525.Az

Liz Trassın qələbəsi nə vəd edir?


 

Liz Trassın qələbəsi nə vəd edir?<b style="color:red"></b>

Böyük Britaniyanın növbəti Baş nazirinin kimliyini müəyyən edən 6 mərhələli partiyadaxili seçki başa çatdı. Böyük Britaniyanın əfsanəvi Baş naziri "Dəmir ledi" ləqəbli Marqaret Tetçerə bənzədilən xarici işlər naziri Liz Trassın qədim Roma imperatoru Yuli Sezarı kürəyindən bıçaqlayan Brutla müqayisə olunan Rişi Sunak üzərində böyük səs fərqi ilə qalib gəlməsi gündəmin əsas müzakirə mövzusudur. Mühafizəkar Partiyasının səsvermə hüququ olan 160 min üzvünün 81.3 min nəfəri Liz Trassa, təxminən 60 mini Rişi Sunaka səs verib. Bununla da Liz Trass Mühafizəkar Partiyasının yeni lideri və Böyük Britaniyanın növbəti Baş naziri olmaq imkanı qazanıb.

Boris Consonun istefasına səbəb olan qalmaqalı meydana çıxaran Rişi Sunakın xarici siyasətinin necə olacağı aydın olmadığı halda, Liz Trassın xarici siyasəti çox aydındır. Rusiya Prezidenti Vladimir Putini dəhşətli diktator adlandıran Liz Trass Baş nazir olacağı halda Putinin Ukraynada strateji məğlubiyyətə uğramasına və gələcəkdə Rusiyanın imkanlarının məhdudlaşdırılmasına çalışacağını bir neçə dəfə bəyan edib. Bu isə o deməkdir ki, Liz Trass Baş nazir olduğu müddətdə Böyük Britaniya Rusiyanın iddialarına qarşı mübarizə aparacaq. İlk öncə Londonun Ukraynaya dəstəyinin davam edəcəyini əminliklə söyləmək olar. Çünki Liz Trass dəfələrlə bəyan edib ki, Britaniya lazım olduğu qədər Ukraynanın yanında olacaq. Liz Trass Rusiyanın Ukraynaya qarşı təcavüzü şidətləndikcə Kiyevə dəstəklərini artıracaqlarını vəd edib.

Ukraynanın azad dünyanın dəstəyilə müharibədə qalib gələ biləcəyinə inanan Liz Trass hesab edir ki, Rusiya Ukraynadan geri çəkilməyənə qədər heç kim özünü təhlükəsiz hiss edə bilməz. Bütün bunlar ondan xəbər verir ki, Böyük Britaniyanın yeni hökuməti Boris Conson iqtidarı kimi Rusiyaya qarşı mübarizənin öncüllərindən olacaq.

Liz Trassın baş nazirliyi dönəmində Britaniyanın Avropa Birliyindən çıxmasına səbəb olan siyasətin davam edəcəyini də əminliklə söyləmək olar. Liz Trass hələ 2012-ci ildə dörd partiya üzvü ilə birgə nəşr etdiyi "Azad Britaniya (Buxovsuz Britaniya)" kitabında Avropa Birliyi ilə bağlı fikirlərini geniş yazıb. Liz Trassın baş nazirliyi dövründə daxili siyasətdə daha az vergi və sosial ödənişlər, daha çox sahibkarlıq azadlığı və azad ticarət prinsipinə əsaslanacaq. Bu yanaşma Tetçerin libertaral iqtisadiyyat siyasətinin təkrarıdır. Liz Trassı bu və digər məsələlərə görə Marqaret Tetçerə bənzədirlər. Artıq yeni Baş naziri "Dəmir ledi 2" adlandıranlar da var. Həm də bu bənzətmə son zamanlar deyil, hələ 2010-cu ildə meydana çıxıb. 2010-cu il seçkiləri ərəfəsində partiya üzvləri ilə görüşdən sonra görüş iştirakçılarından biri mətbuata açıqlamasında "Biz yeni Tetçer gördük" demişdi. Həmin seçkidə xanıım Liz Trass 13 mindən artıq səs üstünlüyü ilə qalib gəlmişdi. Bu dəfə isə o, Rişi Sunaka böyük səs çoxluğu ilə qalib gəldi. İndi yeni Baş nazir Böyük Britaniyanı qalib etməlidir.

 





07.09.2022    çap et  çap et