzü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ata yurdunun yaylağıdır.

Dənizdən 1350 m yüksəklikdəki Ayder yaylağı həm yaxın obaların otlaqları, həm də şəhər əhalisinin dincəldiyi yer baxımından əhəmiyyətlidir. Buludları yuxarıdan seyr edən və 2032 m yüksəklikdə yerləşən Pokut isə cırcıramaların səsindən başqa heç bir şey dinləmək istəməyənlər üçün ideal bir yerdir.

Fatsadan 1 saata gedə biləcəyiniz Ordunun Perşembe və Çambaşı yaylaqlarında hər yay Almaniya və Avstriyadan gələn turistləri görmək olar. Ordu yaylaqlarına əhali təkcə xırda və iri buynuzlu heyvanlarını deyil, həm də toyuq və hind toyuqlarını da gətirirlər. Hər sabah şehli ot və çiçəklərlə bəslənən toyuqların yumurtaları qədər şəfalı nə ola bilər?

Son illər Qaradəniz sahillərində inşa edilmiş Giresun-Ordu və Rizə-Artvin hava limanları hər gün onlarca ölkədən turist qəbul edir. Rizə hava limanından yaylaqlara transferin yarım saata düşməsi turistləri buraya cəlb etməkdədir.

Egey dənizinin incisi Fəthiyədən Suriya sərhədinə qədər uzanan ərazi antik dövrlərdə Likya adlanırdı. Bu gün Mula, Antep, Mersin, Hatay, Adana və Antalya vilayətlərindəki yaylaqlardan əsasən yörüklər istifadə edir. Miladdan əvvəl əsas məşğuliyyəti maldarlıq olan türk coğrafiyasında tərəkəmə həyat tərzi məhz yaylaqlar sayəsində yarandı. Çin səlnamələrində türklər haqqında "Atları ilə suları və otları izləyərək yaşayan millət" deyilir. Zamanla "Yayda yaylağa, qışda qışlağa" məntiqi artıq təkcə iqtisadi deyil, həm də sosial-mədəni-etnoqrafik irsimizin başlanğıcı oldu. Bu gün Anadolu coğrafiyasındakı yaylaqların təqribən yarısında islama qədərki dövrdə bu ərazilərə köç edən türk elatlarının izləri var. Altay türklərinə xas yuvarlaq alaçıqlar məhz tərəkəmə yörüklərə məxsusdur. Qədim türkcədə Altındağ (monqolca - Altain Nuruu) mənası verən Altay dağları İrtış, Ob və Yenisey çaylarının mənbəyidir. Əgər Ukok yaylaqlarında olmusunuzsa, Altay türklərinin Anadoluya köç etdiyində də eyni tipdə yaylaqlar seçdiyini görərsiniz.

İstanbul, İzmir və Ankaraya yaxınlığı Bursanın iqtisadi cəhətdən inkişafına təkan verdi. Uludağın populyar olmasının əsas səbəbi də budur. Yay aylarında endemik florası, otlaqları, gölləri, şəlalələri ilə, qışda isə yüksək infrastrukturlu dağ-xizək mərkəzi bölgənin simvoluna çevrilən Uludağı təkcə bu ilin yanvar-fevral ayında 1 milyon turist ziyarət edib.

Yaylaqlarda yetişdirilən hər bir məhsul arandakı analoqundan dəyərlidir. Dünya təcrübəsi göstərir ki, alp qurşağında yetişdirilən dərman bitkiləri və heyvandarlıq məhsulları yerli insanlar və əcnəbi turistlər tərəfindən də tələb görür. Fransa, İtaliya, İsveçrə, Avstriya kimi ölkələr yaylaqlarda yetişdirilən pendir, bal, yumurta, ət və arıçılıq məhsulları patentləşdirilərək bütün dünyaya satılır.

Azərbaycanda Novruz bayramından sonra yaylaqlara davarın aparılmasına başlamaq olar. Yaylağa köç şənlik havası yaratmalıdır ki, turistlər bu prosesə daxil olsunlar. Cənnət Qarabağın yaylaqları həm iqtisadi, mədəni, sosial, həm də turizm, sağlamlıq, insanların istirahəti, gənclərin asudə vaxtının təşkili baxımından çox dəyərlidir.

 





31.08.2022    çap et  çap et