Avqustun 31-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə sayca dördüncü görüşü keçirilib. Erməni tərəfinin müqavimət göstərməsinə və real nəticələrin əldə olunmasının qarşısını almaq cəhdlərinə baxmayaraq, 4 saat davam edən Brüssel danışıqlarında konkret nəticələrə gəlinib. Məlumat üçün bildirək ki, əvvəlki görüşlərdə də bir sıra əhəmiyyətli məsələlərlə bağlı razılıq əldə olunub. Aİ, Azərbaycan və Ermənistan liderlərinin ilk üçtərəfli görüşü 2021-ci il dekabrın 14-də, ikincisi 2022-ci il aprelin 6-da keçirilib.
Birinci görüşdə Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib və dəmir yolunun çəkilişinə tezliklə start veriləcəyini açıqlayıb. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə də razılığa gəlinib. İkinci görüşdə tərəflər aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının təşkil edilməsini razılaşdırıblar. Komissiyanın mandatına Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətinin təmin edilməsi daxil idi.
Bu ilin mayın 22-də isə Brüssel sayca üçüncü üçtərəfli görüşə ev sahibliyi etdi. Beş saata yaxın davam edən görüşdə minaların təmizlənməsi, itkinlərin taleyinə aydınlıq gətirilməsi, sərhəd komissiyalarının dövlət sərhədində birinci birgə iclasının keçirilməsi, delimitasiya, nəqliyyat əlaqələrinin bərpası üzrə və konkret əməli addımların atılması ilə bağlı razılaşma əldə olunub. İki ölkə arasında ümumi gömrük prinsiplərinin müəyyən edilməsi ilə bağlı da müzakirələr aparılıb.
Sülh sazişinə gəlincə, liderlər Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə razılığa gəliblər.
"Brüssel formatı"nda sayca dördüncü görüş isə daha əhəmiyyətlidir. Birincisi, görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuata bəyanatının mətnində nə Qarabağ mövzusu var, nə də ATƏT-in Minsk qrupu qeyd olunur. Bu bir daha onu göstərir ki, ABŞ-ın, Fransanın Minsk qrupunu reanimasiya etmək cəhdləri əbəsdir. Artıq Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasına dair başladılan prosesdə Minsk qrupuna yer yoxdur. Eyni zamanda bu qrupun hansı işi görə biləcəyi özünə belə məlum deyil. Sadəcə Minsk qrupunun öz ömrünü başa vurduğunu ona süni nəfəs vermək istəyənlər də qəbul etməlidirlər. Dördüncü görüşün yekun bəyanatı onu göstərir ki, Azərbaycan yeni reallıqları dünyaya qəbul etdirə bilib. Bu reallıqlar isə beynəlxalq hüquq normalarına tam şəkildə uyğundur. Başqa tərəfdən, indi söhbət Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsindən gedir ki, bu istiqamətdə də Aİ-nın vasitəçilik formatı var.
4-cü görüşün vacib nəticələrindən biri sülh müqaviləsi ilə bağlıdır: "Bu gün biz Ermənistan və Azərbaycan arasındakı dövlətlərarası münasibətləri nizamlayan sülh müqaviləsinin irəliləməsi istiqamətində substantiv işin sürətləndirilməsi ilə bağlı razılığa gəldik. Xarici işlər nazirlərinə layihə mətnlərinin hazırlanması üçün bir ay ərzində görüşmək barədə tapşırıq verilib", - Aİ Şurasının Prezidenti deyib.
Şübhəsiz ki, sülh müqaviləsi Bakının irəli sürdüyü və İrəvanın qəbul etdiyi məlum beş prinsip əsasında qurulacaq.
Üçtərəfli görüşdə, həmçinin humanitar məsələlər, eləcə də minaların təmizlənməsi, saxlanılan və itkin düşmüş şəxslərin taleyi barədə ətraflı müzakirələr aparılıb. Nəqliyyat xətlərinin açılması, sərhədlərinin delimitasiyasına dair əldə olunmuş irəliləyişlər nəzərdən keçirilib.
Bəyanatda Avropa İttifaqının uzunmüddətli və davamlı sülh istiqamətində öz dəstəyini bundan sonra da göstərməyə hazır olduğu vurğulanıb. Əlbəttə ki, "Brüssel prosesin"də Şarl Mişelin rolu xüsusu vurğulanmalıdır.
Mövzunu "525"ə şərh edən Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Brüsseldə əldə edilən nəticələr postmüharibə mərhələsində sülhə döğru mühüm dönüş kimi qiymətləndirilə bilər. Bu, Azərbaycanın ciddi siyasi-diplomatik uğurudur.
Onun sözlərinə görə, postmüharibə dövrünün idarə olunması və sülh istiqamətində nəticənin əldə edilməsi gərgin səylər, qətiyyət tələb ediirdi: "Azərbaycan bu mürəkkəb mərhələnin ilkin çətinliklərini arxada qoymağı bacardı. Nəzərə almaq lazımdır ki, bu nəticələr məğlub olmasına baxmayaraq sülh istəməyən bir ölkənin iradəsinə qarşı əldə edildi. Müharibədən iki il keçməsinə baxmayaraq, Ermənistan sülhə qarşı daim təxribatlar törədir, üçtərəfli bəyanatın mətnini manipuliyasiya etməyə çalışır, gizli qapılar arxasında özünə yeni hamilər axtarırdı. Brüssel formatında keçirilən son görüşdə artıq aydın oldu ki, Azərbaycanın gücünə və siyasi iradəsinə qarşı gəlmək mümkün deyil. Çünki güc də, beynəlxalq hüquq da, ədalət də Azərbaycanın lehinədir.
Beləliklə, Azərbaycanın əzmi və iradəsi sayəsində artıq Qafqazın siyasi üfüqlərində sülh görünməyə başlamaqdadır".
Deputat bildirib ki, iki ölkənin xarici işlər nazirlərinin formalaşdıracağı işçi qrup mümkün sülh müqaviləsinin mətnini hazırlayacaqlar. Bu mətn bizim irəli sürdüyümüz beş baza prinsipi əsasında hazırlanacaq və sadəcə, Ermənistan və Azərbaycan arasındakı münasibətlərə aid olacaq. Ermənilərin şiddətlə arzu etdikləri Minsk qrupu yaxud ümumiyyətlə, Qarabağ adı mətnin məzmununda olmayacaq. Şübhəsiz ki, bu Ermənistan-Azərbaycan münasibətlərində yeni səhifə açmaq baxımından ciddi dönüşdür və danışıqların bu məcrada inkişaf etməsində Avropa İttifaqı və xüsusilə Aİ Şurasının Prezidenti Şarl Mişelin önəmli rolu var: "Qarşıdakı mərhələnin intensiv danışıqlar və inteqrasiya mərhələsinə çevrilməsi üçün ilkin şərtlər artıq mövcuddur".
Milli Məclisin deputatı Rasim Musabəyov hesab edir ki, görüşün əsas nəticələrindən biri xarici işlər nazirlərinin sülh müqaviləsinin mətni üzərində işə başlaması barədə razılaşmadır: "Nəqliyyat əlaqələri məsələsində əldə edilmiş nəticələr də nəzərdən keçirilib. Aİ tezliklə bütün kommunikasiyaların açılmasında maraqlıdır. Sərhədlərə gəlincə, adətən sərhəd məsələsinin razılaşdırılması uzun çəkir. Heç kim gözləməməlidir ki, sərhədlərin delimitasiyası bir aya, beş aya, yaxud elə 1 ilə həyata keçirilsin. Ancaq vacibdir ki, bu istiqamətdə mütəmadi müvafiq cədvəl üzrə proses aparılsın. Adətən sərhədi hissə-hissə bölürlər və hər hissə razılaşdırıldıqdan sonra protokollaşdırılır, keçilir digər hissələrə. Vacib olan bu işə başlanılmasıdır".
çap et