525.Az

Gəncədə Nizami Poeziya Günləri ənənəsi bərpa olunur


 

DAHİ ŞAİR VƏ MÜTƏFƏKKİRİN 881 İLLİYİ İLƏ ƏLAQƏDAR SİLSİLƏ TƏDBİRLƏR SENTYABRIN SONUNADƏK DAVAM EDƏCƏK

Gəncədə Nizami Poeziya Günləri ənənəsi bərpa olunur<b style="color:red"></b>

Gəncədə Nizami Poeziya Günləri ənənəsi bərpa olunur.

525.az xəbər verir ki, Nizami Gəncəvi İli kimi tarixdə qalan ötən 2021-ci ildə ölkəmizdə və dünyada dahi şair və fikir adaımımızın yaradıcılığı, irsinin tədqiqi və təbliği ilə bağlı miqyaslı işlər görüldü və möhtəşəm elmi-kütləvi, ədəbi-bədii, mədəni-maarifçi tədbirlər keçirilidi. Təbii ki, Gəncə də öz dahi övladına ithaf olunan ildə bu cür möhtəşəm tədbir və şənliklərə, o cümlədən  müdrik Nizami poeziyasına meydan açmışdı.

Bununla yanaşı, xatırlatmaq yerinə düşər ki, Nizaminin doğma şəhəri Gəncədə hər ilin sentyabr ayında şairin poeziya günlərinin keçirilməsi ənənəsi mövcuddur və vaxtılə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həyata vəsiqə alan bu işıqlı ideyanın tarixi yarım əsri ötüb.

Dünyanı maddi və mənəvi cəhətdən sıxmış məlum və məşum pandemiya səbəbindən bir sıra əlamətdar tarixlərin kütləvi səviyyədə qeyd edilməsinin necə deyərlər, əvəzinin çıxılması zamanı gəlib. Hazırda Gəncənin incəsənət kollektivləri, inzibati və ictimai qurumları növbəti Nizami Poeziya Günlərinə hazırlıqları davam etdirirlər.

Gəncə artıq bir neçə ildir ki, özünün filarmoniyası olan şəhərlər sırasına qoşulub. Bu səbəbdən musiqi kollektivlərinin peşəkar səviyyədə məşq və texniki hazırlıqları üçün də imkanları genişlənib.

“Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının orkestr, ansambl və digər kollektivləri qarşıdakı poeziya və musiqi bayramına ciddi hazırlaşırlar. Nizaminin dühasını, onun bəşəri ideyalarını musiqi sənət əsərlərinin gücü ilə yüksək səviyyədə təqdim edəcəyik” – deyə, filarmoniyanın direkroru Rəşad Yusifov bildirir.

Gəncənin məşhur “Göy göl” Dövlət Mahnı və Rəqs Ansamblı da özünün Nizami ruhlu yeni proqramını təqdim etmək niyyətindədir.

“Nizami Gəncəvinin qəzəllərinni Şur, Rast və digər muğamlarımızla səsləndirəcəyik. Çox geniş repertuar üzərində işlər gedir” – deyə, ansamblın bədii rəhbəri Sahil Quliyev qeyd edir.

Şəhərin teatr kollektivləri də Nizami Poeziya Günlərinə öz töhfələrini verəcək. Gəncə Dövlət Dram Teatrının repertuarında Nizami yaradıcılığının əbədi yer tutduğu hər kəsə bəllidir.  Dövlət Kukla Teatrı isə Nizami Gəncəvinin “Yeddi Gözəl”inin motivləri əsasında yeni quruluşda “Xeyir və Şər” tamaşasını nümayiş etdirəcək.

“Teatrımızın əsas auditoriyası uşaqlar olduğundan, rejissor Fərmail Paşayevin quruluş verdiyi bu tamaşanın əsas qayəsi də xeyir ilə şərin mübarizəsində bütün çətinliklərə baxmayaraq, həmişə sonda haqqın zəfər çalacağı ideyasına onlarda inam yaratmaqdır.  Tamaşada bir sıra yenilikçi priyomlar işlətmiş, həmçinin səhnələrin baxımlı olması üçün rəng çalarlarına xüsusi fikir vermişik” – deyə, teatrın baş rejissoru Şamil Məmmədli qeyd edir.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov isə Nizami Poeziya Günlərinin miqyası və bu çərçivədə keçiriləcək bir sıra tədbirlərdən danışıb.

“Gəncənin Heydər Əliyev Mərkəzində “Ulu Öndərin Nizami Gəncəvinin təbliğindəki izi” adlı çox əhəmiyyətli tədbirimiz baş tutacaq. Ümumən, İyirmi gün ərzində xeyli silsilə tədbirlər keçiriləcək. Bu tədbirlərə ictimaiyyətin geniş təbəqəsi, söz və sənət adamları, incəsənət kollektivləri, məktəblər, muzeylər, Nizami Gəncəvi Məqbərəsi Kompleksi əməkdaşları qatılacaq. Yekun tədbir isə Nizami Gəncəvi Məqbərəsi önündə keçiriləcək” – deyə, o, bidirib.

Nizami Gəncəvinin anadan olmasının 881 illiyi şərəfinə keçirilən silsilə tədbirlərə sentyabırın 10-dan başlanılacaq  və onlar ayın sonuna kimi davam edəcək.

Zakir MURADOV,

Gəncə

 





06.09.2022    çap et  çap et