Rusiya Federasiyasının Mətbuat və Kütləvi Kommunikasiyalar üzrə Federal Agentliyinin təşkilatçılığı ilə Moskvada gənc qiraətçilərin "Canlı klassika - 2014" Beynəlxalq şeir müsabiqəsinin final mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
İkinci dəfə reallaşdırılan və bu il fevral ayında başlamış müsabiqədə iştirak etmək üçün 26 ölkədən təhsil müəssisələri öz namizədliklərini irəli sürüblər. Bu ölkələrin milli mərhələsinin 78 qalibi beynəlxalq müsabiqənin final mərhələsinin iştirakçısı olub.
Ölkəmizi bu müsabiqədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin musiqi təhsili və incəsənət sektorunun baş məsləhətçisi Mehriban Qurbanovanın rəhbərliyi ilə Emil Zeynalov, Cənnət Qaşqay və Nəzrin Arıxova təmsil ediblər. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən verilən Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxucusu, 160 nömrəli klassik gimnaziyanin 6-cı sinif şagirdi Emil Zeynalov A.P.Çexovun "Peresolil" əsərindən bir parça oxuyaraq final mərhələsinə vəsiqə qazanıb.
Beynəlxalq müsabiqədə birinci yerə Belarus təmsilçisi Viktor Şiman, ikinci yerə Moldova təmsilçisi Olqa Tranda, üçüncü yerə isə Qırğızıstanın nümayəndəsi Marat Uuru Irıskeldı layiq görülüb.
Emil Zeynalova isə müsabiqədəki yaxşı çıxışına görə qızıl medal və qiymətli hədiyyələr təqdim edilib. Digər azərbaycanlı iştirakçılar - Cənnət Qaşqay və Nəzrin Arıxova qiymətli hədiyyələrlə mükafatlandırılıb. Bütün finalçılar üçün mədəni-əyləncəli proqram təşkil edilib. Onlar Robotların balı, Akvapark, Tretyakov qalereyası, Kreml, rəqs edən fontanların sirki, "Mosfilm" və digər yerlərdə ekskursiyalarda olublar.
S.ABDULLAYEV
çap et