525.Az

"Vətən, onun dünəni, bu günü və sabahı bütün varlıqların fövqündədir"


 

"Vətən, onun dünəni, bu günü və sabahı bütün varlıqların fövqündədir"<b style="color:red"></b>

Həmsöhbətimiz Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevin fikrincə, onun şüurlu həyatı boyu yaratdığı tək bir kitab var: O kitabın adı BAMF-dır.

 

(Əvvəli qəzetimizin 3 sentyabr tarixli sayında)

 

- Soyuq, qarlı, çovğunlu bir gündə, ermənilər tərəfindən dağıdılmış, viran olunmuş Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində doğulmuşam. Anamdan soruşsanız, o günün mənzərəsini yerli-yataqlı elə təsvir eliyər ki, sanki o gün bu gündür. Sadə, zəhmətkeş ailədə böyümüşəm.

Orta məktəbi öz kəndimizdə bitirmişəm. Təvazökarlıqdan uzaq olsa da, seçilən şagird idim, əla qiymətlərlə oxumuşam. İctimai fəallıq da öz yerində. Bəlkə də ictimai fəallığın bünövrəsi elə o vaxtlardan başlayıb. İşgüzarlıq, zəhmətkeşlik deyəsən, mənim alın yazımdı.

Əslində, bu sualla məndən nə istədiyinizin fərqindəyəm. Aydın məsələdir, uşaq dünyaya gələndə onun doğum şəhadətnaməsində soy-kökdən gələn rəsmi soyadı yazılır. Mən də yaradıcı potensialım üzə çıxana qədər, ilk yazılarım, şeirlərim işıq üzü görənəcən Umud Mirzəyev idim. Ardınca jurnalist, publisist, şair kimi atamın adı yeni imzam oldu, Rəhimoğlu kimi tanındım. Yaradıcı insanlar adətən doğulduğu məkanın adını imzasıyla qoşalaşdırır. Mən ata adıyla tanınmaq istədim. İllər sonra cəmiyyətdə daha çox nəsil soyadımla, Mirzəyev kimi təsdiqləndim. Bu, təbii bir proses idi, BAMF-dakı fəaliyyətim, xarici jurnalistlərlə əlaqələr, beynəlxalq aləmdəki görüşlər Rəhimoğlu təxəllüsünü arxa plana keçirdi. Təbii olaraq xaricə ünvanlanan, beynəlxalq təşkilatlardan gələn müraciətlər rəsmi imza tələb edir. O ki qaldı Umud müəllimə, bu da təmasda olduğum sadə insanların, təşkilatımızda çalışan gənclərin doğma, isti münasibətinin müraciət forması oldu. Hər üç imzada mən elə Umudam və çox xoşdur ki, müxtəlif istiqamətlərdə bu imza altında eyni şəxsin olmasını bilənlər çoxdur.

- Qayıdaq əsas mövzumuza. Kənar baxışlar öz yerində, bu günün Azərbaycan mühitində BAMF-ın yerini necə dəyərləndirərdiniz?

-  BAMF nəinki Azərbaycanda, ümumiyyətlə regionda, post-sovet məkanında əldə etdiyi statusu, həyata keçirdiyi layihələri, proqramları, beynəlxalq əlaqələri, tərəfdaşlar seqmenti ilə yeganədir. Qeyri-təvazökarlıq kimi düşünülsə də, bu istiqamətdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti qurumu olaraq BAMF BMT-nin ən yüksək statusunu qazanan qurumdur. Bizim təşkilat eyni zamanda, həm fəaliyyət istiqamətləri, həm həyata keçirdiyi layihələr, həm də əməkdaşlıq imkanları ilə kifayət qədər fərqlənir.

- Elə məqamlar olubmu ki, başladığınız işi yarımçıq qoyub başqa bir həyat yaşamaq istəyəsiniz? Yəni maneələr, təpkilər, bürokratik əngəllər və sair...

- Sual yenə mənim düşüncələrimi ilk illərə qaytardı. Səmimi sözümdü, bu işə qol qoyanda hər cür çətinlik və maneələrlə üzləşəcəyimi gözə almışdım. Etiraf edim ki, mən çox inadkar insanam. Yanlış anlaşılmasın, yəni yaxşı mənada inadkarlıqdan söhbət gedir. Doğru bildiyim, inandığım yoldan asanlıqla dönmərəm. Qarşıda məni nə gözləyirsə gözləsin.

Təbii ki, o mürəkkəb dövrdə, xaosun hökm sürdüyü zamanda belə bir qurum yaratmaq, onu yaşatmaq çətindən də çətin idi. Əvvəla, maliyyə yox idi. Bu iş istək, tükənməz enerji, ürək yanğısı, eyni zamanda heç bir umacağı olmayan əməkdaşlar tələb edirdi. Normal fəaliyyət üçün məkan yox, şərait yox, necə deyim, yoxdan var olmaq kimi... Yığcam bir komanda ilə gecəli-gündüzlü çalışdım, ailəmlə birlikdə, yaşadığım mənzil demək olar ki, xaricdən gələn qonaqlar üçün bir növ mehmanxanaya çevrildi. Ailəm, azyaşlı uşaqlarım da sanki BAMF-ın üzləri oldular. Həqiqətən dövr, şərait nəzərə alınarsa, belə bir qurumu yaratmaq da, yaşatmaq da fədakarlıq istəyirdi. Mən bu fədakarlığı bilərək, çətinlikləri anlayaraq elədim. İstirahət, məzuniyyət, qohum-əqrəba ilə təmaslar, ailə qayğısı demək olar ki, arxa plana keçdi. Ailəm, yaxın dostlarım ən yaxın dəstəkçim oldu.

Qarşıda kifayət qədər maneələr vardı. Gecələri rahat yatağında, ailəsinin, övladlarının yanında keçirən o qədər tanış-biliş vardı ki, Umuda bəxtəvərlik oxuyan. Mənim bəxtəvərliyim nədən ibarət idi? Dinclik bilmədən qaçqın düşərgələrində, soyuq çadırlarda miskin həyat sürən soydaşlarımızın dərdlərinə ortaq olmaq, gücüm yetdiyi qədər problemlərinin həllinə kömək eləmək, isti ocağından didərgin salınanların harayını, mövcud durumunu dünya ictimaiyyətinə çatdırmaq. Bu insanlar ədalətsizliyin qurbanı idilər və mənim də elim-obam, atam-anam, qohum-əqrəbam onların sırasında idilər. Bəli, mənim həsəd aparılası, bəxtəvərlik oxunası missiyam belə idi. Maneələr, əngəllər, yoluma daş qoymaq istəyənlər də öz yerində. Amma mən qarşıma qoyduğum missiyanı nəyin bahasına olursa olsun yerinə yetirəcəyimə yalnızca ümidli deyildim, heç olmadığı qədər əmindim. Bəlkə yaxşı mənada inadkarlıq da şairlik kimi Allah vergisi idi.

Tutduğum yoldan heç peşman olmadım, peşman deyiləm, maneələr, əngəllər nə qədər yorucu, üzücü olsa da, yolumdan dönmərəm. Ömür vəfa etdiyi qədər dünyada sülh, barış, sabitlik bərqərar olsun deyə bu yolun yolçusuyam. Fəaliyyətə başlayanda "Evdə sülh, ölkədə sülh, cahanda sülh" dedik. Bundan sonra da qarşıya nə əngəllər çıxarsa, mən yenə də böyük mənada o missiyanın arxasındayam. Yəni 30 il əvvəl hansı inamla, hansı tutqu ilə bu fəaliyyətə başlamışamsa, bu gün təşkilat olaraq da eyni şövqlə davam edirik.

- BAMF-ın fəaliyyət dairəsi genişdir, əslində cəmiyyətin dinamikası ilə üst-üstə düşən çoxşaxəli şəbəkəni xatırladır. Bununla belə, təşkilatın Nizamnaməsinə uyğun aydın konturlar göz önündədir. Bunlar dəyişməyən təməl istiqamətlərdir. Birinci istiqamət barədə soruşmaq istərdim: Media və vətəndaş cəmiyyətinin inkişafı. Bu ad dünyada gedən qlobal bir prosesi ehtiva edir. BAMF miqyasında bu istiqamətdə nələri etdiyiniz, ortaya hansı mövqe qoyduğunuz, hansı yekunlara nail olduğunuz barədə söyləyəcəkləriniz maraqlı olardı.

- Media əslində BAMF-ın fəaliyyətinin əsas mahiyyətini təşkil edir. Axı biz mürəkkəb tarixi dönəmdə meydana çıxanda Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq məqsədi güdürdük və əlimizdə olan yeganə vasitə media idi, xəbər idi. Bu gün mətbu sözlə iş bizdə, belə deyərdim, çoxşaxəli xarakter alıb. Əgər ötən əsrin 90-cı illərində qəzet təsis edib yayırdıq, bülletenlər buraxırdıqsa, məhz dövrün sifarişinə uyğun olaraq kitab naşirliyi layihələrimiz bir qədər sonrakı vaxtlara aid edilə bilər. Hazırda "Avrasiya gündəliyi" rəsmi saytımız dörd dildə yayımlanır. Bizim Azərbaycan Mətbuat Şurasında aktiv təmsilçiliyimizi, media problemləri ilə əlaqədar təşkil etdiyimiz tədbirləri, mətbuat konfraslarını, beynəlxalq jurnalistika tədbirlərinə qatılmağı, yenə və indi daha sıx şəkildə xarici media nümayəndələrinin regionumuza səfərlərinin reallaşmasına dəstək verməmizi diqqətə alsanız, işimizin masştabı barədə qismən də olsa fikir yürüdə bilərsiniz. Güman edirəm ki, bu məsələlər üzərinə təkrar-təkrar dönəcəyik. Ona görə də hələlik bu qədər.

- Yeri gəlmişkən, bu günün Azərbaycan reallığında milli mətbuatımızın durumu necə təsir bağışlayır?

- Ümumiyyətlə, son on ildə Azərbaycanda vətəndaş cəmiyyəti qurumlarının və medianın inkişafı ilə bağlı çox ciddi işlər görülüb. Əgər söhbət Azərbaycan daxilindəki fəaliyyətdən gedirsə, qənaətbəxş hesab oluna bilər. Amma medianın ölkədən kənara çıxması, problemlərin beynəlxalq aləmə daşınması baxımından xeyli geridəyik. Bir fikri dönə-dönə təkrarlayıram ki, ölkənin, torpaqların müdafiəsində bu gün Azərbaycan jurnalistləri Milli Ordu, onun əsgər və zabitləri qədər məsuliyyətlidirlər. Jurnalistin silahı onun qələmidir. Azərbaycan mediası öz mövqeyində səngərdəki əsgər qədər ayıq-sayıq olmalıdır və beynəlxalq cameədən gələn bəyənatları, səsləri çox ciddi şəkildə incələyərək vaxtında adekvat cavab verməlidir. Operativlik önəmli faktordur.

- Umud müəllim, siz çap mətbuatının yetirməsisiniz. Hazırda virtual məkan müstəvisi çağlayış, şəlalə, sonsuzluq, hətta bəzən zəlzələ effekti ilə təzahür edir. Bu nə deməkdir? Yoxsa ənənəvi qəzetlərin, jurnalların, hətta kitabların fatihəsi verilir?

-  Elə deməzdim. Print medianın rolu danılmazdır. Yeni texnologiyalar inkişaf etdikcə, bu, daha çox hiss olunur. Düşünürəm çap mediası hələ uzun illər öz əhəmiyyətini itirməyəcək, onun missiyası qalıcıdır. Həm də onun bəlli oxucu kütləsi var.

- BAMF-ın tanınma nişanı əlbəttə ki, adında ifadə olunduğu kimi mətbuatdır. Bu mövzuda hər bir sual mütləq şəkildə yerinə düşür. Amma biz konkret məsələdən - təşkilatınızın fəaliyyət istiqamətlərindən danışırdıq. Sizin fəaliyyətinizin ikinci təməl sahəsi icmanın inkişafıdır. Yenə də ad qlobal səciyyəlidir. Bu problem BAMF alanından necə görünür? İcmanın inkişafı deyilən anlayışın 30 illik tərcümeyi-halı barədə nələri söyləyərdiniz?

- Fəaliyyətimizin böyük bir hissəsi regionda məskunlaşan qaçqın düşərgələri ilə bağlı olmuşdur. Söhbətimizin əvvəlində ümumi şəkildə bu məsələyə toxunduq. Bu sahədə əsas iş onların ehtiyaclarının təmin edilməsi, beynəlxalq qurumlar tərəfindən ayrılan müəyyən yardımların çatdırılması ilə bağlıdır. Azərbaycana gələn jurnalistlərin, xarici qonaqların qaçqın düşərgələrində görüşlərinin təşkili, soydaşlarımızla, onların həyat tərzi, yaşam mücadiləsi ilə tanışlıqlar da bu istiqamət üzrə həyata keçirilib. Beynəlxalq qurumlarlar tərəfindən yönləndirilən yardımlarla bağlı xeyli layihələrimiz uğurla nəticələnib. İlkin mərhələdə təbii ki, ehtiyaclar müəyyənləşdirilirdi. Bir qrupun işsizlik problemi, digərinin dava-dərman, ərzaq və sair problemləri həll olunurdu. Bir müddət sonra, 90-cı illərin əvvəllərindən təhlükəsizliklə bağlı müraciətlər başladı. Bu, daha çox ərazilərin minadan və digər partlayıcı qurğulardan təmizlənməsi ilə əlaqədar idi. Bu istiqamətdə də layihələr həyata keçirildi, təhlükəsizlik tədbirləri ilə bərabər maarifləndirici aksiyalara da başladıq, peşə təlimləri verdik. Həmçinin, qaçqın düşərgələrində məskunlaşan soydaşlarımızın sağlamlığı, məktəb yaşlı uşaqların davamlı təhsilə cəlbi sahəsində də işlər görüldü, layihələr həyata keçirildi. Sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi sahəsində görülən işlər də öz müsbət nəticəsini verdi. Bu və ya digər istiqamətlərdə layihələrimiz davam etməkdədir. BAMF-ın Tərtər regional ofisi hazırda icmanın inkişafı istiqamətində çox önəmli layihələrə imza atır. Layihələr təbii olaraq cəmiyyətdən gələn sifarişlərə uyğun olaraq reallaşdırılır.

- Söhbətimizin gedişindən bəlli olur ki, BAMF-ın "inadkarlığında" qaçqın və köçkünlərin problemlərinin ədalətli çözümü əsaslı rol oynamışdı. Bu sizin üçüncü, bəlkə də əvvəlki iki istiqamətdən daha zəruri olan bir amildir.

- BAMF-ın nizamnaməsində prioritet məsələlərdən biri, qeyd etdiyim kimi, Qarabağ məsələsidir. Azərbaycanın əksər bölgələrində qaçqın-köçkün düşərgələri salınmışdı. Soydaşlarımız zirzəmilərdə, qeyri-insani məskənlərdə acınacaqlı durumda yaşamaq məcburiyyətində qalmışdılar. Aralarında qocalar, xəstələr, körpələr, hamilə qadınlar vardı. Vəziyyəti siz də yaxşı bilirsiniz, çünki sizin də doğmalarınız arasında bu taleyi yaşayan xeyli sayda insan vardı. Belə bir vəziyyətdə bizim borcumuz, vəzifəmiz həm təşkilat, həm vətəndaş kimi daha nə ola bilərdi? Evimizdə heç nə baş verməmiş kimi rahat nəfəs ala bilərdikmi? Bu, nə yerə, nə göyə, nə vicdana sığardı. Soyuq çadırlarda, nəm torpaqda yaşayan "insan ordusu" ilə göz-gözə dayanıb əli-qoynunda, heç bir fəaliyyət göstərmədən ah-vay etməyin, göz yaşı tökməyin nə faydası ola bilərdi? Hərəkət tələb olunurdu. Biz də qolumuzu çirmələdik, qaçqın-köçkün probleminin ardınca getdik. Çox işlər görülüb bu sahədə. Hərdən ilk illəri xatırlayanda özümün də inanmağım gəlmir ki, biz bu qədər işin altından necə qalxdıq. Azərbaycanda "Beynəlxalq Qaçqınlar Günü"nün keçirilməsi təşəbbüsü ilə çıxış elədik. Problemin daim gündəmdə qalmasına cəhd göstərdik, yorulmadan, usanmadan beynəlxalq təşkilatlarla yazışdıq, onların görüş və toplantılarına nail olduq. Cocuq Mərcanlıda, Həsənqayada, Şəkidə, Gəncədə, Şıxarxda baş tutan tədbirlər məhz bu qəbildən idi. Bakı şəhəri də daxil olmaqla ölkənin bütün qaçqın düşərgələrində - Füzulidə, Beyləqanda, Ağdamda, Ağcabədidə, Tərtərdə, Goranboyda, Xocavənddə, Biləsuvarda, Saatlıda, Sabirabadda, Ceyranbatanda və ölkəmizin digər bölgələrində məskunlaşan qaçqın və məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılması, onların gündəlik qida, zəruri geyim və işsizlik problemlərinin həlli üçün dəstək göstərdik. On ilə yaxındır ki, bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Sadaladığım rayonlarda yerləşən qaçqın düşərgələrində demək olar ki, bütün ailələr bizi tanıyır. Həmçinin, xarici jurnalistlərin, tələbələrin, beynəlxalq təşkilatların əməkdaşlarının düşərgələrə səfərlərini təşkil edərək onları oradakı əhalinin gündəlik həyat şəraiti, yaşam tərzi ilə yaxından tanış etmişik. Onlara qaçqın, köçkün həyatının necə ağrılı olduğunu duyurmağa çalışmışıq.

- Umud müəllim, şükürlər olsun ki, ağrılı-acılı keçən 30 ildən sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqın birliyi sayəsində müzəffər Milli Ordumuz zəfər qazandı, erməni vandalları tərəfindən yerlə-yeksan edilən torpaqlarımız işğaldan azad olundu. Düşmən bizə yalnız mənəvi, maddi, fiziki zərbə vurmadı, həm də 30 il ərzində münbit Qarabağ torpağını mina zəmisinə çevirdi. 44 günlük savaş və böyük zəfərdən sonra efirlərdə ara vermədən öz yurduna tələsən əhaliyə xəbərdarlıq edirlər ki, azad olunan torpaqlarımız düşmən tərəfindən minalanıb, hər qarışda təhlükə ilə üzləşmək ehtimalı var. İnsanlardan səbrli olmaq, ərazilərin minadan təmizlənməsini gözləmək xahiş olunur. BAMF 1992-ci ildən bu yana sülhməramlı aksiyalar və konfliktlərin həlli çərçivəsində bir QHT qurumu olaraq Qarabağda ölüm saçan qəlpələri təmizləməklə məşğuldur. Maraqlıdır, bu işin mətbuat fondu ilə nə əlaqəsi?

- Bu sualı tez-tez eşidirəm. Biz mina aksiyasına təsadüfən gəlməmişik. Zənnimcə, bir qədər əvvəl, yəni qaçqınların problemləri ilə bağlı söhbətimizdə bu məsələyə qismən aydınlıq gətirdim. Bir daha təkrar edim ki, bizim fəaliyyət sahəmizin bel sütunu mətbuat olsa da, cəmiyyətdən, xüsusən də bölgələrdən gələn çağırışlar qarşımıza başqa tələblər qoydu. Qaçqın-köçkünlərin problemləri ilə məşğul olarkən, təbii ki, onların təhlükəzliyi diqqətdən kənarda qala bilməzdi. Bu mövcud durumun, reallığın tələbi idi. Təbii ki, biz Azərbaycanda minaların tədqiqatı ilə bağlı regionda həyata keçirilən sorğu layihələrinə qoşulduq. BAMF 2000-ci ildə BMT-nin İnkişaf Proqramının dəstəyi ilə təhlükəli ərazilərin tədqiqinə dair Birinci Səviyyəli tədqiqat, 2002-ci ildə isə Amerikanın Tədqiqat Əməliyyat Mərkəzinin dəstəyi ilə Minaların Mənfi Təsirinin Tədqiqi proqramlarını uğurla həyata keçirmişdir. Birinci Səviyyəli Tədqiqatın nəticəsində minadan zərərçəkmiş 11 rayonda təhlükəli ərazilər dəqiqləşdirilmiş, zərərçəkənlərin statistikası hazırlanmışdır. 2002-ci ildə Yaponiyanın maliyyə dəstəyi ilə 15 nəfərdən ibarət kiçik minatəmizləmə qurupu yaratdıq. Geridə qoyduğumuz 20 il ərzində BAMF-ın İcma Mina Aksiyası komandası Gəncə Beynəlxalq hava limanı, Sevinc qəsəbəsi, Göygöl rayonu Dozular, Topalhəsənli, Quşqara kəndləri, Goranboy rayonu Todan, Mənəş, Börü, Ağcakənd, Tapqaraqoyunlu kəndləri, Tərtər rayonu Həsənqaya, Şıxarx, Qapanlı, Çaylı, Borsunlu, Hüsənli kəndlərində minatəmizləmə əməliyyatlarını uğurla yerinə yetirmiş və son istifadəçiyə təhvil vermişdir. Bu gün həmin ərazilərin bir çoxunda məcburi köçkünlər üçün iri qəsəbələr salınmış, sosial infrastruktur obyektləri tikilmişdir. Statistikaya nəzər yetirdikdə isə İcma Mina Aksiyası indiyədək 1080 ədəd tank əleyhinə mina,1560 ədəd piyada əleyhinə mina, 13.112 ədəd isə Partlamamış Hərbi Sursat (PHS) aşkarlamış və ümumilikdə 92.499,516 kv. metr ərazini mina və MPQ-lərdən təmizləmişdir. Bu da BAMF-ın taleyinə yazılan şanlı bir tarixdir. Belə məqamda yenə "Evdə sülh, ölkədə sülh, cahanda sülh" layihəsini xatırlatmalıyam. Bu, yalnızca bəlli bir dövrü əhatə edən layihə deyil, bu, BAMF-ın əbədi şüarıdır. Minatəmizləmə prosesi də sülhə xidmət edir. BMT-nin beynəlxalq ekspertləri tərəfindən hazırlanmış mina təmizləyən komandamız artıq bu sahədə liderdir və 20 ildir ki, sülhün, əmin-amanlığın bərpasına xidmət göstərir.

- BAMF-ı kadr resursları ilə əlaqədar bir tramplin də adlandırmaq olar. Otuz ildə yüzlərlə gənc insan bu ocaqdan pərvazlanaraq fərqli karyera sferalarında yer alıblar. Amma su gələn arxa yenə gəlir. BAMF yenə də gənclərin ixtiyarındadır. Məncə, təhsil, könüllü gənclərlə iş sizdə beşinci istiqamətdir. Gənclərlə işləmək, onları fəaliyyətə cəlb etmək kimi mürəkkəb işə sizi nə vadar edir?

- Gənclər bu ölkənin sabahı, gələcəyidir. Onlar inkişafda olan Azərbaycan üçün potensial qüvvədir. Universitet gənclərə nəzəri biliklər verir. Elm, bilik təcrübədə sınaqdan keçmədikcə heç bir işə yaramır, təcrübə faydalılıq əmsalını müəyyənləşdirir. BAMF bu gün gənclər üçün təcrübə laboratoriyası rolunu da oynayır. Həm də, sadəcə, Azərbaycanı gənclər üçün yox, eyni zamanda əcnəbi tələbələr üçün. İstər yerli, istərsə də xarici tələbələrin sınaq meydanında bişməsi, püxtələşməsi, seçilən peşənin dərinliklərinə yiyələnməsi üçün istər Bakı, istərsə də Tərtər ofisimizdə kifayət qədər şərait var. 20 il ərzində Amerikadan, Avropa və Şərq ölkələrindən, Afrikadan, ümumiyyətlə dünyanın müxtəlif regionlarından çoxlu sayda gənc bizdə təcrübə keçiblər. Hazırda həmin gənclərin əksəriyyəti nüfuzlu beynəlxalq qurumlarda öz ölkələrinin yüksək dairələrində önəmli işlərdə çalışırlar. Bizdə təcrübə keçən, BAMF-ın qazanında bişən hər bir xarici tələbə öz ölkəsinə Azərbaycan həqiqətlərinin daşıyıcısı kimi dönür. Uzun müddət idi ki, Almaniyanın Tübingen və Fransanın Sarbona universiteti ilə əməkdaşlıq edirdik. Orada təhsil alan tələbələr BAMF-da təcrübə keçmək şansı qazanırdılar. ADA, UNEC, Xəzər və Slavyan universitetləri ilə sıx əlaqələrimiz var və hər il bu təhsil ocaqlarından onlarla tələbə bizim təhsil proqramında iştirak edir. BAMF-ın nəzdində uzun illərdir ki, Beynəlxalq Tələbə Klubu fəaliyyət göstərir. Azərbaycan Diplomatiya Akademiyasında, Bakı Dövlət Universitetində, Xəzər, Slavyan və İqtisad universitetlərində təhsil alan bir çox tələbənin sınaq yolu məhz BAMF-dan keçib. Vaxtilə BAMF-ın əməkdaşı olan gənclər var ki, onlar Azərbaycanın ali orqanlarında, dövlət qurumlarında yüksək vəzifələrdə çalışırlar. Dünya ölkələrində çalışan əməkdaşlarımız da az deyil. Bəli, BAMF gənclər üçün təcrübə bazası olmaqla bərabər, həm də vicdanla çalışan, öyrənən, zəhmətə qatlaşmağı bacaran hər bir gənc üçün sözün həqiqi mənasında əsl tramplindir. Çalışqan, yaxşı mənada inadkar, peşəsini sevən, özünə güvənən sağlam düşüncəli gənclərə BAMF-ın qapıları hər zaman açıqdır.

Yeri gəlmişkən ata olaraq mənə sevinc yaşadan bir məqamı da yubileyimiz ərəfəsində bölüşmək istərdim. Adını çəkdiyim beynəlxalq tələbə klubunun yaradıcısı qızım Aysəba Mirzəyevadır. Məhz onun təşəbbüsü, maraqlı layihələri ilə BAMF tələbə gənclərin sevə-sevə gəldiyi məkana çevrilib. Aysəba hazırda "ƏL-Cəzirə" televiziyasında məsul işdə çalışır və  dünyanın qlobal media strukturu sayəsində Azərbaycanın dünyada tanınmasında kifayət qədər fayda verir.

- Ofisinizdə Nobel mükafatı laureatlarının, dünyada tanınan ictimai xadimlərin, BMT Baş katibinin və digərlərinin ziyarət anlarını əks etdirən fotolar görürəm. Necə olub ki, onlar BAMF-la təmaslara giriblər? Siz buna necə nail olmusunuz? Və bu sizə hansı problemləri, məsələləri çözməkdə kömək edib?

- BMT nümayəndələrinin, qurumun Cenevrə və Nyu York ofisi rəhbərlərinin, QHT bölməsi sədrlərinin, ABŞ Dövlət Departamentinin nüfuzlu üzvlərinin və digər vacib şəxslərin BAMF-la olan dostluq əlaqələri ölkə haqqında təəssüratın formalaşmasında çox önəmli rol oynayıb. BMT-nin ən yüksək statuslu üzvü olmaq bizə beynəlxalq aləmdə ümumi işimizə faydalı olan qapıları açmaq şansını verib. Bu status sayəsində tez-tez BMT-də tədbirlər keçirməyə, haqq səsimizi dünyaya duyurmağa nail olmuşuq. Zamanla belə tədbirlərdə BMT agentliklərində çalışanlarla, qurumun baş katibi və onun müavinlərinə qədər əlaqə yaratmaq, görüşərək mümkün problemi həll etmək, bir sözlə, əməkdaşlıq imkanları yaranıb. Eləcə də dünya liderləri ilə tanışlıq şanslarımız olub. 2016-cı ildə bizim çağırışımızla ABŞ-ın sabiq səfiri Robert Sekuta və BMT-nin ölkə üzrə rezident koordinatoru Qulam İsaqzai Tərtərdə aprel hadisələri zamanı dağıdılmış evlərlə tanış olmaq, qaçqın və köçkün ailələrinə vurulan ziyanı öz gözləri ilə görmək üçün regiona səfər etdilər. Bütün bunların hamısı bizə verilən statusun və qurulan əlaqələrdən yaranan imkanlar idi. Yeri gəlmişkən, onu da deyim ki, hazırda BAMF-ın ən yaxın dostlarından biri Nobel mükafatçısı Məhəmməd Yunusla da BMT-nin ofisində tanış olmuşuq, dostluq münasibətlərimiz yaranıb. Hazırda BAMF-ın iş birliyində olduğu 20-dən yuxarı təşkilat var ki, onlarla əməkdaşlıq memorandumu imzalamışıq. Belə təşkilatlardan biri də dünyanın əlli ən güclü qadınlarından biri Heidi Kühnün yaratdığı, 25 illik fəaliyyət tarixi olan "Sülhün kökləri" təşkilatıdır ki, dünyanın ən aparıcı özəl qurumlarından hesab olunur. Yeri gəlmişkən, bir faktı da diqqətə çatdırım ki, xanım Kühn mart ayında Azərbaycanda səfərdə ikən biz onunla Ağdama getdik. Gördüyüm mənzərəni heç unuda bilmirəm. Heidi Kühn 12 yaşlı şəhid Səxavətin məzarı önündə dizləri üstə çökdü və hüzünlü səslə dedi ki, mən bu gündən sonra Qarabağın gülüstana çevrilməsi üçün çalışacam.          

- Azərbaycanda azsaylı beynəlxalq təşkilatlardan, zənnimcə, ən öndə olanı BAMF-dır ki, onun əlaqə qurduğu uluslararası birliklərin sayı və təmas sıxlığı maksimum səviyyədədir. Təşkilat BMT-nin İqtisadi Sosial Şurasının QHT bölməsinin yüksək statuslu üzvü, Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının, ABŞ Dövlət Departamentinin İctimai-Özəl Tərəfdaşlıq Proqramının, Beynəlxalq Sülh Bürosunun, Beynəlxalq Mətbuat İnstitutunun və onlarca digər qurumların üzvüdür. Bütün bunlara BAMF necə nail olub? Niyə məhz siz, niyə məhz BAMF?

- Bu statuslar illər boyu çəkən davamlı çabalarımızın nəticəsidir. Təsəvvür edin, bəzən aramsız yazışmalardan bezirdik. Niyə? Hətta bir vergül yerində olmayanda sənədlər geri qaytarılır, yenidən tərtib edilir, göndərilir, yenə nələrsə bəhanə gətirilir, təkrar geri qayıdır. Amma biz də  haqqımız olan yerdə geri çəkilmək fikrində deyilik. Nəhayət, iki-üç il sonra istəyimizə çatdıq. 2013-cü ildə General Statusunu almaq çabasında olduğumuz vaxt xəbər gəldi ki, Çin dövləti bizə veto qoyub. Məlum oldu ki, saytda araşdırma aparılarkən Tayvanla bağlı yazıda anlaşılmazlıq var. Sonra Çin rəsmiləri ilə əlaqə yarada bildik, pis bir niyyətimiz olmadığını faktlarla sübut etdik. Nəhayət, 2014-ci ildə çox böyük çətinliklər sayəsində BAMF General statusunu qazandı. Bir məsələni unutmaq olmaz ki, heç nə asan qazanılmır, hər uğurun arxasında böyük istək və zəhmət dayanır. Nələrisə arzulaya, istəyə bilərik, bu işin xəyali, iştahlı tərəfidir, amma əlçatan olması üçün əmək sərf etməli, maneələri aşmalısan. Türklər demiş, heç nə qarşına altun tabaqda qoyulmayacaq. Yeri gəlmişkən, bir haşiyə çıxım. Bir dəfə dostlarla bir arada olarkən BAMF-ın qazandığı uğurlardan söz düşdü. Söhbət ciddi müzakrəyə çevriləndə görkəmli hüquqşünas, siyasətçi, ictimai xadim, dostumuz Aydın Kərimov dedi ki, Umud bizlərdən fərqli olaraq problemin içində yaşayır, problem nə olursa olsun onu özününküləşdirir. Biz olayları müşahidə edirik, Umud onu yaşayır. Etiraf edim ki, onun sözlərində müəyyən dərəcədə həqiqət var. Əlbəttə, əldə olunan nəticələr böyük zəhmətin bəhrəsidir. Üstəlik, mən heç zaman dövlətdən kənarda düşünmədim, ictimai mənafe, dövlət mənafeyi hər zaman şəxsi qayğılarımdan öndə gəldi. Mən buna məcbur deyildim, bəlkə də ilahi qüvvənin təsiri altında ürəyimin dediyi tərzdə hərəkət elədim.

(Ardı var)

 





07.09.2022    çap et  çap et