Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dnestryanı bölgədə rus hərbçilərinə qarşı istənilən hərəkətin Rusiyaya qarşı hücum kimi qiymətləndiriləcəyini bildirib. Lavrovun bu fikirləri Avropada Rusiyanın Moldovaya qarşı müharibəyə əsaslar yaratmağa çalışması kimi dəyərləndirilir. Moldova isə Rusiyadan Lavrovun sözlərinə aydınlıq gətirilməsini və rus qoşunlarının ölkə ərazisindən çıxarılmasını tələb ediblər. Rəsmi Moldova Rusiyanın hərbi bazasının bu bölgədə mövcudluğunu qanunsuz sayır. Rusiya 1999-cu ildə ATƏT-in İstanbul sammitində Moldova ərazisindəki hərbi bazasını çıxaracağı ilə bağlı öhdəlik götürsə də, bu öhdəliyini yerinə yetirmir. Eyni zamanda hüquqi statusu qeyri-müəyyən olan sülhməramlıların da Moldovadan çıxarılması tələblərini Rusiya qəbul etmir. Moskvada hesab edirlər ki, Moldova prezidenti Maya Sandu və onun komandası ABŞ və Avropa Birliyinin diktəsi ilə hərəkət edir.
Moldova prezidenti Maya Sandu isə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təhdidlərini şərh edərkən deyib ki, Moskva sabitliyi pozmağa çalışır: "Dnestryanı münaqişənin yalnız sülh yolu ilə həllini seçəcəyimizi və qəbul edəcəyimizi bəyan etdiyimiz halda Rusiya yanlış rəy yaratmağa və sabitliyi pozmağa çalışır. Lavrovda soruşmaq lazımdır ki, o, niyə belə bəyanat verib? Biz indiyədək riayət etdiyimiz prinsiplərə sadiqik. Dnestryanı münaqişənin həlli yalnız sülh və diplomatik yollarla mümkündür. Cənab Lavrov bunu bilir. Biz 5+2 formatı Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü səbəbindən işləmir".
Siyasi şərhçilər isə Ukraynaya qarşı müharibədə uğur qazana bilməyən Rusiyanın kiçik Moldovaya qarşı müharibədə maraqlı ola biləcəyinə diqqət çəkirlər. Moldovaya qarşı müharibədə "qələbə" Rusiyanın siyasi və hərbi uğuru kimi təqdim oluna bilər. Eyni zamanda Moldova üzərində nəzarət Ukraynaya qarşı təzyiqləri artırmağa imkan verəcək. Lakin Moldovaya qarşı müharibəyə başlayacağı halda Qərbin hansı reaksiya verəcəyi Rusiya üçün tam aydın deyil. Əgər Qərb Moldovanı da Rusiyaya qarşı döyüşmək üçün silahlandıra, vəziyyət tamamilə əks istiqamətə gedə bilər. Əgər Moldova Qərbin dəstəyi ilə müqavimət göstərməyə başlasa, bu, faktiki olaraq Rusiyaya qarşı ikinci cəbhənin açılmasına səbəb olacaq. Cəbhə xəttinin böyüməsi isə Rusiya üçün arzuolunmazdır. Ukraynaya qarşı müharibədə ağır itkilər Rusiya ordusunu tamamilə gücdən salıb. Moldova ordusu nə qədər kiçik olsa da, Rumıniyanın dəstəyi ilə gücdən düşmüş Rusiyaya qarşı ciddi baş ağrısına çevrilə bilər. Digər tərəfdən, Moldovaya qarşı müharibə münaqişənin çox geniş ərazilərə, o cümlədən, Rusiyanın daxilinə keçə bilər. Sadəcə olaraq Rusiya rəhbərliyi Ukraynada düşdüyü vəziyyətdən çıxış yolu axtarır və Moldovaya qarşı müharibə həmin yollardan biri hesab olunur.