Azərbaycan mədəniyyətinin ən qədim mərkəzlərindən olan Şamaxı şəhəri antik Albaniya dövlətinin iri yaşayış məskənlərindən biri olub. Bu gözəl və səfalı şəhər əsrlər boyunca Şirvanın mühüm mədəni, iqtisadi və siyasi mərkəzi sayılıb, yaşı isə eramızdan çox-çox əvvəllərə gedib çıxır.
Şamaxı tarix boyunca sözün, ədəbiyyatın da mühüm mərkəzlərindən biri hesab edilib. Bu qədim torpaq müxtəlif dövrlərdə Azərbaycan ədəbiyyatına, musiqisinə, elminə, mədəniyyətinə bir-birindən görkəmli şəxslər bəxş edib. O şəxslər ki, üstündən illər, əsrlər keçməsinə baxmayaraq, adları bu gün də tariximizin ən gözəl səhifələrində yer almaqda, xalqımız və bütün Türk dünyası tərəfindən sevə-sevə oxunub öyrənilməkdədir.
Tariximizin izi kimi bu şəhərdə indi üç böyük qəbiristanlıq var. Orada görkəmli şəxsiyyətlər uyumaqda, özlərinin daş evləriylə bu torpağı ziyarətgaha çevirməkdədirlər. Bu günlərdə həmin şəxsiyyətlərin uyuduğu torpağı ziyarət etdik.
Getdiyimiz ilk ünvan Şamaxının ən qədim məzarlığı hesab olunan Şaxəndan (Şahxəndan) qəbiristanı oldu. Deyilənə görə, XV əsrin məşhur şairi Nəsiminin qardaşı, şair Şahxəndan (Şahi-Xəndan) ehtimal ki, burada dəfn olunub və qəbiristanlıq onun adını daşıyır. Şaxəndanda səkkizbucaqlı bir məqbərənin qalıqları aşkar edilib. Məqbərənin içərisində iki qəbir var. Lakin təəssüf ki, yazılar tamamilə silinib. Arxeoloq Hüseyn Ciddi qeyd edir ki, bu qəbir Şaxəndanın - Nəsiminin qardaşınındır. Nəsiminin Şaxəndan adlı qardaşı haqqında məlumatı tədqiqatçı Salman Mümtaz da yazır. Ciddinin fikrincə, bu doğrudursa, onda XIV-XV əsrlərdə şəhərin qəbiristanlığı bu ərazidə yerləşirdi. 2019-cu ildə Şahxəndanın türbəsinin ətrafında təmizlik və abadlıq işləri avstriyalı bərpaçı-memar Erik Pumerin rəhbərliyi ilə aparılıb.
Bu qəbiristanlıqda, həmçinin, görkəmli şairimiz Seyid Əzim Şirvani də uyuyur. Hətta digər mənbələr bu türbədə Seyid Əzim Şirvaninin qardaşının dəfn olunduğunu deyir. Şair özü də məhz burada dəfn olunmasını vəsiyyət edib:
Mən öləndə Şaxandanda basdırın,
Çünki onun Şahi-Xəndanı vardır.
Həm Şaxəndanın, həm də Seyid Əzimin məzarlarını ziyarət edib, ruhlarına dualar oxuduq. Seyid Əzimin yeni restavrasiyadan çıxmış büstünün üzərində şairin özündən sonrakı zamanı, hətta bu günləri belə "proqnozlaşdıran" misraları qeyd olunub:
Mövti-cismani ilə sanma mənim ölməyimi,
Seyyida, ölmərəm, aləmdə səsim var mənim.
lll
Şamaxının digər böyük tarixi məzarlıqlarından biri də Yeddi günbəz qəbiristanlığıdır. Hündür bir təpədə yerləşən qəbiristanlıq həm də Şamaxı xanlığının süqutu dövrünə (XIX əsrin əvvəlləri) aid olan türbələr kompeksidir. Türbələrdə Şirvan xanları və onların ailə üzvləri dəfn edilib. Kompleksə daxil olan türbələrdən dördü dövrümüzə çatıb.
Bu məzarlıqda isə Seyid Əzimin ən sevimli tələbələrindən biri, Azərbaycan ədəbiyyatının görkəmli satirik şairi Mirzə Ələkbər Sabir uyuyur. Hələ oraya çatmadan Sabirin Seyidə olan sevgisini xatırlayıram. Həm həyatında, həm də yaradıcılığında bu sevgini, sayğını görməmək mümkün deyil. Dərman almağa pul tapmayanda bütün kitablarını satdığa qoyan xəstə yatağındakı Sabir bircə ustadı Seyid Əzimin bağışladığı Nizami "Xəmsə"sini saxlayıb: "Sabir dərmansız yaşayar, amma Nizamisiz əsla yaşaya bilməz" - deməmişdimi?
M.Ə.Sabir 1911-ci ildə burada dəfn olunub və çox uzun illərdir ki, bura Sabirin məzarına görə böyük bir xalqın ziyarətgah yeridir.
Belə ki, ilk dəfə 1962-ci ildən etibarən mərhum Xalq şairi Rəsul Rzanın təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizdə "Sabir poeziya günləri" keçirilir. Rəsul Rza ömrünün sonunacan - 1981-ci ilə qədər tədbirin təşkilat komitəsinə rəhbərlik edib. Sonralar bu vəzifəni Abbas Zamanov, Qabil və Fikrət Sadıq kimi görkəmli alim və şairlərimiz daşıyıblar. Artıq bir neçə ildir ki, bu nəcib ənənəni şair, yazıçı Əjdər Ol davam etdirirdi. Ənənəvi olaraq Şamaxıda, Sabirin dünyaya göz açdığı şairlər vətənində baş tutan tədbir müxtəlif illərdə ayrı-ayrı bölgələrimizdə də keçirilib. Lakin son iki ildə Azərbaycanda və dünyada hökm sürən pandemiya səbəbindən digər böyük tədbirlər kimi, bu ədəbiyyat bayramı da hələlik təxirə salınıb. Buna qədər isə hər il may ayının son günlərində yüzlərlə ədəbiyyat həvəskarı və Sabirsevər məzarı ziyarət edirdi.
İlk dəfə məhz bu tədbir sayəsində ziyarət etdiyim məzara bu gün sırf böyük şairlə "söhbətləşmək" üçün yol almışdım. Bu, şairlə baş-başa ilk görüşümüz idi. Məzarının yanındaykən dövrümüzün böyük ədibi, Xalq şairi Sabir Rüstəmxanlının Sabirə xitabən yazdığı şeirdən misraları xatırladım:
İlk dəfə gəlmişəm məzarın üstə,
Dağıtdım nigaran bir həsrətimi.
Dilim dinc durmadı, bağışla, ustad,
Səninlə danışmaq cəsarətimi.
Xalq şairi adaşına bu misraların ardından cəmiyyətimizdəki hələ də düzəlməyən nöqsanları danışır. Mənsə, əsərlərini sevərək oxuduğumuz, illərdir Mirzə Ələkbər Sabirin xatirəsini yaşadan, "Sabir poeziya günləri"nin təşkilatçılarından şair Əjdər Olun salamlarını çatdırdım. Təəssüf ki, tanınmış şairimiz bir müddətdir çətin dövrdən keçir. Azadlığı məhdudlaşdırılan, çox sevdiyi günəşdən, göy üzündən, dünyadan və insanlardan uzaq yaşamağa məcbur qalan Əjdər Olu burada xatırlamamaq mümkün deyildi, əlbəttə. Orada da hörmətli şairimizin tezliklə azadlığına qovuşması və "Sabir poeziya günləri"nin yenidən onun rəhbərliyiylə keçirilməsi üçün dualar etdik. Ümid edirik ki, o günlər çox da uzaqda deyil və biz Şamaxıya - Seyid Əzimin və Sabirin məzarlarını ziyarətə yenə də onunla, bütün ədəbiyyatsevərlərlə birlikdə gələcəyik!