Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin "Don Karlos" operasının konsert ifasında premyerası keçirilib.
Operanın Azərbaycanda ilk dəfə səhnəyə qoyulması dahi bəstəkar C.Verdinin musiqi irsinin ölkəmizdə opera sənəti həvəskarları və melomanlar arasında daha geniş təbliği məqsədi daşıyır. "Don Karlos" operası çox tez-tez dramatik monosəhnələrə çevrilən son dərəcə çətin ariyalar, incə musiqi koordinasiyaları tələb edən ansambllarla zəngindir. Tamaşanın yüksək professional səviyyəsini təmin etmək məqsədilə teatrın rəhbərliyi Ukrayna Milli Operasının solistləri, bu ölkənin əməkdar artistləri- vokalçıların beynəlxalq müsabiqələrinin laureatları Andrey Romanenko (Don Karlos) və Mixail Kirişevi (Rodriqo) dəvət ediblər. Ümumiyyətlə, tamaşanın bütün iştirakçıları - həm qastrolçular, həm də teatrın solistləri- Azərbaycanın əməkdar artistləri Fəridə Məmmədova, Səbinə Əsədova, Əkrəm Poladov və başqaları çox yüksək professionallıq göstəriblər. Baş xormeyster, Əməkdar İncəsənət Xadimi Sevil Hacıyevanın rəhbərliyi altında teatrın xor kollektivi də tamaşadakı xor partiyalarını ustalıqla ifa ediblər. Tamaşanın musiqi rəhbəri və dirijoru, Xalq artisti, professor Cavanşir Cəfərovun rəhbərliyi altında orkestr öz işinin öhdəsindən bacarıqla gəlib. Bir sözlə, "Don Karlos" operası başa çatmaqda olan mövsümdə teatrın əsas uğurlarından biri sayıla bilər.
Qeyd edək ki, operanın ilk tamaşası 1867-ci ildə Parisdə baş tutub və həmin vaxtdan bu əsər dünyanın bir çox opera teatrlarında böyük müvəffəqiyyətlə səhnəyə qoyulur.
S.ABDULLAYEVA
çap et