525.Az

Övladlarımıza sahib çıxaq - İlqar Tağıyev yazır


 

Övladlarımıza sahib çıxaq - <b style="color:red"> İlqar Tağıyev yazır</b>

İki il əvvəl övladlarım tələbə adını qazanmayanda çox üzülmüşdüm. Əslində, Məhəmməd də, Əli də yetərli bal toplamışdılar. Amma pandemiya ilə əlaqədar qabiliyyət imtahanlarının ləğvi işləri korlamışdı. Uşaqlara heç nə demədim. Olan olmuşdu. Tənbeh etməklə, nəsə deməklə heç nə dəyişməyəcəkdi. Sadəcə, onlara sahib çıxmağa çalışdım...

Srağagün el arasında deyildiyi kimi, "cavablar çıxdı" və minlərlə gənc tələbə adını qazandı. Hər birini təbrik edir, valideynlərinə gözaydınlığı verirəm. Sosial şəbəkələrdə bu barədə paylaşılan statuslar həqiqətən göz oxşayırdı. Amma unutmayaq ki, ən azı bir o qədər abituriyentin də arzusu ürəyəndə qaldı. Özlərindən çox valideynləri üzüldü. Kiminsə övladının "kəsilməsi" ilə bağlı status paylaşdığını görmüsünüz?

Başıma gəldiyi üçün həmin insanların hansı hisslər keçirdiyini gözəl anlayıram. Övladlarımız qədər, bəlkə də onlardan daha çox əziyyəti biz çəkmişik, stress keçirmişik. Həmin əziyyət, hazırlıq üçün çəkilən xərclər, vaxt... hamısı hədər gedib. Amma dünyanın sonu deyil. Sözüm tələbə adını qazanmayan abituriyentlərin valideynlərinədir. Övladınızın uğursuzluğuna görə onları danlaya da, söyə də, hətta özünüz də bilmədən intihara sövq edə də bilərsiniz. Amma dəyməz. Məgər uşaqları dünyaya yalnız tələbə olmaq üçün gətiririk? Məgər övladlarımızla bağlı bütün arzular gerçəkləşir? Onsuz da onlara dəyən dəyib. Uşaqlar üçün ən böyük zərbə "kəsilmələri" deyil, valideyn qınağına tuş gəlməkdir. Bu yükdən onları vaxtında azad etmək lazımdır. Hər il "cavablar çıxdıqdan" sonra neçə-neçə gəncin intihar xəbərləri yayılır. İnanın ki, özünəqəsdlərin əksəriyyəti valideyn qınağından qaynaqlanır. Vaxtında onlara sahib çıxmaqla intiharların qarşısını almaq olar. Sadəcə, əlinizi övladınızın çiyninə qoymaq yetər.

İki il əvvəl, oktyabr ayı... Övladlarımın peşəkar futbolçu olduqlarını və yetərli bal yığdıqlarını əsas gətirərək Dövlət İmtahan Mərkəzinə müraciətim müsbət cavablandırıldı və tələbə(lər) atası oldum. Hər ikisi AzDBTİA-nın boş qalmış yerlərinə yerləşdirildi. Deməli, gec də olsa, çəkdiyimiz əziyyət bəhrəsini verdi. Aldığım xəbərdən daha çox başqa şeyə sevinirdim - arzumuzun puç olduğunu düşündüyümüz gündə onlara sahib çıxmağımıza, bizə olan inamı itirməməyimizə. Əgər o vaxt əksini etsəydim...

Övladlarımıza sahib çıxaq, çətin günlərində onlara dayaq olaq. Yaxşı günlərdə onlarla öyünməyə, fəxr etməyə nə var ki...

 

 





02.09.2022    çap et  çap et