525.Az

Laçında yanan doğma işıqlar


 

ƏZƏLİ YURDA BÖYÜK QAYIDIŞIN AYAQ SƏSLƏRİNİ DUYAN LAÇINLILAR SONSUZ SEVİNC İÇİNDƏDİRLƏR

Laçında yanan doğma işıqlar<b style="color:red"></b>

2020-ci ilin noyabrın 10-da imzalanan üçtərəfli bəyanata uyğun olaraq avqustun 26-da Azərbaycana qaytarılan Laçın şəhəri, Zabux və Sus kəndlərində Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən mühəndis təminatı üzrə tapşırıqlar icra edilir.

Həmin ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri yüksək peşəkarlıqla yerinə yetirilir. Yaşayış məntəqələrində əsas səylər təhlükəsizlik qaydalarına ciddi riayət etməklə, kombinə edilərək kustar üsulla hazırlanan partlayıcıların və tələ minaların aşkar olunaraq zərərsizləşdirilməsinə yönəldilir.

Avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçən kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq sözügedən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsi üçün təxirə salınmaz işlərə başlanılıb. "AzərEnerji" tərəfindən Laçın şəhərində ermənilər tərəfindən tamamilə dağıdılmış mövcud yarımstansiyanın ilkin bərpası istiqamətində fasiləsiz işlər görülüb, əraziyə transformatorlar, lazımi avadanlıq və texnika gətirilərək cəmi 4 sutka ərzində sürətlə iş aparılaraq ölkə enerji sistemi ilə əlaqələnmiş sistem şəbəkəsi yaradılıb.

Nəticədə Laçın şəhəri, Zabux və Sus kəndlərində Azərbaycan işığı yandırılıb. Hazırda paylayıcı şəbəkənin bərpa edilməsi üçün "Azərişıq" əməkdaşları Laçın şəhəri, Zabux və Sus kəndlərindəki hərbi və mülki obyektləri enerji ilə təmin edib digər zəruri tədbirləri həyata keçirir.

Ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri yekunlaşdırılan kimi aparılacaq quruculuq işlərindən sonra tədricən laçınlıların doğma yurd-yuvalarına köçürülməsinə başlanılacaq.

Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən artıq ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış laçınlıların, o cümlədən, Zabux və Sus kəndlərinin sakinlərinin doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, köçürülmənin texniki-təşkilati məsələlərinin həlli və digər vəzifələrlə əlaqədar işlərin sürətləndirilməsi barədə struktur bölmələrinə tapşırıqlar verilib. Doğma yurda qayıdacaq sakinlərin məşğulluq imkanlarının qiymətləndirilməsi, arzu, istək və tələblərinin müəyyənləşdirilməsi üçün sorğular aparılır, köçürülmənin səmərəli təşkili üçün zəruri tədbirlər həyata keçirilir.

Laçınlılar ata-baba yurdlarına, 30 ildir ki, həsrətini çəkdikləri torpaqlara hər an qayıtmağa hazır olduqlarını və doğma vətənə qayıdacaqları günü böyük səbirsizliklə gözlədiklərini deyirlər.

Laçın rayon Zabux kənd sakini Allahverdi Əliyevin sözlərinə görə, doğulduğu doğma yurduna getmək üçün günlər sayır: "Vətənimə, ata-baba yurduma qayıtmağı böyük səbirsizləklə gözləyirəm. Düz 30 ildir ki, biz laçınlılar köksümüzdə dağ boyda Vətən həsrəti ilə bu günü gözləmişik. "Ay Laçın", "Can Laçın" deyib 30 il bu yerlərə yenidən qayıdacağımız günün xəyalı ilə yaşamışıq. Nəhayət o gün gəldi, xəyallarımız, arzularımız gerçək oldu. Doğma yurd-yuvamıza qayıtdıqdan sonra qurub-yaradacaq, orada əvvəlkindən də yaxşı yaşayacağıq".

Sakinin dediyinə görə, Azərbaycanın gücü, əzmi və qətiyyətinə duruş gətirə bilməyən ermənilər Laçını, Zabux və Susu tərk etməyə məcbur oldular. Bununla da ermənilər bir daha anladılar ki, biz tarixi torpaqlarımıza qayıdacağıq, özü də hər bir guşəsinə. 30 ildən sonra reallaşan bu qayıdış yaddaşlara əbədilik yazılacaq və əsrlər sonra doğulacaq körpələr bu böyük Qayıdışdan qürur və fəxarətlə söhbət açacaqlar.

Laçın şəhər sakini Zahid Mərdanov deyir ki, Laçın işğal edilməzdən öncə orada bankda fəaliyyət göstərib: "Laçında gözəl evim, güllü-çiçəkli həyət-bacam var idi. Heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa doğma el-obamdan, ev-eşiyimdən ayrı düşəcəm. Nəinki mən, heç kim bu haqda düşünmürdü . 30 il doğulub boya-başa çatdığımız torpaqlardan ayrı düşdük, yurd həsrəti, vətən niskili çəkdik. Ancaq 30 ildən sonra bu həsrətə son qoyuldu. Biz yenidən ata-baba torpağına, Qarabağa qayıdacağıq. Bu gün mənim və ailəmin, eyni zamanda bütün laçınlıların sevincinin həddi-hüdudu yoxdur, baxmayaraq ki, illərdir köçkün həyatı yaşamışıq. Fikirləşirəm ki, o torpaqlara ayaq basan kimi yaşadığım o çətin günləri unudacam. İndi tək istəyim bundan sonrakı ömrümü orada yaşamaqdır. Mən əminəm ki, Laçın yenidən abad olacaq, hətta əvvəlkindən daha gözəl bir şəhərə çevriləcək və biz daimi olaraq öz əzəli ata-baba yurdumuzda yaşayacağıq. Biz düz 30 il idi ki, bu günü gözləyirdik. Sizi inandırım, biz bu 30 ili yaşamadıq. Mən ötən bu illəri yaşanmamış hesab edirəm. O vaxt ki, biz öz evimizdən, torpağımızdan ayrı düşdük, elə bilirəm ki, biz o illəri yaşamadıq".

Raqif Hüseynov 1959-cu ildə Laçın rayonunun Sus kəndində anadan olub, 1977-1979-cu illərdə hərbi xidmətini uğurla başa vuraraq kəndlərinə geri qayıdıb. 12 il Laçında asfalt-beton zavodunda işləyən Rafiq Hüseynov deyir ki, ailə həyatı qurub övladlarını doğma torpağın təmiz havasında böyütməyi düşünsə də, düşmən buna imkan verməyib. "1988-ci ildən 1993-cü ilədək döyüşdə oldum, yaralandım. Kənd sakinləri torpaqlarını tərk etmək məcburiyyətində qaldılar. Mən döyüşdə olarkən atamgil ailəmi də götürüb Bərdə rayonuna getmişdi. Laçından elə çıxmalı oldum ki, içərisində uşaqlıq, cavanlıq və əsgərlik illərimlə bağlı olan şəkil albomumu da götürə bilmədim, indiyədək də buna heyfislənirəm. Orada hərbi xidmət zamanı tanış olduğum yoldaşların əlaqə nömrələri, ünvanları var idi. Birtəhər canımı götürüb çıxdım. Bərdəyə - atamgilin yanına gəldikdən sonra Taxtakörpüyə yollandım. Bir müddət orada əmək fəaliyyəti ilə məşğul oldum. Sonra ailəmlə birgə Bakıya köçdük. Prezidentin bu barədə paylaşım etdiyini televiziyadan eşitdim, çox kövrəldim. Allah Ali Baş Komandanımıza cansağlığı versin. Özümə söz vermişəm, Laçına qayıdan kimi doğma torpağımı öpüb gözlərim üstə qoyacağam".

Zabux kənd sakini Yaşar Cəfərov 1958-ci ildə Laçın rayonun Zabux kəndində anadan olub. Ömrünün 34 ilini orada yaşayıb: "Həyatının gözəl, ən bəxtəvər vaxtları da Zabuxda keçib. Ailədə 7 nəfər - beş qardaş, iki bacı idik. Atam Qəni kişi kəndin sayılıb-seçilən ağsaqqallarından biri idi. Hər kəs ailə həyatı qurub başqa yuvaya köçdü. Evin sonbeşiyi olduğum üçün Zabuxda, atamgilin yanında yaşadım. Məktəbdə hərbi hazırlıq (idman) müəllimi işləyirdim. Yoldaşım dərzi idi. Özümüzə görə yaxşı şəraitimiz var idi. Zabuxda keçirdiyim uşaqlıq və gənclik illərimi heç zaman unutmuram. Rayonumuzda ucsuz-bucaqsız dağlar, sərin bulaqlar, gözəl çaylar var. Kəndin camaatı çox əməksevər, qoçaq idi. Hamının gözəl bağı, bağçası, bostanı var idi. Mənfur ermənilər torpağımızı işğal edib bizim düzənimizi, rəvan, gözəl həyatımızı pozdu".   

Yaşar Cəfərovun sözlərinə əsasən, ailəsi bir müddət Azərbaycanın müxtəlif bölgələrində məskunlaşsalar da, sonda Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşamağa başlayıblar. Doğma torpağı tərk etmək məcburiyyətində qalan ailə həmin ağrılı-acılı günlərin indi sona çatdığına çox sevinir. Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndləri nəzarətə götürməsi xəbərini eşidəndən sonra sevinc və həyəcandan səhərədək yata bilmədiklərini söyləyirlər: "Səhər günəş çıxanadək ailəliklə söhbət etdik. Laçından özümüzlə gətirdiyimiz şəkil albomumuzu vərəqlədik. Hətta iki yaşlı nəvəm ağlayaraq "Baba, məni də Zabuxa aparın" dedi. Ailəliklə öz evimizə qayıdacağımız günləri səbirsizliklə gözləyirik. Oraya qayıdan kimi nəvəmi "Qırxbulaq" adlanan gözəl bir yerə götürəcəyəm. Allah Prezidentimizə cansağlığı, Ordumuza daim güc-qüvvət versin".

Zabux kənd sakini Mübariz Həsənov bildirib ki, avqustun 26-da "Biz - azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!" Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin verdiyi bu xoş xəbər laçınlılar tərəfindən böyük sevinclə qarşılanıb: "Otuz ildən bəri Laçının həsrəti ilə yaşayırdıq. Avqustun 26-da bu həsrətə son qoyuldu".

Onun dediyinə görə, Laçını tərk edəndən sonra çox çətin günlər yaşayıb: "Çətinliyimiz oldu. Amma dövlətimiz qısa zamanda bizim üçün hər bir şəraiti yaratdı. Əminəm ki, Laçına qayıtdıqdan sonra da sakinlər üçün hər bir şərait yaradılacaq. Prezident İlham Əliyev deyəndə ki, Ordumuz artıq Laçına daxil olub, mən onda həqiqətən çox sevindim. Allahdan Prezidentimizə cansağlığı arzulayıram, qazilərimizə isə şəfa diləyirəm. Ordumuza da təşəkkür edirəm. Arzum budur, bütün Qarabağ camaatı kütləvi şəkildə öz torpaqlarına qayıtsın, haqqın rəhmətinə qovuşmuş əzizlərinin məzarlarını ziyarət etsin, doğma elində, obasında ruh yüksəkliyi ilə daimi yaşasın".

Sevinc QARAYEVA

 

 





02.09.2022    çap et  çap et