525.Az

Mixail Qusman Real TV-də - Cahangir Məmmədli yazır


 

Mixail Qusman Real TV-də - <b style="color:red"> Cahangir Məmmədli yazır</b>

Azərbaycan teleməkanında özünün tipoloji xarakteri ilə xüsusi yeri olan Real TV dövlətçiliyə, milli maraqlarımıza xidmətdə böyük tamaşaçı auditoriyası qazanmışdır. Telekanalın rəhbəri Mir Şahin başda olmaqla Real TV-nin  əməkdaşları ardıcıl olaraq gecə-gündüz bilmədən öz yaradıcılıq prinsiplərinə xidmət göstərməkdədir. Uzağa getmədən deyə bilərik ki, təkcə Vətən müharibəsi ərəfəsində və dövründə bu telekanalın əməkdaşları səngərdəki əsgərlərimizin yanından bir an belə geri çəkilmədilər. Əslində Real TV milli tariximizdə görünməmiş qələbəmizin mükəmməl videotarixini yaratmış, bu günümüzün  və sabahın Vətən müharibəsilə bağlı tədqiqatçılarına çox maraqlı arxiv meydana qoymuşdur. Bu sırada Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi ordumuzun döyüş günləri, qələbəyə aparan yol xəritəsi, ordumuzun qəhrəmanlıq səhnələri, Azərbaycan diplomatiyasının beynəlxalq uğurları, müqəddəs Vətən müharibəsində  xalq-ordu birliyi, Azərbaycana mənəvi dəstək  qüvvələrinə minnətdarlıq motivləri, düşmənlərin ifşa edilməsi, xalqa tanıdılması və s. kimi onlarca mövzu dayanır.

Elmi yanaşmada belə bir fikir mövcuddur ki, uğurların qazanılmasında çox şey rəhbərlikdən asılıdır. Bunu Real TV-nin rəhbəri Mir Şahinin timsalında da yaxşı görürük.  Mir Şahin özü jurnalistikada bir məktəbdir və onun  yaratdığı kollektiv də bu məktəbin yetirmələridir. Mir Şahin bütövlükdə Azərbaycanın media məkanında mükəmməl müsahibə ustasıdır. Oxucularımız yəqin ki, onun Ümummilli liderimiz Heydər Əliyevlə, Prezident İlham Əliyevlə müsahibələrini yaxşı xatırlayırlar. Prezident İlham Əliyev, adətən, xalqa deyiləsi sözünü  Mir Şahinə müsahibəsində ifadə etməyi vacib sayır. Çünki Mir Şahin ən görkəmli  liderlərlə müsahibədə sualları formalaşdırmağı, tamaşaçının istəyinə bağlı problemlər qoymağı və ən əsası müsahiblə son dərəcə səmimi olmağı yüksək səviyyədə bacaran ustad jurnalistdir.  Biz bunun sentyabrın 4-də Real TV-nin efirində  təqdim olunan "Böyük söhbət: Mixail Qusman" başlıqlı müsahibədə bir daha şahidi olduq.

Real TV-dəki bu müsahibə hansı keyfiyyətləri ilə maraq doğurdu? İlk növbədə, əlbəttə, M.Qusmanın bütün suallara məmnuniyyətlə və səmimi cavabları ilə. Digər tərəfdən, Mir Şahinin söhbətdən doğan ekspromt sualları ilə.

İlk novbədə qeyd edək ki, M.Qusman əslən bakılıdır və harda lazım gəlirsə, o, Azərbaycanı, Bakını özünə əsl vətən hesab edir. Mir Şahinlə müsahibəsində də xüsusi vurğulayır ki, uzun müddətdir Moskvada yaşasa da, o, heç vaxt bakılı olduğunu unutmur. M.Qusman özünün RTR-dəki "Formula vlasti" proqramında da, yeri gəldikcə Azərbaycan adını məhəbbətlə çəkməkdədir.

Mir Şahinin hər bir müsahibədə sualları ustalıqla formalaşdıran jurnalist kimi M.Qusmanla söhbətində də müsahibə çox maraqlı gələn məsələlər qoydu. Və bu sualların çoxu Qusman şəxsiyyətinə, onun jurnalist peşəsinə bağlı oldu və problemin belə qoyuluşu ilə Real TV-nin tamaşaçısı bir tərəfdən Qusmanın özünə, digər tərəfdən jurnalist peşəkarlığının, xüsusilə müsahibə janrının nəzəri və praktik istiqamətlərinə yaxından bələd oldu. M.Qusman dünyanın bir sıra dövlət başçıları ilə apardığı müsahibələri misal çəkərək jurnalistikanın siyasətdən uzaq olması, tərəfsiz, qərəzsiz mövqedə durması, lakin bununla belə tamaşaçı marağını, ictimai marağı nəzərə alması kimi təcrübə məktəbindən bəhs etdi. Belə məqamlarda Mir Şahinin cavabarası replikaları müsahibi daha dəqiq faktlara və onların izahına sövq etdi. Mir Şahinin ilk sualına diqqət edək: "Mixail Solomonoviç, bəlkə mənim bu sualım o qədər də təvazökar olmaya bilər. Deyin, sizi Bakıda niyə bu qədər sevirlər?" M.Qusmanın bu sual çox xoşuna gəlir və cavabında elə Mir Şahinin onu müsahibəyə dəvət etməsinin bu sevgidən doğduğunu dilə gətirir.

M.Qusman kimi böyük bir jurnalistin "Böyük söhbət"ə dəvət olunması və onun bu dəvəti Bakı sevgisinə bağlı olması ilə əlaqələndirməsi maraqlı bir müsahibəyə səbəb oldu. "Böyük söhbət" anlayışının özü bu məqamda təkcə müsahibənin geniş vaxtı ilə deyil, həm də söhbətin məzmunun böyüklüyünü ifadə edir. Bu söhbətdə jurnalistin və jurnalistikanın ictimai həyatda yeri, Sovet dövrü, müasir dövr jurnalistikasının ümumi, fərqli cəhətləri kimi məsələlərə nəzəri-praktik baxışlar oldu. Maraqlı məsələlərdən biri dövlət başçısının üzərinə düşən məsuliyyət ətrafında qoyuldu və Qusmanın bu istiqamətdə fikirləri konkret liderlərlə bağlı oldu.

Əlbəttə, söhbət Qarabağsız ötüşə bilməzdi. Mir Şahin M.Qusmana Qarabağa, Şuşaya münasibətini soruşur və cavablarda biz müsahibin Azərbaycanın bu regionuna sonsuz sevgisinin şahidi oluruq. M.Qusman Azərbaycanın öz torpaqlarının azadlığı uğrunda apardığı Vətən müharibəsindəki qələbənin mahiyyətini Allaha şükranlıqla dilə gətirir, Prezident İlham Əliyev diplomatiyasının uğurları ilə bağlı fikirlərini xüsusi sevgi ilə söyləyir. Qusman Şuşanı "Rəmzlər şəhəri" adlandırır, əhalinin 95 faizinin azərbaycanlı olduğu Şuşaya Ermənistanın iddiasının mənasızlığını izah edir, qələbə münasibəti ilə Şuşada keçirilən "Xarıbülbül" festivalında qonaq olması ilə fəxr etdiyini bildirir, Şuşanın yenidən necə dirçəldiyindən qürurla danışır.

Sonda "Böyük söhbət" yenə jurnalistikanın problemlərinə qayıdır. Bu yerdə M.Qusman müasir jurnalistlərə əsl dərs ola biləcək çox dəyərli elmi-nəzəri fikirlər səsləndirir və elə ona görə də Mir Şahin onun bu müsahibədəki fikirlərini "master klass" kimi qiymətləndirir. Həqiqətən də "Böyük söhbət" öz məzmunu ilə həm praktik jurnalistlərimiz üçün, həm də jurnalistika təhsili almaqda olan tələbələrimiz üçün əsl "master klass" dərsi kimi əhəmiyyət kəsb edir.

 





07.09.2022    çap et  çap et