525.Az

Rusiyanı gözləyən fəlakət - Xaqani Cəfərli yazır


 

Rusiyanı gözləyən fəlakət - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Qərb dövlətlərinin Rusiyaya qarşı sanksiyalarının təsirini müəyyənləşdirmək və onun doğuracağı nəticələrlə bağlı Kremlə hesabat təqdim etmək üçün Mixail Mişustinin göstərişilə məxfi hesabatın hazırlandığı haqqında bir müddət əvvəl yayılmış məlumat təsdiqini tapıb. “Bloomberg” agentliyi Rusiyanın siyasi rəhbərliyi üçün hazırlanmış məxfi heabatı əldə etdiyini bəyan edərək yayımlayıb. Məxfi hesabat hökumət üzvlərinin sanksiyaların təsirilə bağlı açıqlamaları ilə tamamilə ziddiyyət təşkil edir. Rəsmi şəxslərin açıqlamalarında sanksiyaların məhvedici təsir göstərmədiyi qeyd olunduğu halda, hesabatda iqtisadiyyatın əsas sektorları üzrə istehsalın kəskin azalması, ölkədən "beyin axını"nın kütləvi hal alması əksini tapıb.

Məxfi hesabata görə, ABŞ və Avropanın sanksiyalarının təsiri ilə Rusiya uzun müddətli və dərin bir tənəzzüllə üzləşə bilər. Sanksiyaların qalacağı və genişlənəcəyi halda vəziyyətin fəlakətli olacağı qeyd edilir. Hesabat müəllifləri ölkə iqtisadiyyatının gələcəyi ilə bağlı üç ssenari təsvir ediblər. Birinci ssenari sadəcə olaraq siyasi rəhbərliyi qəzəbləndirməmək üçün hesabata əlavə olunmuş yalan məlumatın toplusudur. Digər iki ssenari isə mötədilliyi ilə diqqət çəkir. "Ətalət" ssenarisi ilə Rusiya iqtisadiyyatı 2021-ci illə müqayisədə 2023-cü ildə 8,3 faiz, 2024-cü ildə isə 6 faiz azalacaq. Ən bədbin proqnoz olan "Stress" ssenarisinə görə, 2021-ci illə müqayisədə Rusiyanın Ümum Daxili Məhsulu 2023 və  2024-cü ildə 11 faiz azalacaq. Lakin müstəqil ekspertlər hesabatın gerçəklikləri tam əks etdirmədiyini bildirirlər və vəziyyətin daha pis olacağı ilə bağlı xəbərdarlıq edirlər. Hesabatdakı bir sıra məlumatlar onun gerçəklikləri tam əks etdirmədiyini söyləməyə əsas verir. Məsələn, hesabatda qeyd olunur ki, 2025-ci ilə qədər İnformasiya Texnologiyaları üzrə  200 min mütəxəssis ölkəni tərk edə bilər. Halbuki artıq Rusiyanı 170-200 min İT mütəxəssisinin tərk etməsi ilə bağlı məlumatlar var.

Hesabatda qeyd edilir ki, karbohidrogenlərin hasilatını kəskin ixtisar etmək lazım gələcək. Bu isə daxili qaz bazarını genişləndirmək planlarını təhlükə altına qoyur. Avropanın Rusiya neft məhsullarının idxalını dayandırmaq planları həm də istehsalın kəskin azalmasına, nəticədə daxili bazarda yanacaq qıtlığına səbəb ola bilər. Qeyd edək ki, 2021-ci ildə neft məhsullarının ixracında Avropa ölkələrinin payı 55 faizi olmuşdu. Yəni Rusiya neft məhullarının yarıdan çoxunu ixrac etdiyi bazarı itirmək üzrədir və bu itkinin yerini doldurmaq mümkün deyil. 

Hesabat müəllifləri xəbərdarlıq edirlər ki, dünya iqtisadiyyatı tənəzzülə doğru gedərsə, Rusiya ixracın daha da azalması ilə üzləşəcək. Bu isə ilk növbədə Rusiyanın istehsal etdiyi məhsullara tələbatın kəskin azalmasına və ya tamamilə yox olmasına yol açacaq. Bu vəziyyət Rusiya rublunun ucuzlaşmasına və inflyasiyanın artmasına gətirib çıxaracaq. Rusiya iqtisadiyyatını gözləyən problemlərin biri də idxalla bağlıdır. Komponentlərin çatışmazlığı səbəbindən istehsalın dayandırılması qorxusu mövcuddur. Üstəlik, bəzi ən vacib idxal mallarını əvəz edəcək alternativ təchizatçı sadəcə olaraq yoxdur. Kremlin idxal mallarını əvəz etmək proqramı iflasa uğradığı üçün xarici amillərdən asılılıq kənd təsərrüfatı sektoruna da öz təsirini göstərəcək ki, bu da rusları ərzaq istehlakını azaltmağa məcbur edə bilər.

Hesabatda vurğulanır ki, Qərb texnologiyalarına məhdud çıxış Rusiya Federasiyasının mövcud standartlardan bir və ya iki nəsil geri qalmasına səbəb olacaq. Çünki Çin və Cənub-Şərqi Asiyadan daha az inkişaf etmiş alternativlərə bel bağlamaq məcburiyyətində qalacaq. Rusiyanın xaricdən asılılığı isə bəzi sahələrdə çox böyük səviyyədədir. Məsələn, quşçuluq istehsalının 99, südlük mal-qara istehsalının 30 faizi idxaldan asılıdır. Şəkər çuğunduru, kartof, balıq yemi və amin turşuları kimi əsas məhsullar üçün toxumlar da önəmli şəkildə idxaldan asılıdır. Aviasiyada sərnişin daşımanın 95 faizi xaricdə istehsal olunan təyyarələrin payına düşür. Onların ehtiyyat hissələrinin idxalı mümkün olmadığı üçün həmin təyyarələrin istifadədən çıxması fəlakətli vəziyyət yaradacaq. Rusiyada istehsal olunan dəzgahların yalnız 30 faizi ölkənin özündə istehsal olunur, yerli sənaye avadanlıqlara artan tələbatı ödəyə bilmir. Ən önəmli sahələrdən olan əczaçılıqda fəlakətli vəziyyət yaranacağı hesabatda öz əksini tapıb. Rusiyada istehsal olunanan əczaçılıq məhsullarının 80 faizi idxal olunan xammaldan asılıdır. Hesabatda əksini tapan məlumata görə, 2025-ci ilə qədər SİM kart çatışmazlığı yaranacaq.

Rusiyanın rəsmi qurumları tərəfindən təkzib edilməyən, “Bloomberg” kimi nüfuzlu agentliyin yaydığı məlumat vəziyyətin fəlakət ərəfəsində olduğunu göstərir. Müstəqil ekspertlərə görə, Ukraynaya qarşı müharibə Rusiyada ÜDM-nin 15 faiz azalmasına səbəb olacaq. Bu isə Sovet İttifaqının dağılması zamanı Rusiyanın məruz qaldığı itkidən çoxdur. Sovet İttifaqı dağılan zaman Rusiya ÜDM-nin 14.6 faizini itirmişdi.

Ukraynanın hərb meydanında müqavimətini artırması, əks-hücuma keçməsi müharibənin şiddətlənməsinə səbəb olub. Belə bir vəziyyət isə Rusiya iqtisadiyyatına zərərverici təsirləri artırır. Bütün bunlar Rusiyanı gözləyən fəlakətin miqyasını təsəvvür etməyə yetərlidir.

 

 





08.09.2022    çap et  çap et