Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra İtaliya Respublikasına işgüzar səfər edib. İtaliya Prezidenti Sercio Mattarellanın rəsmi dəvəti əsasında həyata keçirilən səfər ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir.
Səfər çərçivəsində Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasının açılışı, İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimi, İtaliya Prezidenti Sercio Mattarella, Nazirlər Şurasının sədri Mario Draqi ilə görüşlər iki ölkənin münasibətlərinin yüksək səviyyədə olduğunun və bütün sahələrdə dinamik inkişafının göstəricisidir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı birinci xanım Mehriban Əliyeva ilə Roma şəhərində səfirliyimiz və onun tabeliyində Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış olub, binanın əsaslı təmiri ilə bağlı tapşırıq və tövsiyələrini vermişdi.
Prezident İlham Əliyev Romada İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimindən sonra çıxışında deyib ki, İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır: "Bizim çox güclü siyasi-iqtisadi əlaqələrimiz mövcuddur. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Keçən il ticarət dövriyyəmiz 9,6 milyard, bu ilin yeddi ayında isə 11 milyard dollara çatıb".
Azərbaycan Prezidenti qeyd edib ki, gələcəkdə təhsil sahəsində də strateji tərəfdaş kimi fəaliyyət göstərəcəyik.
Prezident Çernobbio şəhərində "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən "Dünya, Avropa və İtaliyaya baxış" və "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda 48-ci beynəlxalq Çernobbio Forumunda "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusunda çıxış edib. Dövlət başçısı Azərbaycanın uzun illər boyu İtaliyanın ən böyük neft təchizatçısı olduğunu diqqətə çatdırıb. Cənub Qaz Dəhlizinin əsas və son mərhələsi olan TAP layihəsinin istifadəyə verilməsindən bu günədək, yəni il yarım keçdikdən sonra Azərbaycan Türkiyə və Gürcüstanla yanaşı, üç Avropa ölkəsinin təbii qaz ixracatçısına çevrilib.
Dövlət başçısı bildirib ki, ötən müddət ərzində Avropaya 13,5 milyard kubmetr qaz ixrac olunub, bunun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür: "Bu il biz qazın həcmini daha da artırmağı və İtaliya bazarına 10 milyard kubmetrə yaxın qaz ixrac etməyi planlaşdırırıq".
Prezident Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun enerji sahəsində gələcək əməkdaşlıq üçün yol xəritəsi rolunu oynadığını vurğulayıb.
"Bu sənədə əsaslanaraq deyə bilərəm ki, biz Avropaya təbii qaz ixracımızı iki dəfə artırmağı planlaşdırırıq. Əminəm ki, buna nail ola biləcəyik", - dövlət başçısı söyləyib.
Qeyd etmək lazımdır ki, Azərbaycan-İtaliya münasibətləri hər zaman yüksək səviyyədə olub. İtaliya Azərbaycanın ticarət tərəfdaşları arasında birinci yerdədir. Bu gün Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq bütün istiqamətlərdə, o cümlədən, siyasi sahədə uğurla inkişaf edir. Prezident İlham Əliyevin 2020-ci il 19-21 fevralda İtaliyaya dövlət səfərində iki ölkə arasında siyasi, müdafiə, energetika, nəqliyyat və s. kimi sahələr də daxil olmaqla imzalanmış 28 sənəd strateji tərəfdaşlıq münasibətlərini daha da gücləndirib.
44 günlük Vətən müharibəsində və münaqişənin mövcud olduğu dövrdə İtaliya Azərbaycanın haqlı mövqeyini dəstəkləyən ölkələrdən olub. İtaliya parlamentinin Deputatlar Palatasının və Senatın nümayəndə heyətinin müharibədən sonra Azərbaycana səfərə gəlməsi, Gəncə və Ağdam şəhərlərində erməni barbarlığının, vandalizminin, terrorunun izlərini əyani şəkildə görmələri bir daha ona işarə edir ki, İtaliya Azərbaycana əsl dost ölkədir.
Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə bağlı bildirib ki, İtaliya Azərbaycanın strateji mütəffiqlərindədir və adıçəkilən Avropa ölkəsini təmsil edən şirkətlər işğaldan azad olunan ərazilərimizin yenidən qurulmasında fəal iştirak edirlər. Azərbaycan İtaliya da daxil olmaqla Avropanın enerji təhlükəsizliyinin formalaşmasına, neftə və eləcə də mavi qaza olan tələbatının ödənilməsinə birbaşa dəstək və töhfə verir: "Nəzərə alsaq ki, Azərbaycan öz neftini İtaliya vasitəsilə Avropa bazarına çıxarır, deməli, İtaliya ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq artıq uzun müddətdir ki, formalaşıb və bu sahədəki əməkdaşlıq inkişaf etməkdədir. 2020-ci ilin sonuncu ayından etbarən isə Azərbaycan İtaliyaya mavi qaz nəql edir. Son 1 ildə Azərbaycan Avropaya 15 milyard kubmetrə yaxın mavi qaz ixrac edib. TAP layihəsi vasitəsilə Avropaya birinci mərhələdə 10 milyard kubmetr, ikinci mərhələdə 20 milyard kubmetr mavi qaz nəql ediləcək. Nəql ediləcək mavi qazın əhəmiyyətli hissəsi məhz İtaliya bazarına ixrac ediləcək ki, bu da təbii ki, İtaliya və Azərbaycan arasında iqtisadi münasibətlərin növbəti dövrdə də inkişaf edəcəyindən xəbər verir".
Deputat deyib ki, iki ölkə arasındakı ticarət dövriyyəsində də kəskin artımlar var: "Azərbaycan ilə İtaliya arasındakı ümumi ticarət dövriyyəsi 2020-ci ildə 4 milyard 568 milyon dollar olmuşdu. Ötən il isə ölkələr arasında ticarət dövriyyəsi 2 dəfədən çox artaraq 9 milyard 663 milyon dollara çatıb. 2021-ci ildə Azərbaycanın İtaliyaya ixracatı 9 milyard 243 milyon, idxalı isə 419.7 milyon dollar olub. Bu ilin ilk 6 ayında isə 9 milyard 116 milyon dollarlıq ticarət qeydə alınıb. İtaliyaya 8 milyard 972 milyon dollar məhsul ixrac edən ölkəmiz sözügedən Avropa ölkəsindən 144.3 milyon dollarlıq idxal həyata keçirib. Bu ilin ilk 8 ayında isə 11 milyard dollarlıq ticarət dövriyyəsi qeydə alınıb. Bu isə o deməkdir ki, artıq bu ilin geridə qalan 8 ayında ticarət dövriyyəmiz ötənilki ümumi rəqəmdən daha çox olub.
Azərbaycan, eyni zamanda, qeyri-neft məhsullarını İtaliya bazarına çıxarmaq niyyətindədir. İtaliya Azərbaycan üçün qeyri-neft ixracatı baxımından yeni bazarlardan biri hesab olunur. Təbii ki, Azərbaycanın qeyri-neft məhsullarının yeni bazarlara ixrac edilməsi və ölkəyə daxil olan valyuta həcminin artırılması baxımından vacibdir".
V.Bayramov hesab edir ki, İtaliya növbəti dövrlərdə də Azərbaycan üçün əsas ticarət tərəfdaşı olaraq qalacaq və iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətləri imkan verəcək ki, Azərbaycanın iş adamları, qeyri-neft sektorunda çalışan sahibkarlar bu strateji münasibətlərin inkişaf etməsindən faydalana bilsinlər.
çap et