|
|
|
|
Avqustun 26-da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb. Laçının tamamilə azad olunmasından sonra Qarabağ separatçıları təşvişə düşüblər. Onlar Azərbaycan Ordusunun tezliklə Xankəndi, Xocalı və digər ərazilərdə də nəzarəti ələ alacağı günü qorxu ilə gözləyirlər.
Millət vəkili Elman Məmmədov deyib ki, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin tamamilə ermənilərdən təmizlənməsi və ordumuzun nəzarətinə keçməsi ilə işimiz hələ tam bitməyib. Bu böyük hadisədən sonra hədəf Xankəndi, Xocalı, Xocavənddir. Laçının tam azad olunmasından sonra Azərbaycan yeni hədəflərinə doğru irəliləyəcək: "Məqsədə çatmaq üçün cənab Prezidentin, müzəffər Ali Baş Komandanın növbəti tapşırıq və göstərişləri xalqımız və ordumuz tərəfindən səbirsizliklə gözlənilir".
E.Məmmədov hesab edir ki, Azərbaycan bayrağı Laçınla yanaşı, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan digər ərazilərdə də dalğalanacaq. Sadəcə olaraq zamana ehtiyac var: "Azərbaycan ərazisində sonuncu separatçı, cinayətkar zərərsizləşdirilənə qədər biz əməliyyatları davam etdirəcəyik. Ərazimiz bu yaramaz, arzuolunmaz ünsürlərdən təmizlənəcək. Azərbaycan suveren, müstəqil dövlət kimi öz ərazilərini tamamilə separatçılardan təmizləyəcək. Hələlik müəyyən səbəblərdən 30 il ərzində öz ərazimizdə kök salmış separatçılar, cinayətkarlar mövcuddur. Adını çəkdiyimiz əraziləri erməni terrorçularından təmizləyəcəyik. Buna əmin ola bilərsiniz. Orada bir terrorçu da qalmayacaq. Həmin ərazilər yenidən Azərbaycanın tam nəzarətində olacaq. Sadəcə bu məqsədə çatmaq üçün müəyyən qədər zamana ehtiyacımız var. Cənab Prezident nəyi, nə zaman və necə edəcəyini yaxşı bilir. Biz 44 günlük Vətən müharibəsini qələbə ilə başa vurandan sonra bütün bu sözlər, deyilən fikirlər dəfələrlə öz təsdiqini tapıb. Bir sözlə, yaxın gələcəkdə Ali Baş Komandanımızın rəhbərliyi ilə digər hədəflərimizə də çatacağıq. Bizi qarşıda yeni qələbələr gözləyir".
Millət vəkili Əhliman Əmiraslanov bildirib ki, Azərbaycanın şanlı Qələbəsi ilə yekunlaşan Vətən müharibəsi siyasi, diplomatik müstəvidə uğurla davam edir. Azərbaycan addım-addım öz mühüm vəzifəsinə doğru inamla irəliləyir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi uzaqgörənliyi, diplomatik bacarığı, Azərbaycan Ordusunun rəşadəti sayəsində bu gün artıq Laçın şəhərindəyik, Zabux və Sus kəndlərindəyik: "Dövlətimiz istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində sübut etdi ki, Qarabağ və Şərqi Zəngəzur əzəli Azərbaycan torpağıdır. Azərbaycanlılar deyil, məhz ermənilər bu torpağa gəlmədirlər. Azərbaycanın əsas hədəfi regionda sülhün qorunub saxlanılması, ölkəmizin suverenliyinin tam bərpası, beynəlxalq təşkilatların qəbul etdiyi ümumbəşəri sənədlərin icrası və əmin-amanlığı uzunmüddətli prosesə çevirməkdir. Bu proses isə öz növbəsində Azərbaycanla yanaşı, regionun sosial-iqtisadi rifahına, sülhə və təhlükəsizliyə birbaşa təsir göstərəcək".
Millət vəkilinin dediyinə görə, Azərbaycan həm də məsuliyyətli, ləyaqətli dövlət olduğunu bütün dünyaya sübut etdi. Belə bir güclü Azərbaycanla dünya ölkələri, beynəlxalq təşkilatlar da əməkdaşlıq etməyə hazırdır. Vətən müharibəsinin yekunlaşmasından keçən qısa müddətdə azad olunmuş ərazilərdə avtomobil və dəmir yolları, körpülər, tunellər çəkilir, sosial infrastruktur qurulur, kəndlər, şəhərlər salınır, tarixi-dini irsimiz yenidən bərpa edilir, beynəlxalq hava limanları tikilir. Bütün bunlarla yanaşı, ölkəmiz 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarına uyğun şəkildə, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir.
Bəyanatın şərtlərinə uyğun olaraq Laçını tərk edən ermənilər ölkəmizin onlar üçün yaratdığı şəraitdən, göstərdiyi humanizmdən sui-istifadə edərək Kəlbəcərdə törətdikləri barbarlığı, vəhşiliyi Laçında da təkrarladılar. Evlərə, meşələrə od vuran ermənilər faşizm ideologiyasına sadiq olduqlarını açıq şəkildə nümayiş etdirdilər. Ermənilərin Azərbaycanın əzəli torpaqlarını tərk edən zaman törətdikləri vəhşiliklər də onların əsl simalarının təqdimatında mühüm rol oynayır. Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda azərbaycanlılara məxsus tarixi coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən Suriyadan gətirilmiş ermənilərin məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni işlər görüblər. Onların torpaqlarımızı boşaldarkən törətdikləri cinayətlərə dünyanın susmasını artıq Azərbaycan ictimaiyyəti təəccüblə qarşılamır. Çünki beynəlxalq hüquq adı altında "beynəlxalq ədalətsizlik" artıq adi hala çevrilib. Ancaq dövlətimizin müdrik lideri ustalıqla beynəlxalq hüququn verdiyi öhdəlikləri əldə etməyə nail olur: "Qeyd etmək istəyirəm ki, Zəngəzur dəhlizinin yaradılması Azərbaycan, Rusiya, Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatında öz əksini tapıb. Bundan əlavə, 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatda da Zəngəzur dəhlizinin açılması, istifadəyə verilməsi təsbit edilib. Bu baxımdan, növbəti hədəf Zəngəzur dəhlizidir".
Demokratiya və İnsan Hüquqları komitəsinin sədri Çingiz Qənizadə bildirib ki, 2020-ci il 10 noyabr üçtərəfli razılaşmaya uyğun olaraq Azərbaycan tərəfi son ana qədər davranış, səbr və təmkin nümayiş etdirdi. Azərbaycan Ordusunun Laçın şəhərini, Zabux və Sus kəndlərini tam nəzarətə götürməsi Prezident İlham Əliyev siyasətinin və Azərbaycan diplomatiyasının uğuru kimi dəyərləndirilməlidir: "Qan-qadasız, itkisiz istəyimizə nail olduq. Hətta bir neçə xoşgəlməz haldan başqa oradakı tikililərin yandırılmasının da qarşısı dövlət başçısının tələbi və apardığı danışıqlar nəticəsində alındı. Bu gün 30 ildən sonra Laçın şəhəri Azərbaycana qayıdıb. Müqəddəs torpaqlarımız artıq öz nəzarətimizdədir. Amma bəzi siyasətçilər, politoloqlar, radikal müxalifət təmsilçiləri "qınaqlar" səsləndirirdi ki, üstündən il yarım vaxt keçib, biz niyə Laçın şəhərinə girə bilmirik? Zaman göstərdi ki, Laçın şəhərindən yan keçməklə həyata keçirilən alternativ yolun çəkilişi üç il müddətində nəzərdə tutulsa da, Azərbaycan tərəfindən daha tez çəkilib istifadə verildi. Artıq rus sülhməramlıları da Laçın dəhlizindən çıxaraq yeni Laçın yoluna yerləşdirilib. Beləliklə, Laçın Azərbaycanın tam nəzarətinə keçməklə ölkəmizin bu ərazimizdə də suverenliyi təmin olunub. Bu, Azərbaycan dövlətinin növbəti uğuru, ölkə başçısının apardığı siyasi işin nəticəsidir. Ümumən demək istərdim ki, Laçına dönüş Qarabağa qayıdışımızda çox mühüm mərhələdir".
Çingiz Qənizadənin sözlərinə əsasən, bir çox məsələlərin əsl mahiyyətini isə erməni tərəfinin heç özü də dərk etmir. Görünən isə odur ki, Azərbaycan tərəfi 10 noyabr 2020-ci il üçtərəfli razılaşmasının bütün bəndlərinin icrası üçün öz israrlı mövqeyini nümayiş etdirir. Ona görə də, üçtərəfli razılaşmada nəzərdə tutulan bütün müddəaların təmin edilməsi həyata keçiriləcək: "Bu baxımdan Azərbaycanın Laçından sonra növbəti hədəfləri delimitasiya, sülh sazişi və Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Qarabağda yaşayacaq erməni icmasının da taleyi artıq müəyyənləşmiş olacaq. Onlar Azərbaycan vətəndaşlığını qəbul edib ölkəmizdə yaşamağa davam edə bilərlər. Bu şəxslərin Azərbaycan xalqına, ordumuza qarşı hər hansı bir cinayət əməlində iştirak edib-etməməsi məsələsi aydınlaşdıqdan sonra buna qərar veriləcək. Azərbaycan xalqına qarşı cinayət törətmiş, münaqişə başlandığı dövrdən sonra qanunsuz olaraq gəlib bizim ərazilərimizdə yaşamış şəxslər də bölgəni tərk etməlidir. Bütün bunların fonunda qarşıya qoyulan hədəflərə çatmaq üçün səbr və təmkin lazımdır. Emosiyalara qapılmaq olmaz. Dövlətin siyasəti birmənalı olaraq dəstəklənməlidir".
Sevinc QARAYEVA