525.Az

"Laçına qayıdış mühüm iqtisadi nailiyyətlərə yol açacaq"


 

"AZAD EDİLƏN BÖLGƏLƏRİMİZƏ, XÜSUSƏN DƏ LAÇIN RAYONUNA DAHA ÇOX İNVESTİSİYA CƏLB OLUNMASI GÖZLƏNİLİR"

"Laçına qayıdış mühüm  iqtisadi nailiyyətlərə yol açacaq"<b style="color:red"></b>

Məlum olduğu kimi, Laçın şəhəri Prezident İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq avqustun 26-da Azərbaycana qaytarılıb.

Artıq Azərbaycan addım-addım işğal olunmuş ərazilərə tam nəzarəti bərpa edir. Mərhələli şəkildə Ağdam və Kəlbəcərdən sonra Laçın şəhəri və onun kəndləri düşməndən təmizlənir. Bunun davamı olaraq bu ərazilərin əsl sakinlərinin 30 illik həsrətdən sonra bölgəyə köçürülməsi işləri sürətlə davam etdirilir. Ermənilərin ərazini tərk etdikdən sonra yerli əhalinin Laçın şəhəri də daxil olmaqla Zabux, Sus və digər kəndlərə köçürülməsi prosesinə başlanılacaq. 

Millət vəkili Vüqar Bayramov deyir ki, Laçın şəhərinin işğaldan azad olunması Azərbaycanın müasir tarixinin ən strateji hadisələrindən hesab olunur. Laçın şəhəri hər zaman regionun vacib yaşayış məntəqəsi hesab olunub. Bu hadisə regionda yeni mərhələnin başlanması kimi xarakterizə olunur. Laçına qayıdış mühüm iqtisadi nailiyyətlərə yol açacaq.

Millət vəkilinin sözlərinə görə, Laçın rayonu iqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdən biridir. Rayonun həm böyük turizm potensialı, həm də aqrar, eləcə də sənaye sektorunda müqayisəli üstünlükləri var. Təbii ehtiyatları ilə fərqlənən rayonda emaledici sənayenin üzrə istehsalının təşkili mümkündür: "İşğaldan öncə rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq idi. Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu. İşğaldan öncə Laçın rayonunda fəaliyyət göstərən sənaye müəssisələri daha çox xammal növlərinin emalına əsaslanmışdı. Laçın, həmçinin, zəngin təbii ehtiyatlara malikdir. Belə ki, Laçın rayonunda civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları var. Rayonun dağıdılan iqtisadiyyatının bərpası və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası mümkün olacaq".

Vüqar Bayramov bildirib ki, Laçının Zabux kəndi Azərbaycanın ən səfalı yerlərindən biri hesab olunur. Kəndin etnik tərkibi isə tarixən hər zaman azərbaycanlılar olub. Kənd işğal olunandan sonra ermənilər tərəfindən xarabalığa çevrilib. Kəndin infrastrukturu dağıdılıb, evlər talan olunub. 2003-cü ildə erməni diasporu tərəfindən Zabuxda kilsə inşa edilib. 2013-ci ildən sonra isə ermənilər kənddə qeyri-qanuni məskunlaşmağa başlanılmışdı. Artıq kənd işğalçılardan tam azaddır və öz halal sakinlərini gözləyir: "Ümumiyyətlə, işğaldan azad olunan rayonlarla bağlı kifayət qədər geniş miqyaslı vergi güzəştləri tətbiq olunması gözlənilir. Hətta sosial haqlarda belə subsidiya mexanizminin tətbiq edilməsi nəzərdə tutulacaq. Nəticədə işğaldan azad edilən bölələrimizə, xüsusən də Laçın rayonuna daha çox investisiyanın cəlb olunması gözlənilir. Bu baxımdan həm Laçının potensialı, həm də infrastruktunun yenidən qurulması, hava limanının inşası edilməsi daha qısa zamanda Laçın iqtisadiyatının bərpa ediləcəyindən xəbər verir və gözlənilir ki, Laçında məskunlaşma, yəni böyük qayıdış prosesinin başlanması ilə biz paralel olaraq Laçında iqtisadiyyatın inkişafını müşahidə edəcəyik".

Laçınlı deputat Mahir Abbaszadənin dediyinə görə, Ali Baş Komandanın Azərbaycan Ordusunun Laçın şəhərinə, Zabux və Sus kəndlərinə daxil olması ilə bağlı paylaşımı növbəti qürurverici günün yaşanmasına səbəb olub: "Prezidentin bu paylaşımı laçınlılar üçün böyük sevincdir. Biz xoşbəxtik ki, dövlət başçımız belə bir gözəl, əhəmiyyətli xəbəri verdi. Bu gün Azərbaycan tarixinin yaddaqalan günlərindən birini yaşayırıq. Doğma şəhərimiz artıq bizim nəzarətimizdədir. Bizə bu sevinci yaşatdığına görə, bütün laçınlılar adından Prezident İlham Əliyevə, Azərbaycan Ordusuna təşəkkürümüzü bildiririk".

Millət vəkili qeyd edib ki, Laçın şəhərinin mərkəzi və kəndlərinin Ermənistanla sərhəddə yerləşməsi bu ərazilərin strateji əhəmiyyətə malik olmasından xəbər verir: "Laçın şəhərinin və kəndlərin Azərbaycana qaytarılması bu ərazilərdən məcburi köçkün düşmüş, 30 il ağır psixoloji şəraitdə yaşamış insanların öz ata-baba yurdlarına qayıtması ilə bağlı ümidlərini daha da artırdı. Biz - laçınlılar hesab edirik ki, bundan sonrakı dönəmdə Azərbaycan dövlətinin iqtisadi gücü sayəsində Sus, Zabux və digər kəndlər bərpa olunacaq. Dağılmış iqtisadiyyat bərpa olunacaq. Yaşayış məntəqələri salınacaq. Keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdaraq, orada daimi yaşayacaqlar. Bu gün Laçının şəhər mərkəzində qaldırılmış Azərbaycan bayrağı oradan heç vaxt endirilməyəcək".

Millət vəkili Kamran Bayramovun sözlərinə əsasən, bu gün Azərbaycan tarixinin ən şərəfli, ən sevincli günlərini yaşayır. Müzəffər Azərbaycan Ordusu Ali  Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirdi. Rəşadətli ordumuz 44 gün davam edən İkinci Qarabağ müharibəsində düşmən təxribatlarının qarşısını layiqincə aldı. Azərbaycan əsgəri doğma torpaqlarını necə müdafiə etdiyini, Vətən uğrunda son damla qanınadək vuruşmağı bacardığını və düşməndən qat-qat üstün olduğunu bütün dünyaya sübut etdi. Xalqımızın, dövlətimizin birliyi, dövlətimizin başçısına inam bizim qələbəmiz ilə nəticələndi.

Kamran Bayramov qeyd edib ki, Azərbaycan Vətən müharibəsində təkcə öz ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda, beynəlxalq hüququ, ədaləti, o cümlədən, azərbaycanlı keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış hüququnu da təmin etdi. Bu mənada Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması, ilk növbədə, beynəlxalq hüququn, ədalətin, keçmiş məcburi köçkünlərimizin uzun illər pozulmuş qalan hüquqlarının da bərpasıdır.

Millət vəkili bildirib ki, ermənilərin gedərkən evlərini, meşələri yandırmaları onların buralara bir daha qayıtmaq ümidinin olmamasını, xislətini, barbarlığını göstərir: "Halbuki o vaxt azərbaycanlılar doğma yurdlarından didərgin salınanda nə vaxtsa oraya yenidən qayıdacaqlarını bildikləri üçün heç bir yanğın və ya dağıntı törətməmişdilər. Çünki bölgənin əsl sahibləri azərbaycanlılardır və bu əhali bilirdi ki, tez-gec doğma yurda qayıdacaqlar".

Kamran Bayramovun dediyinə görə, Laçının bu gün Azərbaycana bütövlüklə təhvil verilməsi və ətraf kəndlərin boşaldılması Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətinin nəticəsi, Azərbaycan diplomatiyasının qələbəsidir: "Prezidentin dediyi kimi, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını şərəflə yerinə yetirdi".

Millət vəkili vurğulayıb ki, işğaldan azad olunan ərazilərdə həyata keçirilən quruculuq işləri hər bir vətəndaş üçün qürurvericidir: "Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilən rayonlara səfərləri həmişə böyük maraq və ruh yüksəkliyi ilə qarşılanır. Prezident İlham Əliyevin dediyi kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərdə görülən işlər, həyata keçirilən tədbirlər bunu deməyə əsas verir. Əsrlər keçəcək, nəsillər bir-birini əvəz edəcək, qəhrəmanlıqları ilə dastana çevrilmiş Azərbaycan övladlarının Vətən müharibəsindəki şücaəti, əzmkarlığı yaddaşlarda qalacaq. Şəhidlərimizin əziz xatirəsi anılacaq, onların qəhrəmanlıqları, Ali Baş Komandan, Prezident İlham Əliyevin Azərbaycan Ordusu ilə birgə Vətənə bəxş etdiyi tarixi Zəfər əbədi olaraq dünya tarixinə yazılacaq".

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elçi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, əslən Laçının Zabux kəndindən olan Ağasəlim Həsənli bildirib ki, Laçın şəhəri, Sus və Zabux kəndlərinin nəzarətimizə keçməsi qələbəmizin növbəti mərhələsi oldu: "Ermənilər həmişə düşünürdülər ki, Laçın şəhərinin Azərbaycana qaytarılması mümkünsüzdür. Amma biz göstərdik ki, uğurlu diplomatiyamız nəticəsində bütün torpaqlarımızı ermənilərdən təmizləməyə qadirik. Laçın şəhərinin və sözügedən kəndlərin nəzarətimizə keçməsi ordumuzun qüdrəti və diplomatiyamızın məharəti nəticəsində mümkün oldu. 30 il bundan əvvəl Laçını atəş altında tərk etmişdik. Dağıntılar, itkilər hələ də gözümüz qabağındadır. Bəlkə ümidini itirənlər də var idi. Lakin biz dözdük, səbr etdik və bu günü gördük. Atam Laçın şəhərindən, anam Zabuxdandır. Mənim üçün Vətən məhz Laçından başlayır. Bu günü səbirsizliklə gözləyirdim. Yəqin ki, yaxın gələcəkdə bizim Laçına səfərlərimiz olacaq. Ümid edirəm ki, ən qısa vaxtda Laçına qayıdacaq və orada yaşayacağıq. Düşmənlərimiz də görəcək ki, bu yerlərin tarixi sahibləri qayıtdı. Hava aydınlıq olanda Gorusdan Laçın görünür. Oradakı ermənilər bizə baxaraq məlum həqiqəti - bizim tarixi torpaqların sahibi olduğumuzu bir daha başa düşəcəklər".

Sevinc QARAYEVA

 





01.09.2022    çap et  çap et