Bu ilin yanvar-avqust ayları ərzində nəqliyyat vasitələrinin özəlləşdirilməsindən dövlət büdcəsinə daxil olan vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 dəfə artıb.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov 525.az-a açıqlamasında bildirib ki, hərraca çıxarılan avtomobillərin sayının artması ilə bərabər məbləğin də artması iqtisadiyyatın dayanıqlılığı ilə bağlıdır:
"İqtisadiyyat artdıqca və əhali sayı çoxaldıqca nəqliyyat vasitələrinə tələb də artır. Hərrac zamanı müxtəlif hüquqi və fiziki şəxslər müəyyən məbləğlər təklif edir və müvafiq şəkildə uyğun məbləği təklif edən şəxs avtomobili almaq hüququ qazanır. Eyni zamanda qeyd etmək lazımdır ki, dövlətin ekoloji təmiz nəqliyyat vasitələrinin istismarını artırmaq üçün müəyyən proqramları var. Düşünürəm ki, bu proqramlar əsasında dövlət qurumlarında istismarda olan və yaxud da istismara gətiriləcək yeni avtomobillər əsasən ekoloji cəhətdən təmiz avtomobillər olacaq. Bu səbəbdən də köhnəlmiş avtomobillərin hərrac vasitəsilə satılması məqsədəuyğundur".
Qeyd edək ki, ümumilikdə nəqliyyat vasitələrinin özəlləşdirilməyə çıxarıldığı 29 hərrac keçirilib. Hərraclara çıxarılan 721 nəqliyyat vasitəsindən 375-i satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur.
Aytac Sahəd
çap et