525.Az

Şuşa haqqında monotamaşa nümayiş olunacaq


 

Şuşa haqqında monotamaşa nümayiş olunacaq<b style="color:red"></b>

Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Şuşa İli”nə həsr olunmuş “Qələbədir adın” monotamaşası nümayiş olunacaq.

525.az xəbər verir ki, monotamaşanın libretto müəllifi tanınmış şairə Kamalə Abiyeva, musiqi müəllifi istedadlı piaonoçu, bəstəkar Pikə Axundovadır. Monotamaşanın ideya müəllifi isə, Azərbaycan Respublikasının Əməkdar artisti, istedadlı opera müğənnisi, vokalist İlham Nəzərovdur. Tamaşadakı bütün rolları İlham Nəzərov özü canlandıracaq. Bundan əlavə, Azərbaycanın sabahı – gələcəyin rəmzi kimi yaradılan şəhid övladı obrazının partiyasını isə İlham Nəzərovun oğlu 7 yaşlı Səid Nəzərli səsləndirəcək.

Tamaşa 21 sentyabr saat 17:00-da Beynəlxalq Muğam Mərkəzində təqdim ediləcək. Tədbir Heydər Əliyev fondunun və Mədəniyyət nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.

İlham Nəzərovun verdiyi məlumata görə, bu müzikl bizim səhnə üçün yenidir. Əsər bir neçə səs tembri üçün yazılıb. İlk dəfədir ki, bir tamaşada bir neçə partituranı eyni ifaçı səsləndirəcək. Tamaşada fərqli obrazlar var, dramatik bariton, lirik bariton, soprano, mezzo-soprano və s. üçün partiyalar mövcuddur. Bəstəkar bir neçə janra müraciət edib: akademik vokal ifaçılığı, meyxana, mahnı və başqa janrlar.

Əsərin söz müəllifi Kəmalə Abıyeva ərsəyə gələn işdən məmnunluğunu bildirib: “Qalib Ali Baş Komandanımız 2022-ci ili "Şuşa ili” elan edəndə Şuşayla bağlı fərqli nəsə yaratmaq istəyirdim. Ötən ilin sonlarında yaradıcılığını çox sevdiyim Pikə Axundova ilə əyani tanış oldum. İllərdi bir-birimizi tanıyırıq kimi doğma münasibətimiz yarandı. İlin ilk günlərində zəng gəldi Pikə xanımdan. Şuşayla bağlı çox da böyük həcmli olmayan musiqili bir əsər yazmaq istədiyini bildirdi. İdeya əslində çox istedadlı ifaçı, Azərbaycanda yeganə kontratenor, 5 oktava səsə malik İlham Nəzərovun idi. İlhamı da ifalarından tanıyırdım. Heyran olmamaq mümkünsüzdü bu səsə. Çox sevindim. "Ürəyimi oxumusuz elə bil, Pikə xanım, neçə gündü bu fikir beynimdə dolanır” - dedim. O saat işə başladım. Bu, azad olunmuş torpaqlardı, Qarabağdı, Şuşadı, yazmaya bilməzsən”.

 





04.09.2022    çap et  çap et