525.Az

“Qaz-21”lə küçə-küçə gəzən ədəbiyyat


 

“Qaz-21”lə küçə-küçə gəzən ədəbiyyat<b style="color:red"></b>

Yadımdadır, o gün də məşqdən çıxıb qaça-qaça qayıtmışdım məhləyə, birdən gəlib-gedər onu görmərəm deyə. Bir yerdə durmurdu onsuz da, küçəbəküçə gəzir, səsini də çıxarmadan müştərilərinin ona yaxınlaşmasını gözləyirdi. Məhəlləyə çatanda boz “Qaz-21”i nə görən olmuşdu, nə eşidən.

Onda indiki kimi böyük-böyük kitab mağazaları da yox idi, olanların da qiyməti əl yandırırdı. Bir Elman dayı vardı İçərişəhərdə, bir BDU-nun yanında köhnə kitab satan əmilər, hə, bir də dinməz-söyləməz məhlə-məhlə gəzən ədəbiyyat maşını.

Onun maşınındakı kitablara baxıb həsəd aparırdım, 5 kitab alsam, gözüm 6-cı kitabda qalırdı. Sağ olsun, az kitab hədiyyə eləməmişdi. İndi, demək olar, hamısı kitabxanamda durur.

Həm sizi yormayım, həm də özümü... Gün batanadək məhlədə o baş-bu başa var-gəl eləsəm belə, bizim Ədəbiyyat maşını gəlmədi həmin gün. Evdə süfrə arxasında özümü təsəlli verirdim ki, yəqin bir neçə günə gələr, yaşlı adamdır, bəlkə, naxoşlayıb, bəlkə işi çıxıb, bəlkə... Bu "bəlkə"lərin sayı artdıqca öz-özümə nənəmdən eşitdiyim sözləri təkrarlayırdım: "Dilim-ağzım qurusun".

Yenə ümidimi itirmir, hər gün verilən yemək pulundan kəsib kitab almaq üçün yığırdım, bilirdim ki, bir gün mütləq gələcək. Çünki ondan alınası hələ çoxlu kitablar vardı. Özümdən asılı olmadan yaxından-uzaqdan gəlib keçən bütün boz maşınlara diqqət kəsilir, onun olub-olmadığını yoxlayırdım.

Evdəki kitabları oxuyub bitirmişdim, amma Ədəbiyyat maşını gəlmirdi ki, gəlmirdi...

Bütün ümidlərimin üzüldüyü bir vaxtda yenə məşqdən çıxıb asta-asta məhəlləyə sarı gedirdim. Tini dönəndə, düz qəssabxananın qabağında gördüm onu. Yenə əvvəlki maşın, yenə əvvəlki asta-asta var-gəl edən adam, amma bu dəfə səsi gəlirdi, bir az utancaq, bir az da işi bilməyən adam kimi ora-bura boylanıb nəsə deyirdi, ya da kimisə çağırırdı. Bir az da yaxınlaşanda təəccübdən gözlərim az qala hədəqəsindən çıxacaqdı. Mikayıl Müşfiqlər, Rəsul Rzalar, Selincerlər, Tolstoylar, Cek Londonlar gördüyüm maşının içində indi növbənöv meyvələr, tərəvəzlər var idi. Gözlərimdəki təəccüb və təəssüfü görən Ədəbiyyat maşınının sahibi bir az da utanmış kimi başını aşağı əyərək "Mən səni başa düşürəm, amma sənin məni başa düşməyin üçün hələ tezdir..." - dedi.

Üstündən illər keçdi, onu başa düşəndə böyüdüyümü hiss elədim. Və bildim ki, ədəbiyyatı meyvə-tərəvəzə dəyişən o adam elə ədəbiyyatın özü idi...

 

 





05.09.2022    çap et  çap et