Yevlax şəhərində minik avtomobilinin qatara çırpılması nəticəsində yaralanan polis əməkdaşı Ruslan Quliyev dünyasını dəyişib.
APA-nın məlumatına görə, həkimlərin səyinə baxmayaraq, R.Quliyev bu gün səhər saat 5:00 radələrində Yevlax Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib.
Qeyd edək ki, avtomobil qəzası ötən gün Bakı-Qazax dəmiryolu xəttinin Yevlax şəhəri ərazisindən keçən hissəsində baş verib. Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı 1990-cı il təvəllüdlü Ruslan Abbasqulu oğlu Quliyev idarə etdiyi “Chevrolet Niva” markalı avtomobillə yüksək sürətlə dəmir yolu xəttini keçmək istəyərkən qatarla toqquşub. Hadisə zamanı maşındakı sərnişin, Yevlaxın Nemətabad kənd sakini, 1981-ci il təvəllüdlü Elməddin Əhmədov dünyasını dəyişib. Sürücü Ruslan Quliyev isə açıq kəllə beyin travması ilə Yevlax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Yevlax rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
çap et