Əziz oxucular, bu məqalənin yazılmasının bir səbəbi var. 48 ildir bir havanın melodiyasını axtarırdım ki, nota yazım. Fəqət heç cür melodiyanı tapa bilmirdim. Amma adını 18 yaşında eşitmişdim: “Koroğlu borusu”. Bu havanı qədim saz-söz sənətimizin görkəmli nümayəndəsi, Gürcüstan Respublikasının Əməkdar Mədəniyyət işçisi Aşıq Hüseyn Saraclının (1916-1987) ifasından dinləmişdim. 1974-ci ilin bir mübarək günündə Azərbaycanın məşhur saz memarı Usta Xudaverdi Mahmudov, Sədi Ulaclı (Sədi Ulaclı həm də H.Saraclının kürəkəni idi) və Hüseyn Saraclının birlikdə Gəncəyə, Cəmil Əkbərin xanəgahını ziyarətə gəlməsi bu gün də ən əziz günlərimin bir xatirəsi olaraq xəyalımda yer almaqdadır. Usta Xudaverdi Mahmudov “Orta Sarıtel”, “Baş dübeyt”, “Yanıq Kərəmi” havasının klassik ifa ənənəsinə sadiq qalaraq çaldığı zaman atam Cəmil Əkbər də maqnitafona bu səslənməni yazdırırdı. Daha sonra Hüseyn Saraclının sənətdə püxtələşmiş gənc şəyirdi Sədi Ulaclı özünəməxsus səsi, avazı və spesifik tembri ilə bir neçə hava çalıb oxuduğu zaman gələcəkdə məşhur sənətkar olacağının işartısını bu möhtəşəm ifası ilə təsdiqləmişdi. Lakin arzular, ümidlər qısa həyatı kimi gənc yaşlarında torpağa gömüldü nə yazıq ki...
Ustadlar ustadı Aşıq Hüseyn Saraclı da qədim havalarımızdan olan “Ürfani”ni, Borçalı elinin vazkeçilməz klassik saz havalarından olan “Məmmədbağırı”nı, “Dol Hicranı”nı, “Bozuğu Koroğlu”nu “Qürbəti Kərəmi”ni, “İbrahimi”ni, ələlxüsus yanğılı ifası ilə digər aşıqlardan çox fərqlənən “Mənsuri”ni çalıb kiçik heyyətdə olan saz-söz “məclisimizi” şərəfləndirdi.
Yaxşı xatırlayıram ki, 1972-ci ildəki Gəncədə Cəmil Əkbər ocağındakı ifasının ən sonunda lentə yazdırdığı havanın adını çalıb-oxumadan öncə Hüseyn əmi belə elan etdi: “Koroğlu borusu”. Hələ heç bir aşıqdan bu günə kimi eşitmədiyim, hətta Dədə Şəmşirin Cəmil Əkbərin evində müsafir olduğu günlərdə, bizim ailəmiz üçün çaldığı klassik saz havaları arasında “Koruğlu borusu” adında bir havanın olmadığının fərqinə vardım. Heç bir ustad aşıqların repertuarında olmayan bu nadidə havanı məhz ilk dəfə ustad sənətkarımız Hüseyn Saraclının musiqinin abhavasına-ruhuna uyğun necə salğarlı, öz ifaçılıq manerasına uyğun tərzdə aramla çalıb söyləməsi ömrümə yazılan qeyri-adi olan xatirələrim arasında ən unikal olanlardandır. Etiraf etməliyəm ki, 18 yaşında ikən “Koroğlu borusu”nu dinləməyim ruhuma yazıldı. Bu əhvalatdan uzun illər keçdikdən sonra Azərbaycanın fərqli yörələrindəki aşıqların ifaçılığını tədqiq etdiyim zaman Koroğlu havaları içərisində “Koroğlu borusu” adına rast gəlmədim. Kəlbəcər, Gədəbəy, Gəncə, Şəmkir, Tovuz, Qazax aşıqlarının ifaçılığını təhlil etdiyim zaman “Koroğlu borusu”nun təkcə Hüseyn Saraclının repertuarında olduğunun qənaətinə vardım. Səmimiyyətimlə etiraf etməliyəm ki, evimizdə maqnitafon lentinə yazılan “Koroğlu borusu” adlı melodiya hansı səbəbdənsə qeyb oldu. Nə tapa bildim, nə də bir daha dinləmək mənə nəsib olmadı. Ürəyimdə dərd oldu “Koroğlu borusu” adlı hava. Melodiyanı unutsamda fəqət “Koroğlu borusu” adını heç unutmadım. Qəlbimə qızıl hərflərlə yazıldı bu havanın adı ömrümə. 2013 ilində Dədə Şəmşirin 120 illik yubileyi münasibəti ilə yazdığım “Saz Havaları Antalogiyası”, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin dəstəyi ilə yayınlansada hər zaman təəssüf hissi keçirirdim ki, bu klassik saz havaların içərisində “Koroğlu borusu”nu nota yazıb təəssüf ki, kitabıma daxil edə bilmədim. Bu xatirəm hələ ki, burada qalsın...
Digər bir xatirəni də sizlərlə paylaşmaq istərdim. 1986-cı ildə Kəlbəcər aşıqlarının repertuarını öyrənmək məramı ilə əfsanəvi gözəlliyə sahib dillər əzbəri “İstisu”dan, laçın qayalarla əhatəli Dədə Şəmşirin vətəni Kəlbəcərdən sonra Göyçə mahalının Ağkilsə kəndində türk dünyasının əfsanəvi ustadı Aşıq Ələsgərin ocağında nəvəsi hörmətli alimimiz İslam Ələsgərin və aşıq Haqverdi Talıboğlunun qonağı olduğumuz (bu ziyarətdə şair Mustafa İsgəndərzadənin ailəsi, ömür gün yoldaşı Mənzərə xanım və 8-9 yaşlı şəyirdim Çinar Mustafaoğlu və el şairi Əli Qurban Dastançı da var idi) zaman da ustadın çaldığı klassik saz havaları arasında “Koroğlu borusu” isimində musiqiyə rast gəlmədiyimi də etiraf etməliyəm. İyul ayındakı bu unudulmaz günlərimdən sonra ayrılıb Gəncəyə, atam Cəmil Əkbərin evinə döndüm. Bir çox unudulmuş qədim saz havalarını aşıqların repertuarından əldə edə bilməməyimi atama yerli-yataqlı təfərrüatı ilə anlatdım. Ümidsiz halımı görüb Cəmil müəllim bu dəfə Gədəbəy aşıqlarını ziyarət etmək üçün məni doğulub boya-başa çatdığı elinə-obasına götürüb, Gədəbəy aşıqları ilə görüşdürdü. Atamın gənclik illərinin dostu, Aşıq Yusiflə, daha sonra ustadlar ustadı Miskinli şair Vəli Bayramov başda olmaqla Aşıq İslam Əkbərovla, Şəkərbəyli Aşıq Sarı, Aşıq İsmayıl, Aşıq Şahsuvar, Zəhmət kəndində ustad Balabançı Bəhlul ilə olan görüşlərim sırasında lentə aldığım havalar arasında yenə “Koroğlu borusu” adlı havanın olmaması məni daha da məyus etdi. Oxum yenə daşa dəymişdi. Atamla tədqiqatımı bitirib yenidən Gəncəyə döndük. Atam Cəmil Əkbər qəmli olduğumu duyub məsələnin nə yerdə olduğunu anladı. Bu dəfə Borçalı elini ziyarət etmək məsələsi gündəmə gəldi. Bu minvalla da Borçalı elinin Araplı kəndində yaşayan canlı ensiklopediya, saz havalarımızın dəqiq bilicisi və professional saz-söz ifaçısı Əmrah Paşa oğlu Gülməmmədovun (1914-1987) xanəgahına müsafir olduq. Atamı görən kimi heyrətini gizlətməyib şad əhval ruhiyyədə “Zay qarışmasa” rədifli məşhur şeirindən 3 bəndi qarşılama mərasimində uca səslə söylədi. (Qeyd etmək istərdim ki, keçən əsrin 70-ci illərində Gəncədə atam Cəmil Əkbərin müsafiri olduğu bir mübarək gündə, Əmrah dayı bir neçə şerləri müəllifdən dinləyib bəyəndikdən sonra xahiş edib almış, repertuarına daxil etmişdi. “Zay qarışmasa” rədifli qoşması da bunlardan biri idi.)
Dəryalar dolarmı, dalğalanarmı?
Ona yüz yerindən çay qarışmasa.
Dəqiqə, saatla il düzələrmi?
Onlara həftələr, ay qarışmasa.
Qardaş-qardaş ilə dalaşardımı?
Qəlbinə ləkələr bulaşardımı?
Nəsil də pozulub cırlaşardımı?
Böyründən bədəsil zay qarışmasa.
Cəmiləm, xalqıma məhəbbətim var,
Deməyə, yazmağa nəsihətim var,
Əhli-hal insanla ünsiyyətim var,
Qanana qanmayan tay qarışmasa.
Atam Cəmil Əkbərin, səfər etdiyim Araplı kəndinə yaşıl işıq yandırması sayəsində 65-ə yaxın klassik saz havasını maqnitafona yazdırmağım mənim üçün Nobel mükafatı dəyərində idi. Çünki istədiklərimə, axtardıqlarıma Əmrah Gülməmmədovun ocağında nail olmuşdum. Borçalı elinin ustad aşıqlarından ibarət durna qatarının başcısı Əmrah dayının ihtişamlı çalğısı həqiqətən də bir möcüzə idi. Çala-çala bəstəkarlıq edirdi klassik havalarda. Bayağı xallar, güllər yox idi. Hər şey öz yerində ölçülü-biçili, səliqə-sahmanda idi. Çünki min yol ölçüb, bir yol biçmiş, bu cür çalmasına əmin olub nəhayət qərar vermişdi. Çox sərrast, anlaşıqlı məntiqə dayalı xallarla, güllərlə bəzəmişdi sanki bir məbəd timsali klassik aşıq havalarımızı. Zövqü çox yüksək, musiqi duyumu çox həssas idi. Sazın orta simlərində çalıb ilk qrupda qərar olmış simlərə modulyasya etməsini ilk dəfə Əmrah dayıda müşahidə etməyim mənim üçün bir yenilik idi. Söhbət əsnasında mənə “İlqar Bala” deməsi də ürəyimcə idi. Çünki saz-söz sənətinin azman sənətkarının yanında kiçik olmaq necə bir xoşbəxlikdir, səadətdir mənim üçün. Bu hissi ustada xidmət edənlər, arif olanlar bilər əziz oxucularım.
“Şahsevəni Müxəmməsi” sazın qolunda qərar almış fərqli pərdələrdə, üç tonallıqda çalmasını özüm üçün ixtira, yenilik hesab edib, olduğu kimi öyrənib ifaçılığıma daxil etdim. Sonralar yəni 1987-ci ildə “Şahsevəni Müxəmməsi” adlı bu klassik havanı Rəşid Behbudovun rəhbərliyi ilə (Azərbaycan Dövlət Mahnı Teatrı tərkibində ) fəaliyyət göstərmiş məşhur orkestrin aktif üzvlərindən olmuş istedadlı musiqiçi (qarmon, tar, saz ifaçısı) Azərbaycanın Xalq Artisti Kamil Vəzirova da öyrətdim. Məqsədim bu idi ki, 3 sazın müşayiəti ilə (Qeyd etməliyəm ki, Rəşid Behbudovun böyük sənətinin xatirinə bu ansmbldakı olan sazları mənim təşviqimlə Gədəbəyli Sazbənd Qəzənfər Tağıyev təmənnasız olaraq təmir etmişdi.) Əmrah dayının vurduğu xallar, naxışlar, ifa üslubu həm Azərbaycanımızda həm də xarici ölkələrdə, məhz SSRİ Xalq Artisti Rəşid Behbudovun da iştirak etdiyi fərqli konsertlərdə yabançı dinləyicilər qarşısında təbliğ olunmaqla klassik saz havalarımız yaşadılsın, musiqi mədəniyyətimiz təbliğ edilsin sazın səsinin ecazkar tembri ilə.
Əmrah dayının ocağında sədəflə bəzənmiş qara sazını hörmətlə alıb çalmağıma da izin verməsi əslində mənim nəzərimdə müqtədir sənətkarımızın xeyir-duasını qazanmaq dəyərində mükafat idi. Maqnitafona yazılan ənənəvi saz havalarının yazılışının yekununda rəqs havalarını da müşayiətsiz, tək sazda çaldığını deməsi məni daha da heyrətləndirdi. Aşıq Əmrah Gülməmmədovun milli rəqs havalarımızdan: “Turacı”, “Tərəkəmə”, “Heyvagülü”nü saz alətində ifa edə bilməsini, o dönəmdə digər ustadlarından dinləməmişdim. Sazda çalınan bu ilk töhfələri məmnuniyətlə qəbul etdim, ruhuma, yaddaşıma. Bu klassik saz havaları arasında ilk dəfə eşitdiyim bir havanın adını elan edib “Qol yallı” deyə çaldı. Bu adla da lentin yaddaşına köçürdüm. Öz-özümə düşünürdüm ki, bu musiqi Azərbaycana məxsus olan, mənim nota yazıb çap etdirdiyim 250-dən çox yallılarımızdan, halaylarımızdan bilinməyən nadir rəqs havalarımızdan biridir. Fəqət uzun illər keçdikdən sonra araşdırmam nəticəsində fikrimdə yanılmış olduğumu təsbit etdim. Ömrümə yazılan ən əlamətdar gün kimi olan 1986-cı il iyun ayından, bu görüşdən keçən 24 il aradan sonrakı illərdə (Türkiyə Cumhuriyyətində çalışdığım 2000-ci ildən bu yana) anladım ki, Əmrah dayının çaldığı “Qol yallı” adlı hava əslində sözlə oxunan Anadolu xalqına aid rəqs xarakterli xalq türküsüdür. Daha dəqiq araşdırdığımda anlaşıldı ki, bu havanın adı “Ya olduğun kimi görün, ya da göründüyün kimi ol” təbirinin müəllifi məşhur sufi şairi Cəlaləddin Ruminin bir zamanlar yaşadığı Konya şəhəri ilə bağlıdır. Qeyd etməliyik ki, Türk Musiqişünası Müzəffər Sarısözən tərəfindən ilk dəfə nota köçürülən, bəstəkarı bilinməyən bu melodiya hal-hazırda Türk sənətçilərin ifalarında uzun illərdir ki, “Konyalım” olaraq yaşadılmaqdadır. Musiqidən bir parçaya not nümunəsində nəzər salaq:
Yeri gəlmişkən “Konyalım” adlı musiqi üstə oxunan sözlər fərqli olub iki bəndini “525-ci qəzet”in imkanları ilə xalqıma çatdırmaq istərdim Bax: https://www.youtube.com/watch?v=GXAliXCv9zo.
Hanı ya da benim elli dirhem pırasam,
Üç mum yaksam Konyalıyı arasam off, off
Nəqarət
Konyalım yürü,
{Yürü yavrum yürü, fisdanını sürü.
Şimdi de geçti de burdan Konyalının biri}2
Hanı ya da benim elli dirhem bulgurum,
Konyalının kaşlarına vurgunum off, off
Nəqarət
Belə bir fikrə gəlmək olur ki, ustad Əmrah Gülməmmədov Gürcüstan ərazisində radyo dalğalarında gizlicə dinlədiyi zaman heç şübhəsiz “Konyalım” sözünü “Qol yallı” olaraq anlamışdır. Gətirdiyim bu ilk örnək əslində Sovetlər dönəmində belə Türkiyə-Azərbaycan kültür əlaqələrinin mənəvi bir körpüsü kimi mənim üçün çox qiymətlidir. Fəqət Əmrah dayının bu ifasını youtube yə yükləyən Qorqud adlı müəllif təəssüf ki, bu Anadolu xalq türküsünü “Cünunu” havası, mötərizədə isə “Koroğlu borusu” adı ilə siteyə yükləmiş və adını yanlış olaraq qeyd etmişdir. https://www.youtube.com/watch?v=UizjOMmHwnA
İki gün öncə (27 avqust 2022 tarixində) youtube programında 12 avqust 2022 tarixində Ustad Hüseyn Saraclının ifası diqqətimi çəkdi. 1974-cü ildən keçən 48 il zaman kəsimində Youtube-yə yüklənmiş həmin ifanın üzərində belə yazılmışdı: “Koroğlu borusu” və mötərizədə isə ikinci adı (Aşıq Cünunu). Bax: https://www.youtube.com/watch?v=qM5VktddKMs
Vaxtı itirməyib həyəcan, təlaş içərisində düyməyə toxunub dinlədiyim zaman bir anda çaşıb qaldım. Bu uzun illərin təhlilindən sonra anladım ki, Aşıq Hüseyn Saraclının ifa etdiyi “Koroğlu borusu” və (Aşıq Cünunu) havası əslində Əmrah Gülməmmədovun ifa etdiyi “Qol yallı”, daha doğrusu Anadolu Türk musiqi mədəniyyətində yer alan “Konyalım” havasıdır. Nəhayət dəqiqləşdirdim ki, bu Anadolu türküsü, təkcə Hüseyin Saraclının təbirində “Koroğlu borusu” adı ilə yer almışdır.
Onu da qeyd etməliəm ki, Aşıq Hüseyn Saraclının bu ifası 1974-cü ildə Azərbaycan radiosunun əməkdaşı, yazıçı-publisist, jurnalist, ssenarist İntiqam Mehdizadə (1945-2022) tərəfindən Respublika Dövlət səsyazma studiyasında lentə alınmışdır. Aşıq Hüseyn Saraclının “Koroğlu” dastanından bir poetik şeir nümunəsini “Konyalım” adlı Anadolu türküsünün melodiyası ilə uyğunlaşdırıb təqdim etdiyimiz bu sözlərlə çalıb oxumuşdur.
{Koroğluyam mərd igidə qalayım,} 2
Ərzuruma bir vəlvələ salayım, salayım.
Şimdi Cəfər Paşa qılınc çalayım,
Bağarsağın cəmdəyinə dolansın, dolansın,
{Haydı yavrum yeri, aslan yavrum yürü} 2
{Gözəl isən bəri, çirkin isən geri} 2 (Gözəlsənsə bəri, çirkinsənsə geri)
Azərbaycan aşıq ifaçılığı sənətində bir həqiqətə aydınlıq gətirməyimi “525-ci qəzet”in imkanları ilə xalqımın, sənətsevərlərin, aşıqşünasların diqqətinə çatdırmağı vətəndaşlıq borcum olaraq qəbul etməkdəyəm. Məqaləmi yekunlaşdırarkən “Ustad görməyənin işi xam qaldı” kəlamını xatırlatmaq istərdim. Ustadlara min rəhmət!