525.Az

Ukraynanın "Min kəsik müharibəsi"nin nəticələri - Xaqani Cəfərli yazır


 

Ukraynanın "Min kəsik müharibəsi"nin nəticələri - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Rusiyanın Ukraynaya qarşı müharibəsinin ilk günlərində yazdığımız "Rusiya-Ukrayna müharibəsi nə vəd edir?" başlıqlı məqalədə hərbi ekspertlərin Ukraynanın "Min kəsik müharibəsi" aparmalı olduğu haqqında tövsiyələrinin mövcudluğundan bəhs etmişdik.

Müharibənin altı ayının başa çatması ilə bağlı Ukrayna rəsmilərinin açıqlamalarında etiraf olunur ki, Ukrayna Rusiyaya qarşı "Min kəsik müharibəsi" aparır. Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixayıl Podolyak açıq etiraf edib ki, Rusiyaya qarşı "Min kəsik müharibəsi" aparılır. Xatırladaq ki, "Min kəsik müharibəsi" ifadəsi Pakistanın hərbi kəşfiyyatının rəisi olmuş general Məhəmməd Yusəfə məxsusdur. Sovet İttifaqı Əfqanıstana hərbi müdaxilə edərkən İslamabadda Sovet işğalının qarşını almaqla bağlı aparılan müzakirədə general Məhəmməd Yusəf SSRİ kimi nəhəngi bir zərbə ilə məhv etməyin mümkünsüz olduğunu bildirir və alternativ mübarizə üsulu kimi "Min kəsik müharibəsi"ni təklif edir. Tarixdən məlum olduğu kimi, bu hərbi taktika Əfqanıstanda özünü doğrultdu və dövrünün iki ən böyük dövlətindən biri olan Sovet İttifaqı kiçik, geridə qalmış Əfqanistanı məğlub kimi tərk etmək məcburiyyətində qaldı. Belə görünür ki, Rusiya SSRİ-nin tarixindən nəticə çıxarmayıb. Üstəlik, Rusiyanın Ukraynada üzləşdiyi "Min kəsik müharibəsi"nə qarşı hərbi taktikasının mövcud olmadığı, hərbi qüvvənin üstünlüyü hesabına müharibənin qalibi olmağa çalışdığı müşahidə olunur. ABŞ-da nüfuzlu ekspertlədən biri hesab olunan Aleksandr Flint də Ukraynanın "Min kəsik müharibəsi" apardığını qeyd edib.

Ukrayna Baş Qərargahının məlumatına görə, fevralın 24-də başlayan müharibədə Rusiyanın 45 mindən çox əsgər və zabiti öldürülüb. Rusiya bu məlumatı inkar edir və itkilərinin sayını açıqlamır. Müstəqil mənbələr, eləcə də Qərb dövlətlərinin hərbi və xüsusi xidmət orqanları isə Rusiyanın Ukraynaya qarşı müharibədəki itkisinin 80 mini keçdiyini bildirirlər. Bu zaman ölü, yaralı, əsir və fərariləri bir yerdə hesablayırlar. "The New York Times"ın Ukraynadakı müharibəyə həsr olunmuş məqaləsində isə Rusiyanın hər gün 500-ə yaxın hərbçisini ölü və ya yaralı olaraq itirdiyi qeyd olunur.

Rusiyanın Ukraynaya qarşı altı aydan artıq davam edən müharibədəki itkiləri SSRİ-nin Əfqanıstandakı on illik müharibədə itirdiyindən bir neçə dəfə çoxdur. Ümumiyyətlə, fevralın 24-də başlayan müharibədə Rusiyanın itkiləri İkinci Dünya müharibəsindən də böyük itkilər hesab olunur. Rusiya ordusu canlı qüvvə ilə yanaşı, hərbi texnika itkisinə görə ekspertləri təəccübləndirir. "The Insider" nəşrinin araşdırmaçı jurnalistlərinin təhlilinə görə, Rusiya ordusu bu ilin sonunda mərmisiz, artilleriyasız və zirehli texnikasız qala bilər. Ekspertlərin qənaətinə görə, ən ağır vəziyyət artilleriya mərmiləri ilə bağlı yaşana bilər. Məsələ ondan ibarətdir ki, keçmiş SSRİ hərb sənayesinin məhsulları olan 122 mm və 152 mm artilleriya mərmilərini uzun müddət saxlamaq mümkün olmadığı üçün bu sursatın qıtlığı hər zaman müşahidə olunub. 2002-ci ilin yayında, ikinci Çeçen müharibəsi zamanı da bir neçə aylıq lokal hərbi əməliyyatların ssonunda Rusiya ordusunun 22 mm və 152 mm artilleriya mərmilərinin çatışmazlığı ilə üzləşmişdi. İndi isə vəziyyət daha acınacaqlıdır. Rusiya Ukraynaya qarşı 1300 kilometr uzunluğu olan döyüş bölgəsində müharibə aparmaq məcburiyyətindədir. Rusiya ordusunun hər gün orta hesabla 60 min artilleriya mərmisi atdığı bildirilir. Bu, çox böyük rəqəmdir. Halbuki Ukrayna ordusu gün ərzində 4-6 min arası artilleriya mərmisi atır.

Əlbəttə, Rusiya hərb sənayesinin artilleriya mərmi istehsalını görməzdən gəlmək olmaz. Bununla belə, mərmi istehsalı tempi yetərli deyil. Eyni zamanda, Ukrayna ordusunun Rusiya ordusunun hərbi bazalarına və anbarlarına endirdiyi zərbələr nəticəsində ən çox itki artilleriya mərmisi anbarlarına dəyir. ABŞ Ukraynaya "HIMARS" reaktiv yaylım atəş sistemləri verdikdən sonra isə Rusiya ordusunun arxa cəbhəsində əsl fəlakət yaşanır. Ukrayna rəsmilərinin məlumatına görə, "HIMARS" reaktiv yaylım atəş sistemlərindən istifadə edilməsindən ötən müddət ərzində Rusiyanın 150-dən çox hərbi bazası, silah-sursat və yanacaq anbarı, komanda məntəqəsi vurulub. Hərbi ekspertlərin təxmini hesablamalarına görə, Ukraynaya qarşı müharibənin altı ayında Rusiya ordusu cəbhə xəttindəki anbarların itkiləri də nəzərə alınmaqla 7 milyon mərmi itirib. Əgər müharibənin intensivliyi indiki səviyyədə qalsa, 2022-ci ilin sonuna kimi Rusiya aşkar şəkildə mərmi qıtlığı ilə üzləşəcək. Bu prespektiv isə qənaət etmək zərurəti doğurur. Ona görə də Rusiya ordusu artilleriya mərmisindən istifadəni iki dəfədən çox azaldaraq 60 mindən 24 minə qədər azaldıb. Lakin bu, başqa bir problem yaradır. Belə bir vəziyyətdə Rusiya ordusu döyüş meydanında uğur qazana bilməyərək, bir yerdə ilişib qalır. Son bir neçə həftə ərzində Rusiya ordusunun bir kilometr belə ərazi ələ keçirə bilməməsinin əsas səbəblərindən biri də budur. Üstəlik, Ukrayna Qərbdən aldığı artilleriya və reaktiv yaylım atəş sistemləri vasitəsilə Rusiya ordusuna ağır zərbələr vurur. Rusiya ordusu isə bunlara cavab vermək imkanında deyil.

Mərmilərlə yanaşı, artilleriya qurğularının lülələrinin aşınması problemi də mövcuddur. Bütövlükdə isə Rusiya ordusu zirehli texnika və aviasiyada ağır itkilər verməkdədir. Ukraynanın Rusiyaya qarşı tətbiq etdiyi "Min kəsik müharibəsi"nin altı aylıq nəticələri Moskvanı gözləyən hərbi fəlakətdən xəbər verir. Altı ay sonra vəziyyətin necə acınacaqlı olacağını isə görünür, Moskvada tam təsəvvür etmirlər.

 

 





03.09.2022    çap et  çap et