525.Az

"Bir gün səhər yuxudan oyandım, gördüm səsim yerindədir"


 

Xalq artisti, məşhur diktor Rafiq Hüseynov "Media forum" saytına müsahibə verib. Müsahibəni ixtisarla dərc edirik.

"Bir gün səhər yuxudan oyandım, gördüm səsim yerindədir"<b style="color:red"></b>

- Səhhətiniz necədir?

- İndi yaxşıyam. Təxminin on beş gün əvvəl Türkiyədə dərin hərtərəfli müayinədən keçdim, həkimlər analizlər götürdülər. Xərçəng elə xəstəlikdir ki, bir müddət sonra metastaz verir. Həkimlər məndə metastaz yaranacağından narahat idilər. Şükürlər olsun ki, müayinə analizin nəticələri müsbət oldu.

Kimya terapiyasına görə saçlarım tökülüb. Ümid edirəm ki, yerinə gələcək. Amma saç olmasa da olar. Ölümlə savaşdan sağ çıxan insanın gözünə saç-filan görünmür.

- Hamı sizi ekrandan səsinizə görə tanıyıb. Səsiniz necədir?

- İndi, şükür Allaha, səsim açılıb, özünüz hiss edirsiniz. Amma əməliyyatdan sonrakı altı ay ərzində tamam batmışdı. Güclə danışırdım, danışanda nəfəsim çatmırdı. Türk cərrah demişdi ki, səsin açılacaq. Sözün düzü, artıq həkimin dediklərinə inanmamağa başlamışdım, altı aydır səsim açılmırdı. Bir gün səhər yuxudan oyandım, gördüm səsim yerindədir.

Bilirsiniz, mən çoxlu sənədli film səsləndirirəm. Bu, mənə maddi cəhətdən kömək edir. Heç ucuz qiymətə səs yazdırmıram (gülür). İyunun 10-dan işə başlayacağam, film veriblər, Azərbaycan rus dillərində səsləndirəcəyəm. Xəstəlikdən sonra birinci işimdir. Maraqlı film olmalıdır, böyük filosof Seyid Yəhya Bakuvi haqqındadır.

- Ucuz qiymətə film səsləndirməməyiniz daha çox maddi durumu yaxşılaşdırmaq cəhdindən irəli gəlir, yoxsa hesab edirsiniz səsiniz bahalıdır?

- Ümumiyyətlə, kadr arxasında mətn oxumağı çox xoşlayıram. Kadr arxasında sənin bütün peşəkarlığın, sənətə marağın özünü göstərə bilir. Bir var ekranda çıxış edirsən, səni görürlər, kimsə zahiri görünüşünü, kimsə hərəkətlərini ya səsini bəyənir. Amma kadr arxasında bunları görən yoxdur. Gərək mətni elə çatdırasan ki, tamaşaçı sənə rəğbət bəsləsin, səsinə qiymət versin - budur əsas. Öz qiymətimi bilirəm (gülür), onlar da başa düşürlər ki, Rafiq Hüseynovu elə-belə dəvət etmək olmaz.

- Xəstəliyinizin şiddətli dövründə həkimlərə demisiniz ki, səsimi qaytarın. Həkimlər reaksiya vermişdi istəyinizə?

- Bunu bir neçə dəfə söyləmişdim. Hətta həkimə demişdim səsim mənim çörək ağacımdır. Bilirsiniz, mən hərdən mahnı da oxuyuram, diskim çıxıb. Cərrah özü "Youtube" portalında mahnılarımı tapıb dinləmişdi, deyirdi səsiniz mütləq qayıdacaq. Həkimlər deyirdi səsin düzələcək, niyə bu qədər tələsirsən? Dedim burdan çıxandan sonra dolanmaq lazımdır. Üç-dörd aya açılacaq demişdilər, altı aydan sonra açıldı.

- Həkim qoyduğu müddətdə səsiniz açılmayanda ümidsizliyə qapılırdınız?

- Sözün düzü, ümidimi itirmirdim. Mən cərraha çox inanırdım. O, çox peşəkardır, nəinki Türkiyədə, Avropada məşhurdur, Bakıya da tez-tez məsləhətçi kimi gəlir, konfranslarda iştirak edir. Hər dəfə gedəndə deyirdi, Rafiq bəy, darıxmayın. Amma açılmasaydı da edəcəkdim, ölümdən qurtarmışam, razılaşacaqdım taleyimlə.

- Səsinizə görə yaşadıqlarınızı bir ilahi sınaq kimi qiymətləndirmək olarmı?

- Mən dindar deyiləm, amma ömür boyu bir qüvvəyə inanmışam. O da məni həmişə qoruyub. İnanmışam ki, olsa da, vəziyyətdən çıxacağam. Çünki 13 yaşımdan heç kimin köməyi olmadan özüm pul qazanıb dolanmışam. Tənha bir oğlan idim, özüm özümə yol seçdim, o yolla da getdim. İndi o ilahi qüvvəyə inanıram, bu neməti mənə veribsə, bu tezlikdə ala bilməz axı. Ekrana çıxmıram, yaş o yaş deyil. Həmişə deyirəm ki, aparıcı, diktor gərək tamaşaçının gözü qarşısında, onunla bərabər yaşa dolsun, qocalsın. Onda qırışlarına, saçının dazlığına, bədən quruluşuna fikir verən olmayacaq. Amma 15-20 il fasilədən sonra birdən-birə yenidən efirə çıxmaq düzgün olmaz. Çünki indiki tamaşaçı nəsli məni heç qəbul etməyə bilər. Ona görə mənim üçün indi əsas səsdir.

- Deməli, ilahi sınaqdan çıxa bildiniz...

- Hətta ölümdən qurtardım. Allah neçə il ömür verib bilmirəm, xəstəliyim bir ildən sonra da fəsad verə bilər, on ildən sonra da, fakt odur ki, indi yaxşıyam. Ümidlə yaşamaq lazımdır. Gözümün qabağında 13 yaşlı qızım var. İstərdim onu yerbəyer eləyim, sonra köçüm bu dünyadan.

- Ovqatınız səsinizin durumundan, yoxsa səsiniz ovqatınızdan asılıdır?

- Bəzən səhər oyanırsan, səsin o qədər gözəl olur ki, dərhal veriliş, film versələr, onu məmnuniyyətlə oxuyarsan. Bəzən isə səs daxildən yox, boğazdan yuxarı gəlir. Bunun müəyyən səbəbləri var: baxır gecəni necə keçirmisən, yeyib-içib dostlarla olmusan, yoxsa evdə tək-tənha çay içmisən. Dostum Müslüm Maqomayev deyirdi qəribə işdir, gecə səhərə qədər dostlarla yeyib-içirəm, yuxudan duranda da səsim gur çıxır. Elə gün olur evdən çölə çıxmırsan, amma səhər duranda səsin nasaz olur. Səsin açılması ilə məşğul olmaq lazımdır. Bunun üçün səhərlər bir balaca oxuyuram, mütləq lazımdır. Filmləri günorta, saat birdə-ikidə yazdırmağa başlayıram.

- Səsinizi qoruyursunuzmu?

- Bunu heç vaxt etməmişəm. Mənə həmişə deyirdilər qoz-fındıq yemə, soyuq heç içmə, siqaret çəkmə. Bax, görürsünüz, buz kimi pivə içirəm, bu olmayacaqsa, həyat da bitdi. Yayda sərin pivə içə bilmirəmsə, daha bu həyat oldu?

- Səsinizə arxayınsınız deyə belə eləyirsiniz, yoxsa həyat tərzinizi dəyişmək istəmirsiniz?

- Arxayınlıqdandır. Sizə deyim ki, televiziyaya gələndə səsim heç belə deyildi. Özüm öz səsimi tədricən yatırdırdım, çalışırdım lap bəmdən səsləndirim. Yenə deyirəm, səs boğazdan yuxarı yox, daxildən gəlməlidir. Buna nail olmuşam. Səs formalaşır, müdrikləşir, səninlə birgə həyat keçir.

- Rafiq müəllim, siz ağır xərçəng xəstəliyinə qalib gəlmisiniz. Əməliyyat otağına daxil olanda, əməliyyatdan sonra nələr keçdi gözünüz önündən?

- Həmin anda insan qəribə hisslər yaşayır. Bir dəfə Soçidə dənizdə batırdım. Elə vəziyyətə düşmüşdüm ki, üzüb çıxmaq mümkün deyildi. Dərinə getdikcə bütün həyatım lent yazısı kimi gözümün qarşısından keçirdi. Əməliyyata gedəndə sağ qalacağıma heç bir zəmanət yox idi. Hər əməliyyatda istər-istəməz risk var. Heç bir cərrah deyə bilməz ki, hər şey yüz faiz yaxşı olacaq, alınacaq. Özüm başa düşürəm ki, ciyəri kəsmək, yarısını götürmək zarafat deyil. Ona görə cərrahlara həmişə minnətdar olmaq lazımdır, onlar böyük görürlər. Bu, mənim ikinci əməliyyatım idi. On beş il əvvəl Moskvada öd kisəmi götürtmüşəm. Hamı deyir məndə həyəcan, qorxu hiss olmayıb. Əməliyyata da hamıya əl eləyə-eləyə, gülə-gülə girdim. Bir tərəfdən düşünürsən ki, yaşın çoxdur, ölümdən artıq qorxmursan, ümumiyyətlə, bu hiss məndə tamamilə yox olub. Allahdan yeganə ona görə ömür istəyirəm ki, yaşlı dövrümdə bu uşağı dünyaya gətirmişəm, onun gələcəyini qura bilim. İndi məndə borcumu yerinə yetirmək hissi bütün hissləri üstələyir. Allah ömür versin, qızımı yerbəyer eləyim.

- Həkimlərə həmişə minnətdar olmaq lazımdır deyirsiniz. Əvvəllər həkimlər bu qədər dəyərli idi sizin üçün, yoxsa sizi sağaltdıqlarına görə belə dəyərli olublar?

- Həkimlər mənim tamaşaçılarım olublar. İndi yanlarına gedəndə məni sevir, hörmət bəsləyirlər, xüsusi qayğı göstərirlər, çalışırlar ki, xəstəliyimi tam sağaltsınlar. Bizim Əhliman Əmiraslanov kimi xərçəng xəstəliyi üzrə görkəmli alimimiz var. Mənə qədər qayğı göstərdi, şərait yaratdı. Türkiyəyə getməzdən bütün analizləri burada verdim, o qənaətə gəldilər ki, ciyər kəsilib götürülməlidir. Əsas diaqnozu qoymaqdır. Əvvəl , indi həkimlərə inanmışam. Bəzən indiki həkimləri qınayırlar. Mən daha çox sovet dövründə yetişmiş həkimləri tanıyıram. O zaman da bizim çox dəyərli, görkəmli cərrahlarımız olub. Hamısı ilə verilişlərdə görüşmüşəm, müsahibələr almışam. Topçubaşovun apardığı cərrahiyyə əməliyyatında birbaşa iştirak etmişəm, başdan sonadək əməliyyatdan reportaj hazırlamışam.

- Ömrünüz lent kimi gözünüzün önündən keçəndə "kaş bunu eləməyəydim", "niyə belə elədim", "gərək bunu da eləyəydim" dediyiniz məqamlar çoxmu olub?

- Həyatda heç nəyə təəssüflənməmişəm. Bu, mənim həyatımdır, səhvləri mənimdir, nailiyyətləri . Sözsüz ki, məni sevməyənlər, düşmənçilik eləyənlər olub. Biri paxıllıqdan, o biri xəstəlikdən eləyib. Mənim səsimi qəbul edə bilməyən ruhi xəstələr vardı. Biri televiziyaya gəlmişdi, məni öldürmək istəyirdi. Deyirdi sənin səsin məni hər yerdə izləyir... Amma mənə pislik edənlərin xeyri dəyib, zərbələr yedikcə kişiləşmişəm. Həyat hamar olmamalıdır. Elə vaxt olur fikirləşirsən daha quyunun dibindəyəm, çıxmaq çətindir. Amma çıxmağa çalışırsansa, deməli, mətinləşirsən, güclənirsən, həyata başqa gözlə baxmağa başlayırsan. Heç heyfsilənmirəm, mənə elə gəlir layiqli bir ömür yolu keçmişəm. Bu gün gəlib mənimlə söhbət edirsinizsə, deməli, bu ölkədə az görməmişəm.

- Ölümlə yaşam arasındakı məsafə uzundur?

- Onu heç kəs bilmir. Kimin ağlına gələr ki, 20 yaşında ölə bilər. Mən 17 yaşlı oğlumu itirdim. Universitetin tarix fakültəsinə daxil olmuşdu, heç iki-üç ay oxuya bilmədi. Ölümlə həyat arasında qədər məsafə olduğunu bir Allah bilir.

- Deyirsiniz xəstəlikdən sonra insanların mənə qədər diqqət göstərdiyinin şahidi oldum. Dövlət tərəfindən qayğı gördünüzmü?

- Əgər Heydər Əliyev Fondu başda hörmətli Mehriban xanım Əliyeva olmasaydı, mən ölümdən qurtula bilməyəcəkdim. Çünki o qədər pulum yoxdur ki, bu cür bahalı cərrahiyyə əməliyyatına girə bilim. Çox sağ olsunlar, ömür boyu minnətdar olacağam. Müraciət edən kimi dərhal qərar qəbul olundu, heç əsirgənmədi. Fond bütün xərcləri öz üzərinə götürüb. Heç vaxt o məbləği ödəməyə gücüm çatmazdı. Xəstəxanada yatanda da bu haqda düşünürdüm: 50 il işlə, ağır günündə özünü müalicə elətdirmək üçün pulun olmasın. Düzdür, zaman dəyişib, sovet dövrü olsaydı, bəlkə ucuz başa gələrdi. İndiki zamanda isə bu, mənim üçün çox böyük məbləğdir, heç vaxt gücüm çatmazdı.

 





11.06.2014    çap et  çap et