525.Az

İtaliyada enerji böhranı – Restoranlar şam işığına keçdi


 

İtaliyada enerji böhranı – Restoranlar şam işığına keçdi<b style="color:red"></b>

Rusiyanın Avropaya enerji məhdudiyyətlərindən sonra böhran getdikcə güclənir. Avropada rekord səviyyəyə yüksələn təbii qaz və elektrik enerjisi qiymətləri bir çox ölkədə qənaət tədbirlərini zirvəyə çatdırıb. Xüsusilə Almaniya, Fransa və İngiltərədə qənaət tədbirləri bir-birinin ardınca tətbiq edilərkən, İtaliyada xidmət sektoru üsyan bayrağını qaldırıb.

525.az "The Local"a istinadən xəbər verir ki, Avropa Rusiya-Ukrayna müharibəsi ilə başlayan enerji böhranında yüksək təbii qaz və elektrik ödənişlərini yüngülləşdirməyin yollarını axtarır. Rusiyanın bütün Avropada enerji resurslarının axını dayandırması ilə bir çox ölkədə fövqəladə qənaət tədbirləri görülüb. Elektrik və istilik ehtiyaclarını azaltmaq üçün “Duş qəbul etməyin, kondisionerləri söndürün” kimi şüarları təbliğ edən ölkələrə yenisi əlavə edilib. 

İctimai binalarda və küçələrdə gecə işıqlandırmasını söndürməyə qərar verən Almaniya və Fransadan sonra İtaliyada da iş yerləri bir-bir qaranlığa qərq olmağa başlayıb. Paytaxt Romada rekord elektrik ödənişindən sonra restoranlar şam işığında yemək verməyə başlayıb. Artan elektrik fakturalarına görə, çarəni şam işığında tapan İtalyan restoranları elektrik çeklərini də vitrinlərdə nümayiş etdirirlər. Keçən il aylıq hesablarının 2 300 avrodan 7 500 avroya yüksəldiyini qeyd edən müəssisələr tezliklə qaranlıqda qalacaqlarını bildirirlər. 

Qeyd edək ki, ölkə mətbuatında yer alan xəbərlərə görə, paytaxtda İtaliya saatı ilə 21:00-dan sonra məkanlarda işıqlar sönəcək və şamlar yandırılıcaq.

Məhəmməd Tağıyev

 





05.09.2022    çap et  çap et